Qaşıqçının qanı və azərbaycanlı qrant dilənçiləri - Ələkbər Əliyevin yazısı


Xaşoggi (Türkiyə və Azərbaycan mediası onu Qaşıqçı kimi təqdim edir-müəllif.) cinayəti ilə başladıq, onunla da davam edək. Səudiyyə Ərəbistanının rəsmisi, İstanbuldakı konsulluq binasında, jurnalisti öldürdüklərini etiraf edib. Müasir gəncliyin sözü olmasın, dünya “popkornlarını hazırlayıb”, Qərbin reaksiyasını gözləyir. Əli popkornlu adam sayına görə, Rusiya şübhəsiz liderdir. Ruslara lap çox maraqlıdır – ABŞ-ın dünyaya ixrac etdiyi dəyərlər, 110 milyard dollarlıq silah-sursat satışı müqaviləsini üstələyəcək, ya yox? ABŞ və Avropa Birliyi Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcəklərmi?

 

Axı bir yanda Skripal və qızının zəhərlənməsi cinayəti var. Deyilənə görə, ikisi də sağdır. Bu cinayət, mənə görə tam bir müəmmadır və bir çox sual hələ də açıq qalır. Dünyaya iki gülməli kişi nümayiş etdirildi, axıra qədər də bilinmədi ki, bunlar kimdir – agent, biznesmen, yoxsa məşuq? Amma Rusiyaya qoyulmayan sanksiya qalmadı, o boyda ölkəni urvatdan saldılar.

 

Səhv başa düşülməsin, Rusiyanın tərəfini tutmuram. Maqnitski aktından Krıma qədər - Rusiyaya qoyulan sanksiyaların, mənə heç bir isti-soyuğu yoxdur. Burada söhbət ikili standartlardan gedir. Qaldı ki, Rusiyaya qoyulan sanksiyalar, azərbaycanlı ixracatçılara sərf edirsə, deməli, sanksiyalar nə qədər gec götürülsə, bizim üçün o qədər yaxşı.

 

Birini qoyub, birinə keçirəm, bu yaxınlarda Erkin Qədirlinin Meydan.Tv-yə verdiyi müsahibəyə baxdım. Emin Milli çox çalışırdı ki, qərəzli görünməsin. Hər dəfə, istədiyi cavabı eşitmədikdə qıvranır, hövsələsi daralırdı. İstəyirdi Erkin həyasızlıq eləsin, “tayfa-klan rejimi”ndən danışsın, məsələn, iki ağız “Azadlıq” qışqırıb, yumruğunu havaya qaldırsın. Elə danışsın ki, elə bil bu dəqiqə Şimali Koreya kimi bir ölkədən qaçıb gəlib, orda on ildən artıq əmək düşərgələrində olub və indi, Praqadakı Azərbaycan səfirliyində başının kəsilməsindən qorxur.

 

Mənə elə gəldi ki, Emin Milli Xaşoggi cinayəti kimi bir cinayətin Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyində, bilavasitə fövqəladə və səlahiyyətli səfirin iştirakı ilə, baş verməməsinə çox təəssüf edir. Belə bir şey olsa, Azərbaycan da gündəmə gələr, Avropada qrant dilənən yetimçələrə diqqət artardı. Xəbərlər gəzir ki, azərbaycanlı QHT dinozavrları qrant uğrunda bir-birlərini boğazlamaqdan həlak olublar. Fondlar da naz edir, pul vermək istəmirlər, “bir-bir gəlin” deyirlər, bu qırılmış da bir deyil, iki deyil. Hamıya nətəhər çatdırsınlar?

 

Ona görə də, Erkin Qədirli ilə Emin Millinin söhbəti alınmırdı. “Tələsən yerimiz yoxdur”, “hazırda bu hakimiyyətə alternativ görmürəm” deyən Erkin Qədirli, sərfəli müsahib deyildi.

 Musavan.com

Ələkbər Əliyev, Zürix

Tarix: 22-10-2018, 07:45
Xəbəri paylaş





Xəbər lenti