UĞURSUZLUĞUMUZUN SƏBƏBLƏRİ - Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib

 Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərəbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir? Bu sualın bir və yeganə düzgün cavabı var:
Seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.
Azərbaycan müxalifəti dinc-demokratik (qeyri-zorakı) mübarizə apardığını iddia edir. Ciddi şəkildə təhlil etdikdə aydın olur ki, müxalifətin böyük əksəriyyətinin bu cür yol seçməsi ona görə deyil ki, kifayət qədər silahı olmasına baxmayaraq bundan imtina edir, sadəcə ona görə imtina edir ki, silahı və gücü yoxdur. Bu da zahirdə dinc, batində zorakı mübarizə əhvalı doğurub ki, hakimiyyətə münasibətdə dinclik, özünə münasibətdə zorakılıq dilemması ilk növbədə müxalifətin özünün məhv olmasına gətirib çıxarıb. Yəni Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib.
Buradan da sual doğur. Müxalifət necə özünü məğlub edə bilər?
PSİXOLOJİ ZORAKILIQ - BİRLİKDƏN QAÇIŞ
Azərbaycanda demokratiya yoxdur və partiya çoxunluğu demokratiyanın göstəricisi ola bilməz. Demokratiya yoxdursa, mübarizə demokratiya uğrunda və klassik demokratik prinsip və dəyərlərin formal olaraq hamısına əməl edilməsinə ehtiyac olmadan aparılmasını tələb edir ki, bu üsulun adı qeyri-zorakı müqavimətdir.
Bu gün demokratiyaya təhlükə həm iqtidardan, həm də çox partiyadan (çoxpartiyalılıqdan yox) gəlir. XX əsrin məşhur fransız politoloqu Moris Dyuvrje “Siyasi partiyalar” adlı kitabında yazır: “Demokratiyanı partiyalı rejim yox, onların daxili quruluşlarındakı istiqamət təhdid edir: təhlükə partiyaların mövcudluğunda deyil, onların zaman-zaman əldə etdikləri hərbi, dini və totalitar təşkilatlanma tipindədir”. Beləliklə, aydın olur ki, iqtidardan demokratiyaya gələn təhlükə iqtidarın mahiyyəti - onun anti-demokratikliyi, müxalifətdən gələn təhlükə müxalifətçiliyin forması –müxalifətin daxili qurulmasında yol verilən qüsurlarla bağlıdır. Buradan da “Azərbaycan siyasi pariylarının daxili qurulşunda demokratiyanı təhdid edən meyllər nədən ibarətdir və bu meyllər nədən yaranır” sualına cavab vermək lazım gəlir.
UĞUSRSUZLUQ BATAQLIĞI
Dağlıq Qarabağ probleminin 30 ildən artıqdır ki, həll edilməməsi və bu sahədə ciddi bir nailiyyətin əldə edilməməsi milli səviyyədə nailiyyətsizlik sindromunu meydana çıxarmışdır, hansı ki, bu sindrom iqtidar və müxalifətdə fərqli əlamələtlərlə təzahür edir. Azərbaycan iqtidarı uzun illərdir ki, bu sindromun təsiri altında daxili münasibətlərdə sanksiyalaşmamış zorakılıq siyasəti – repressiya siyasəti həyata keçirir, müxalifət isə bu zorakılıq şəraitində heç bir ciddi siyasi nailiyyət əldə edə bilmədiyindən ikiqat nailiyyətsizlik sondromu yaşadığından, son illər sürətlə psixoloji zorakılıq mərhələsinə qədəm qoymuşdur. Xüsusən hakimiyyətdən devrilmiş revanşist qüvvələrində təbii olaraq revanşizmin mahiyyətindən doğan psixoloji zorakılığa meyli üç qat özünü göstərir.
