Qarabağ: Ağ Ev “topu” Rusiyaya ötürdü


Qarabağ: Ağ Ev “topu” Rusiyaya ötürdü

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrlərinin bəyanatları və qurumun hazırkı fəaliyyəti Azərbaycanı heç bir halda qane edə bilməz. Digər tərəfdən, həmsədr dövlətlərin göstərdiyi ikili münasibət heç də beynəlxalq hüquq normalarına uyğun deyil. Məsələn, Fransa prezidenti Emmanuel Makronun Qafqaza səfərində əvvəlcə Bakıya gələcəyi deyilsə də, sonradan səfər baş tutmadı. Amma münaqişə tərəflərinin birinə səfər edən prezident ATƏT-in Minsk qrupunda təmsil olunduqlarını xatırlayıb ən azı balansı qorumaq üçün Bakıya gəlməli idi. Heç olmasa, siyasi nəzakət xətrinə Makronun Azərbaycan səfəri reallaşa bilərdi. Amma Fransa bir daha ermənipərəst mövqeyini açıq  göstərdi.

Həmsədr ölkələrdən Rusiya da təbiidir ki, öz maraqlarına uyğun davranır. Rusiya Ermənistanın faktiki rəhbəri Nikol Paşinyanı nəyəsə məcbur etmək istəyəndə Azərbaycanın xeyrinə bəyanat verir, əks halda isə Ermənistana dəstək çıxışları sərgiləyir. Rusiya ikili standartlarını birbaşa, açıq şəkildə göstərir.

Digər həmsədr ölkə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qarabağla bağlı mövqeyini isə öz diplomatları ifadə edir.  ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik deyib ki, ABŞ-ın indiki administrasiyasında Qarabağ məsələsinə maraq göstərilmir. Uorlik bildirib ki, Rusiya etimad mühitinin yaradılmasına cəhd edir və Ağ Ev də bu yolu tutmalıdır:

"Son administrasiya bunu başlatmışdı, ancaq indikilərdə Qarabağ məsələsinə maraq görmürəm". 

O, eyni zamanda, qeyd edib ki, indiki həmsədr ən yaxşı halda səfir postuna layiqdir: 

“İndiki zamanda sülhməramlıların necə olacağına dair müzakirələrə imkan olduğunu düşünürəm”. Bütün bunlar ATƏT-in Minsk Qrupundan imtinanı və ya həmsədr ölkələrin dəyişdirilməsi məsələsini bir daha gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, hazırkı həmsədr ölkələr - Rusiya, ABŞ və Fransadan imtina etməli, Almaniya və Türkiyə ATƏT-in Minsk Qrupuna daxil olmalıdır. Bu dəyişiklik Qarabağ münaqişəsinin ədalətli həllinə aparan yeganə yoldur.

Baş verənləri “Cümhuriyət” qəzetinə şərh edən hərbi-siyasi ekspert Üzeyir Cəfərov ABŞ-ın Qarabağı Rusiyaya “satdığını” deyib:

“Bir müddət bundan əvvəl BMT-nin tribunasından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox maraqlı bir fikir səsləndirdi. Çox təəssüf ki, bu fikirlər siyasilər tərəfindən dəstəklənmədi və mətbuat da bunun üzərindən keçdi. BMT-də Təhlükəsizlik Şurasının yenidən qurulması və yeni üzvlərin daxil olması məsələsinin üzərinə gedən olmadı. Çünki BMT TŞ-nin 5 daimi nümayəndəsi bu gün faktiki olaraq, öz hegemonluğunu davam etdirir. Hegemonluq isə ondan ibarətdir ki, özlərinə sərf edən məsələni ciddiyə alır, əks halda isə sükutla üzərindən keçirlər. ABŞ Qarabağ məsələsini Rusiyaya həvalə etməyib, birbaşa “satıb”. Ceyms Uorlikin Qarabağın ABŞ-ın gündəmində olmaması fikrini bir müddət öncə də demişdi. Ermənistanda baş verən son hadisələrin fonunda ATƏT-in Minsk Qrupunun fəaliyyəti ümumiyyətlə, dayandırılmalı və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilməli idi. Çox təəssüflər olsun ki, bu gün Rusiyanın hikkəsi, Ermənistanın özbaşınalığı və Türkiyənin bu məsələdə o qədər də prinsipial mövqe tutmaması vəziyyəti indiki hala gətirib. Türkiyə bizə dost, qardaş ölkədir. Ərdoğan dünya liderləri ilə daha çox görüşür. Türkiyə böyük ölkədir, NATO dövlətidir. Onun Qarabağ məsələsində təsir etmək üçün daha çox imkanları, riçaqları var. Amma çox təəssüflər olsun ki, hələlik sadəcə bəyanatla kifayətlənirlər”.

