İsa Qəmbər və İqbal Ağazadə niyə düz gəlmir?
Müxalifət 15 il qabaqkı oktyabr hadisələri ilə bağlı özünü ifşa edib

Cahan.info xəbər verir ki,
Müsavat Partiyasının başqanı Arif Hacılı və Ümid Partiyasının sədri İqbal Ağazadə bir-birini ittiham ediblər.

İnternet televiziyalarından birində baş tutan debatda bir-birini təhqir ediblər. Debat 2003-cü ilin prezident seçkiləri mövzusuna həsr olunub.İqbal Ağazadənin 15 və 16 oktyabrda baş verən hadisələrlə bağlı bəzi açıqlamaları Müsavat başqanının narazılığına səbəb olub.

İ.Ağazadə bu açıqlamalarında məğlubiyyətə görə məsuliyyəti İsa Qəmbərin üzərinə qoyub: “Mitinq günü İsa Qəmbərə 4 dəfə zəng etdim ki, meydana gəlin. O gəlmədi. İlk üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə gedir”.

Ümid Partiyasının sədri daha sonra bildirib ki, seçki günü Müsavat Partiyasının qərargahının qarşısında toplaşmaq planı olmayıb, buna İsa Qəmbər icazə verməklə, iqtidarın əks-hücumuna şərait yaradıb və beləliklə də, məğlubiyyətə yol açıb: “…15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi.

Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. Mənim xəbərim olmadan planlar oldu, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar…”.

Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb. A. Hacılının “səviyyəsiz” replikasına əsəbləşən İ.Ağazadə onu qorxaqlıqda, 16 oktyabrda mikrofon gətirmək adı ilə meydandan qaçmaqda ittiham edib…

Ümid sədrinin ən diqqətçəkən ittihamları isə 15 oktyabrda gecə həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olan Məhərrəm Əliyevin kabinetində İsa Qəmbəri təhqir edərək oradan qovması və Arif Hacılının seyfindəki pulları qadınların alt paltarında qərargahdan çıxarması haqda olub.

O, AXCP sədri Əli Kərimlini Azərbaycan müxalifətini parçalayan şəxs adlandırıb: "Əli Kərimli birliyə gəlmədi də. 15 il öncə Əli Kərimli müxalifəti bir olmağa qoymadı. Başqa vaxt deyirlər ki, müxalifət bir olmalıdır, bəs o zaman niyə bir olmadız?

Əli Kərimli bilirdi ki, əsas müxalifət İsa Qəmbərdir, ancaq o gedib Etibar Məmmədovun yanında dayandı. 2003-cü il bir olmaq üçün ən yaxşı dövr idi, nəyə görə şərt irəli sürürdü? Yanında olan adama deyə bilmirdi ki, gəl bir olaq?"

2003-cü il oktyabr hadisələri son dövrlər haqqında ən çox yazılan hadisələrdəndir. Amma o hadisələrin görünən tərəfləri ilə yanaşı görünməyən mühüm tərəfləri də var. O hadisələr yalnız Xalçaçılıq Muzeyinin qarşısındakı, Azadlıq meydanındakı və ətrafındakı küçələrdəki hadisələrlə məhdudlaşmır.

Əsas variantlardan biri ondan ibarət idi ki, oktyabrın 16-da İsa Qəmbərin qərargahı Ümid Partiyasının qərargahına köçməli idi. İsa Qəmbər orada oturmalı idi. Kütləvi aksiyaların da mərkəzi kimi Ümid Partiyası və onun ətrafı nəzərdə tutulmuşdu.

Davamlı kütləvi aksiyalar Azadlıq meydanı və ya Xalçaçılıq Muzeyinin qarşısında yox, Nərimanov rayonu ərazisində mərkəzləşdirilməli idi. Hətta İsa Qəmbərin mühafizə qrupunun rəhbəri oktyabrın 16-dan bir neçə gün əvvəl Nərimanov rayonunun ərazisində olmuş, oranın sxemi çəkilmişdi.

Lakin oktyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında insanların toplanması və hakimiyyət qüvvələrinin ora sərt müdaxiləsi plana müəyyən korrektələr gətirdi. İsa Qəmbərin hansısa aksiyanın qarşısında durub ona rəhbərlik eləməsi əvvəldən gündəmdə deyildi.