Psixoloji zorakılığı tətikləyən digər amil ictimai rəydir. Moris yazır: “Xalqın iradəsi ciddi şəkildə anarxistikdir: o özünə xeyirli, ağıllı gələn hər şeyi etmək istəyir. O şüuaraltı olaraq hakimiyyətə zəruri şər kimi baxir və onun hakimiyyət qarşısındakı instiktiv davranışı - müqavimətdən ibarətdir”. Odur ki, vətəndaşların özlərinin passivliyindən doğan problemlər də iqtidarın adına yazılır. İqtidar bütün ictimai problemlərin tək və yeganə baiskarı kimi təsəvvür olunur. Halbuki ictimai şəraitin formalaşmasında iqtidar yanlış idarəetmə seçməsinə görə və xalq mütiliyinə görə bərabər ölçüdə məsuliyyət daşıyır.
Son vaxtlar blogerlərin apardığı təbliğat kampaniyasına qoşulan vətəndaşların hakimiyyət dəyişikliklərinin üsyan yolu ilə mümkün olması ilə bağlı çağırışları, müxalifətdən üz döndərməsi əslində ictimai rəyin psixoloji zorakılığından xəbər verir, hansı ki, xalqda bu rəyi formalaşdıran əslində yalnız müxalifətin uğursuzluğu yox, həm də milli səviyyədə Qarabağ probleminin həllindəki uğursuzluqla bağlıdır. Buradan aydın olur ki, əslində Qarabağ cəbhəsində uğurun əldə olunmamasının yaratdığı uğursuzluq sindromu daxili mübarizədə ictimai rəyi zorakılığa doğru meylləndirmişdir. Nəzərə alsaq ki, Azərbaycanda hakimiyyət həqiqətən bütün şərlərin mənbəyidir, onda xalq nəinki inistiktiv olaraq, hətta şüurlu olaraq bu şərə qarşı müqavimət göstərmək istəyir. Amma bunu aşkar etməyə gücü çatmadığından, psixoloji səviyyədə müqavimətə cəhd edir ki, bu da psixoloji zorakılığa səbəb olur.
Nailiyyətsizlik sindromu uzun müddətli fəaliyyətin nəticəsində heç bir nailiyyət əldə edilmədikdə fəaliyyət göstərən qrupların düşdüyü vəziyyəti izah edən elmi-sosioloji termindir. Naaliyyətsizlik sindromunun aşağıdakı əlamətləri vardır.
1. Öz içində düşmən ovu: Bu sindromu yaşayan qüvvələr öz nailiyyətsizliklərinin səbəbini qarşı tərəfdə yox, özü ilə ciyin-ciyinə mübarizə aparan qüvvələrdə görürlər. Bu gün iqtidar Qarabağın azad edilməməsində müxalifəti, müxalifət isə iqtidarı ittiham edir. Halbuki Qarabağın işğaldan azad edilməməsinin səbəbi Rusiyanın və bəzi Qərb ölkələrinin Ermənistanı açıq şəkildə iqtisadi, siyasi, hərbi və maliyyə tərfdən dəstəkləməsi, bunun əksinə Azərbaycan iqtidarının öz ərazilərini hərbi yolla azad etməyə imkan verməməsi, beynəlxalq hüququn öz güçünü itirməsi, super-güclərin regional münaqişələrdən öz təsir dairələrini genişləndirmək üçün istifadə etmələri ilə bağlıdır. Burada nə iqtidarın, nə də müxalifətin heç bir ciddi günahı yoxdur.
