“REAL”-“Yurd”savaşı: “Siyasi mübarizə”də ifşa mərhələsi


“REAL”-“Yurd”savaşı: “Siyasi mübarizə”də ifşa mərhələsi

Respublikaçı Alternativ Partiyası ilə “Yurd” sədri Əli Kərimli arasında “siyasi mübarizə” adlandırılan  savaş nəhayət ki, açıq müstəviyə keçib.  

Artıq İlqar Məmmədov və “yurd”çular bir-birinə qarşı açıq ittihamlar yağdırır. İlqar Məmmədov Milli Şuranı heç bir siyasi əhəmiyyəti olmayan mitinqlər keçirdiyinə görə tənqid edib.  REAL sədrinin fikrincə, Milli Şuranın aksiyaları davamlı deyil,  mövsümü xarakter daşıdığı üçün  normal siyasi proses sayıla bilməz. Ona görə də konkret nəticə göstərə bilməyən müxalifətçi  siyasətə təsərrüfat fəaliyyəti kimi baxmamalı, fəaliyyətinə xitam verməlidir. Əlbəttə,  İlqar Məmmədov Əli Kərimli və Milli Şuranın adını birbaşa çəkməyib. Amma onun jurnalist Sevinc Osmanqızına verdiyi müsahibədə “Yaxşı, seçki olmasın. Bəs onda biz insanları nəyə çağırmalıyıq?”,-deyə sual etməsi Milli Şuranın boykot siyasətinin müxalifətə ziyandan başqa hər hansı təsir imkanının olmadığını  göstərmək məqsədi daşıyır. Məhz bu səbəbdən də REAL lideri  “Yurd” sədrinin siyasətçi kimi öz vəzifəsini yerinə yetirə bilmədiyini belə əsaslandırıb: 

“Əgər sən siyasətçisənsə, insanları konstitusion bir prosesə çağırmalısan. Konstitusion prosesdən milləti faydalanmağa çağırmalısan. Əgər sən siyasətlə məşğul olmursansa və öz məqsədlərin üçün başqa üsullardan istifadə edirsənsə, onda bunun adı siyasət deyil, silahlı mübarizədir. Biz onu aparmayacağıq. Bu, bizim prinsiplərə ziddir. Kim istəyir getsin, silahlı mübarizə ilə məğul olsun. Siyasətçinin borcu insanları seçkiyə səfərbər etmək, əgər yaxşı nəticə veribsə, nəticələrin qorunmasına səfərbər etməkdir. Qoruya bilirsə, bilir, bilmirsə, deməli nəyisə düzgün etmir. Burada özünütənqid də mühüm rol oynayır. Əgər biz görsək ki, seçkidən sonra insanları səfərbər edib öz səslərini qorumağa nail olmadıq, deməli, biz nəyisə səhv etmiş olacağıq. Deməli, ya çəkilib duracağıq kənarda, ya da iş qaydalarımızı dəyişməyə çalışacağıq. Siyasətçinin bundan başqa vəzifəsi yoxdur”.

Bununla da İ.Məmmədov onu Ə.Kərimli ilə birləşdirən ortaq maraqların olmadığını bildirib. Səbəb aydındır. Əli Kərimli başda olmaqla Milli Şuranın seçkiyə münasibəti REAL-çıların mövqeyi ilə üst-üstə düşmür. 

Milli Şuranın keçirdiyi mitinqlər əslində siyasi effekt verməyib və vermir.  “Məhsul” stadionunda payız və ya yaz aylarında  “şənbə çağırışlarına” cəmiyyət soyuq reaksiya verir. Aksiyalara qatılanlaırn sayı hər dəfəsində Milli Şuranın öz gözləntisindən də dəfələrlə az olur. Ona görə də bir mövsümdə nəticə əldə edə bilməyən Milli Şura rəhbərliyi  ya sosial şəbəkələr vasitəsilə təkbaşına çıxışlara üstünlük verir, ya da “bəlkə də qaytardılar”a ümid edərək bahar və payız aylarını gözləyir.  Lakin son illərin təcrübəsi  aksiyalara marağın azalmasının Azərbaycan cəmiyyətində ənənəvi müxalifətə ümidin tamamilə itməsi ilə bağlı olduğunu təsdiq edir. Əslində, bunu  Əli Kərimli də etiraf edir. Sadəcə, “Yurd” rəhbəri Milli Şuranın mitinqlərinə olan inamsızlığa görə günahı cəmiyyətin öz üzərinə yıxmaqla məsuliyyətdən yayınmağa çalışır. Əli Kərimlinin məntiqinə görə, aksiyaların kütləvi alınmaması müxalifət adına iddia edən bu qüvvələrin deyil, xalqın günahıdır. Ancaq “Yurd” sədri növbəti açıqlamasında yürütdüyü siyasi fəaliyyətin bəhrəsiz olduğunu etiraf edib:  

“İnsanlarda məyusluq var. Biz də qəbul edirik ki, uzun illər aparılan mübarizə arzuladığımız nəticəni verməyib. Ona görə də insanlarımız haradansa kənardan gələn səsləri dinləməyə, yoxlamağa meyillidirlər”. 