Qarabağ məsələsində həmsədr dövlətlərin fəaliyyətinə toxunan Üzeyir Cəfərov onlardan nəsə gözləməyin mənasız olduğunu deyib: 

“Fransa öz işini görür. Bizim Makrondan heç bir gözləntimiz olmamalıdır. Tramp isə ABŞ tarixinin ən qeyri-ciddi prezidentidir. Ondan da heç nə gözləmək olmaz. Trampın missiyası yalnız Rusiyaya sanksiya tətbiq etməkdən ibarətdir. Putinin səhhətində çox ciddi narahatlıq var. O, artıq özünə varis də müəyyənləşdirib. Heç kimə sirr deyil ki, Putin özündən sonra Rusiyaya rəhbərliyi hazırkı müdafiə naziri Sergey Şoyquya vermək istəyir. Putin üçün Qarabağ məsələsi alver predmetidir. Hələlik Paşinyanın  “ipini yığmağı” bacarır. Lazım olanda “ipini buraxır”,  lazım gələndə səsini kəsir. Əslində biz də ermənilərin  “ipini yığmalıyıq”. Onlar artıq həyasızlığın ən yüksək pilləsinə çatıblar.  Ermənistan Qarabağ üzərində hava məkanında təxribatlar aparır, Azərbaycanın əleyhinə hədyanlar səsləndirir. Bütün bunların qarşısı alınmalıdır. Əgər alınmayacaqsa, sabah “üç bacı”-Rusiya, Fransa və ABŞ Azərbaycana xoş münasibətdə olmayacaq”.

“Onlar vicdanını itirmiş şəxslərdir”

 Üzeyir Cəfərov vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri beynəlxalq hüquqa məhəl qoymurlar: 

“Beynəlxalq hüquq işləmir. Azərbaycan prezidenti bunu dəfələrlə deyib. Beynəlxalq hüquq işləmədiyi üçün qəribə vəziyyətlə üz-üzəyik. Baxın, artıq 3 həftədir ki, səudiyyəli jurnalist qətlə yetirilib, ABŞ işə qarışıb, Türkiyə məsələni nəzarətində saxlayır, amma hələ də bu məsələyə aydınlıq gətirilməyib. Yəni, bu özü BMT-nin baş katibi Antonio Quterreş üçün rüsvayçı durumdur. BMT-də yenilənmə aparılmalıdır. Bunlar bir daha sübut edirlər ki, ATƏT-in Minsk Qrupunu hazırlayan komandadan heç nə gözləməyə dəyməz. Keçmiş həmsədrlər indi nağıl danışırlar. Baxın, bu həmsədrlər Qarabağ məsələsinə görə özlərinə nə qədər var-dövlət yığıblar. Kaspirşikin, Metyu Brayzanın və digərlərinin keçmiş və indiki şəkillərinə baxın, görün, nə qədər “şişiblər”. Onlar vicdanını itirmiş şəxslərdir. Ona görə də biz Makrondan, Trampdan heç nə gözləməməliyik. Bu məsələdə maraqlı olan və Azərbaycana qarşı son dərəcə qeyri-səmimi münasibət göstərən Rusiyadır. Onlar da mövcud sanksiyaların qarşısında çox duruş gətirə bilməyəcəklər. İnanıram ki, yaxın zamanlarda Rusiya məcbur olub Qarabağ məsələsində irəliləyişin olmasına şərait yaradacaq”.  

Vilayət Muxtar
Cebhe.info

Tarix: 23-10-2018, 19:43
Xəbəri paylaş





Xəbər lenti