Yaxın tariximizdən hamıya məlumdur ki, Kommunist Partiyası qalib gəldikdən sonra xalqa vəd etdiyi xoşbəxt gələcəyi verə bilmədikdən sonra, uğursuzluq sindromu yaranmış, nəticədə xalqa qarşı müxtəlif bəhanələrlə nəhəng represiyyalar aparmışdır. Dünyada ilk konslager Leninin təşəbbüsü ilə yaradılmış, Stalin dönəmində xalq düşməni isterikasi hakim olmuşdu. Bu repressiyalar yalnız opponentlərə qarşı yox, hər şeydən əvvəl və daha amansız olaraq öz silahdaşlarına doğru yönəlmişdir. Dünyada Kommunist Partiyası kimi ikinci bir partiya tapmaq mümkün deyil ki, kütləvi şəkildə partiyadaxili (sonra da xalqdaxili) düşmən ovuna çıxsın. İran inqilabı da eyni sindromu yaşamışdır. Xomeyninin hakimiyyətə gəlməsində müstəsna xidməti olmuş ayətulla Müntəzirinin, Şəriərmədarinin və digər din xadimlərinin və partiyaların ictimai həyatdan təcrid edilməsi bunun əlaməti idi.
2. Birlikdən qaçış: Nailiyyətsizlik sindromunu yaşayan qüvvə özünü digər qüvvələrdən tədric edir, destruktiv kult formalaşdırır, üzvlərinin şüuruna və davranışlarına total nəzarət etdirir. Öz üzvləri üçün xüsusi davranış modelləri, düşüncə tərzi, reallığa yanaşma qaydaları müəyyən edir, hansı ki, bir qayda olaraq həqiqətin təhrif edilməsi və yanlış davranışlar doğurur. Bunu belə bir məntiqə əsaslanır: Eyni addımı biz atırıqsa düz, siz atırsınızsa səhvdir”. Azərbaycan hakimiyyətinin xaricdə Azərbaycanı bütün dünyadan tədric etməsi, daxildə özünü digər siyasi qüvvələrdən tədric etməsi bununla bağlıdır. Buna paralel Azərbaycan müxalifətində də özünütədric prosesi sürətlə inkişaf edir ki, bu da “QÜVVƏLƏRİN BİLƏŞMƏMƏSİNİN” tək və yeganə səbəbidir. Yəni bu gün ona görə müxalifət biləşmir ki, liderlər birləşməyə can atır, amma bu alınmır, əksinə ona görə müxalifət biləşmir ki, nailiyyətsizlik sindormunu yaşayan liderlər bu sindromun təsiri altında destruktiv kult yaradaraq özünütədric yolu tuturlar və hər bir lider birləşmənin əleyhdarı kimi çıxış edir. Və bu zaman birləşmədən imtina əks tərəfləri əsassız itihamlarla əsaslandırılır. Halbuki, gətirilən arqumentlərin heç biri əslində həqiqəti ifadə etmir. Yeganə həqiqət nailiyyətsizlik sindromunun yaşanmasıdır.
Destruktiv kult - tərəfdarlarının üzərində tam nəzarətə malik - “şüurlara nəzarət”edən - bir nəfər və ya kiçik bir qrupun avtoritar idarə etməsini özündə ifadə edən anlayışıdır. Bütün müxalif partiyaları tərk edənlərin öz liderlərinin ünvanına səsləndirdiyi təkbaşına, yəni avtoritar idarəçilik ittihamının da əsasında bu durur. Liderlərin özünütədric siyasəti tərafdarları arasında xüsusi təbliğat işinin aparılmasını tələb edir ki, bu da sosiologiyada beyinlərin yuyulması adlanır. Bu anlayış şüurlara nəzarət anlayışına sinonim kimi də işlədilir. Əgər biz diqqət etsək, görərik ki, destruktiv kulta daxil olan insanların heç birinin öz xüsusi mövqeyi yoxdur və onlar yalnız tutuquşu kimi liderlərini yamsılayırlar.
Qeyd edim ki, Azərbaycan iqtidarında da eyni səbəblərdən paralel olaraq destruktiv kult formalaşdırılmış, xalq üzərində total nəzarət yaradılmış və dünyadan, o cümlədən daxili siyasi güclərdən özünütədric yolu tutulmuşdur.
PSİXOLOJİ ZORAKILIĞIN TƏZAHÜRİ
(Ardı var)
Sərdar CƏLALOĞLU
Tarix: 23-10-2018, 15:40
Xəbəri paylaş





Xəbər lenti