Milli Şuranın yalnız aksiyaları deyil, həm də hakimiyyət uğrunda mübarizə taktikasının da iflasa uğradığını görmək olar. Çünki Milli Şura mitinqləri  təşkil edə bilməməklə yanaşı, seçki prosesində də “taym –aut” vəziyyətinə düşür. Seçkiləri boykot taktikası heç bir nəticə verməyib. Seçkilərdə iştirak da uğur gətirməyib. Ona görə də siyasi dalana dirənən Milli Şura yalnız mövsümü mitinqlər keçirməklə vaxt qazanmağa, yəni ömrünü uzatmağa çalışır. 

İlqar Məmmədov isə Milli Şuranın bu cür fəaliyyətini “aqronomluq”  adlandırıb. REAL sədri açıq şəkildə uğur  qazana bilməyən Əli Kərimlini siyasət meydanından  çəkilməyə çağırıb: 

“Aksiya mövsümə bağlı olmamalıdır. Payız aksiyaları, mart aksiyaları, yaz aksiyaları. Biz ağacdan alma dərmirik, meyvə dərmirik. Biz aqronom deyilik. Biz siyasi partiyayıq. Biz görməliyik ki, hər hansı konstitusion proses var və onun adı seçkidir. Bu seçkiyə insanları əvvəlcə səfərbər etmək lazımdır. Əvvəlcə səs verməyə, ondan sonra isə ehtiyac yaranarsa, səslərin qorunmasına. Belə kütləvi aksiyalarda biz iştirak edə bilərik. O cümlədən, təkbaşına, yaxud digər siyasi partiyalarla. Bunu mən istisna etmirəm. Amma mövsümü aksiya deyilən şeylər heç bir siyasi və hüquqi prosesə bağlı deyil.  Sosial şəbəkələrdə bəzi adamlar  yazırlar ki, payız aksiyalarına başlamaq lazımdır, yaz aksiyalarına başlamaq lazımdır. Biz aqronomiya iləmi, kənd təsərrüfatı iləmi məşğuluq? Bizim mövsümümüz seçkidir. Bizim mövsümümüz havanın dəyişməsi deyil”.

İlqar Məmmədov konkret ad çəkməsə də, onun  Milli Şuranın heç bir siyasi effekt verməyən, daha çox mövsümü xarakter daşıyan mitinqlərinə işarə etdiyi açıq görünür. Çünki  Əli Kərimli bu yaxınlarda verdiyi müsahibələrindən birində “Ötən il sentyabr-oktyabr aylarında ardıcıl mitinqlər keçirdik. İnsanlar meydanlarda idi. Bu ilin yazında da mitinqlərimiz davam etdi”  söyləmişdi. İndi İlqar Məmmədov “Aksiya mövsümlə bağlı olmamalıdır”deməklə  Əli Kərimlinin və Milli Şuranın taktikasının səhv olduğunu  vurğulayır.    
Əli Kərimlinin tərəfdarları isə İlqar Məmmədovu onun  həbsdən  buraxılmasını tələb edən Milli Şuranın aksiyalarını gözdən salmaqda və siyasi nankorluqda ittiham edirlər. Deməli, REAL liderinin atdığı daş hədəfə dəyib. Artıq  bu iki siyasi təşkilat arasında ilk gündən gözlənilən qarşıdurmanın getdikcə dərinləşdiyini görmək olar. Əli Kərimlinin çevrəsi də REAL Partiyasının funksionerlərinin  hakimiyyətin maraqlarına xidmət etdiyini deməklə İlqar Məmmədovun Azərbaycan siyasiətinə sürpriz gətirəcəyi barədə fikirlərin əsassız olduğunu isbat etməyə çalışır.  Xalid Bağırovun müxalifəti “sürü” adlandırması, Erkin Qədirlinin hakimiyyətə gəlməyə hazır olmadıqları barədə fikirləri, İlqar Məmmədovun  “yeni müxalifət, yeni lider” tezisi əslində bu siyasi təşkilatın da  real siyasi mübarizəyə hazır olmadığını ortaya qoyur. Milli Şuranın düşdüyü  siyasi dalandan çıxa bilmədiyini qeyd etdik, lakin  İlqar Məmmədovun bəyanatındakı “real müxalifətçilik” elementləri  də Erkin Qədirlinin açıqlaması ilə bir araya sığmır. “Məhsul ” stadionundakı mövsümü mitinqlərin yaratdığı siyasi süstlükdən yorulmuş protest elektoratın bir sıra nümayəndələri İlqar Məmmədovun liderliyi ilə müxalifətdə renesans  baş  verəcəyi barədə təbliğatın əslində, siyasi illüziyadan başqa heç nə olmadığını görməkdədir.  Qarşı duran tərəflər indidən növbədənkənar parlament seçkilərində nüfuz savaşı aparır. Ancaq ortada nə növbədənkənar seçkilərlə bağlı qərar var, nə də hər iki tərəfin qələbə şansı. Reallıq ancaq bu iki qüvvənin cəmiyyətin gözləntisini doğrulda bilməməsi səbəbindən meydan çəkilməsi ola bilərdi ki, siyasi eqo buna imkan vermir.  

Bütün bunları nəzərə alaraq  həm Milli Şura, həm də REAL Partiyasının əslində mövcud olmayan siyasi fəaliyyətinin yalnız imitasiya xarakteri daşıdığını əminliklə demək mümkündür. (Cebhe.info)


Tarix: 22-10-2018, 21:55
Xəbəri paylaş





Xəbər lenti