UĞURSUZLUĞUMUZUN SƏBƏBLƏRİ - Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib - II HİSSƏ

 Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərəbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir? Bu sualın bir və yeganə düzgün cavabı var: Seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib)
PSİXOLOJİ ZORAKILIĞIN TƏZAHÜRİ
Psixoloji zorakılığın aşağıdakı əlamətləri vardır:
1. Qeyri-etik davranış: Psixoloji zorakılığın birinci təzahüri qeyri-etik davranış və küçə ritorikasıdır. Bu, son aylar Azərbaycan siyasi həyatı üçün xarakterik olmayan “söyüşlə mübarizə” və ya “söyüş müharibəsi”(soyuq müharibənin oxşarlığı kimi) sosial şəbəkə mübarizəsində xüsusən ayrı-ayrı blogerlərin apardığı siyasi təbliğat işində özünü xüsusilə qabarıq göstərir. Bu sindrom Azərbaycan ictimai-siyasi həyatında çox təhlükəli proseslərin baş verdiyini sübut edir. Azərbaycanda siyasi ritorikada söyüş YAP tərəfindən başladılmış, sonra AXCP və digər müxalif güclər tərəfindən tətbiq edilmişdir. İndi az qala hər partiyanin öz “söyüş briqadası” vardır. Sosial şəbəkələrdə bəlli bir qrup bir neçə saxta anketlə ancaq opponentləri söymək, təhqir etmək, böhtan və şaiyə yaymaqla məşğuldur. Bu cür insanlara öz iradələrini siyasi dillə ifadə etməyə imkan verilmir. Buradan da sual meydana çıxır: “Söyüş müharibəsi” niyə və nə üçün meydana çıxıb və bu mübarizə cəmiyyətə nə vəd edir? Bəri başdan deyim ki, “söyüşlə mübarizə” həm də xarici xüsusi xidmət orqanları (separatçıların apardığı müharibə) tərəfindən təşkil edilib. Bu insanlar könüllü şəkildə psixoloji zorakılığın genişlənməsinə və daha çox insanın bura qoşulmasına xidmət edirlər.
Bu sirr deyil ki, özünü müstəqil şəxs kimi təqdim edən blogerlərin əksəriyyəti bu və ya digər siyasi qrupun tribunsaını təşkil edirlər. Siyasi qürupların siyasi bloger xidmətindən istifadə meyli destruktiv kult üçün vacib olan şüurlara nəzarəti təmin etməyə xidmət edir. Bəzi liderlərin məhz sosial şəbəkələrdə - qapalı qruplar - dostluqlar yaradaraq, həmin qrup üzvləri ilə apardığı siyasi işin mahiyyəti də məhz şüurlara nəzarəti həyata keçirməyə xidmət edir. Qeyd edim ki, bundan fərqli olaraq açıq qruplarda belə iş həyata keçirmək mümkün deyil.
2. Total nəzarət - DMDE modeli: Azərbaycan iqtidarı açıq şəkildə cəmiyyətə total nəzarət etdiyini elan edib. Bu da hakimiyyətin totalitar mahiyyəti ilə bağlıdır. Son illər müxalifətdə də üzvlər üzərində total nəzarət cəhdi meylləri müşahidə olunur. Total nəzarət öncə şüurlara nəzarətdən başlayır. Şüurlara nəzarət xüsusilə onda dağıdıcı xarakter alır ki, onun köməyi ilə insanın müstəqil düşünməsi və fəaliyyət göstərməsi imkanları aradan qaldırılır. İnsan robota çevrilir. Destruktiv kultda şüura nəzarət xüsusilə fərdin həqiqi şəxsiyyətinin məhv edilməsinə - onun davranışlarına, fikirlərinə, emosiyalarına, kult liderinin obrazına oxşar -onun ikincili obrazının yaradilmasına istiqamətlənir. Nümunə kimi məşhur tarixçi alim, kifayət qədər sanballı ziyalı olan Cəmil Həsənlinin Milli Şuraya daxil olduqdan sonra düşdüyü vəziyyəti göstərmək olar. Belə qruplara daxil olan istənilən layiqli insan qısa müddətdə, belə demək olarsa, ləyaqətini itirir və mənsub olduğu kultun əsirinə çevrilir. YAP-ın bəzi liderlərinin televiziya çıxışlarında H.Əliyevə xas hərəkətləri təqlid etmələri, onun kimi danışmaq üçün rola girmələri və hətta özlərini ona oxşatmaları məhz bununla bağlıdır. Şüura kult nəzarəti tabeçiliyin mükafatlandırıldığı və həvəsləndirildiyi sosial təşkil olunmuş işdir. Bu cür qrupa daxil olanlar üçün seçim azadlığı olmur. Maraq yalnız qrupun qəbul etdiyi doqmalar - ehkamlar olur. Məsələn, “filan lider həqiqi müxalifət, filan lider satqındır”, “Biz düz, qalan hamı yanlış yoldadır”, “Biz haqlı, başqaları haqsızdir” və s. Bu cür qruplarda reallığın şəklinin təhrif edilməsinə xidmət etməyən hər şeydən imtina edilir. Belə ki, başqa bir lederin haqlı olduğunu demək qrupa xəyanət, satqınlıq kimi dəyərləndirilir.
Qeyd edim ki, İslam dininin bütün təriqətləri də məhz destruktiv kult əsasında mövcuddur. Belə qruplar o zaman yaranır ki, lider qrupun üzvlərini aldatmaq, onların fərdiliyini və azad iradədən məhrum etmək üçün qeyri-məhdud hakimiyyətdən istifadə edir. Şüurlara nəzarətdə məqsəd tərəfdarlarını asılı, tabeçilik vəziyyətində öz ətrafinda saxlamaqdır. Destruktiv kultun dörd növü müəyyən edilmişdir. Dini və ya mənəvi qrup, siyasi qrup, kütləvi psixoterapiya qrupu və kommersiya qrupu. Biz burada ancaq siyasi qrup haqqında qısa şəhr vermək istəyirik.
Destruktiv kult DMDE modelini yaradır və inkişaf etdirir. Bu model davranış, məlumat, düşüncə və emosiya dördlüyündən ibarət xüsusi tərbiyyə sistemidir.
DMDE modelində davranışa nəzarətin əsas əlamətlərindən biri, yuxarıda qeyd etdiyimiz kimi, qrupun eyni davranışlar nümayiş etdirməsidir. Bu indoktrinasiya (daxili doktrinalara əsaslanmaq) və qrup ritulları ilə həyata keçirilir. Məsələn, bir başqa partiya mitinq təşkil edirsə, destruktiv kult öz üzvlərinə o mitinqdə iştirak eməyi qadağan edir. Yəni qrup üzvləri bir və eyni hərəkəti etməyə məcbur edilir. Mitinqlərdə qrup üzvlərinin hamısından lideri alqışlamaq tələb olunur və s. Azərbaycanda mitinqlərin gedişində kimlərin bu üsulu tətbiq etdiyi hamıya məlumdur.
Məlumata nəzarətin əsas üsuluna məlumatın lazım olan istiqamətdə təhrif olunması, xalis yalan və düzgün məlumatın gizlədilməsi - özü haqqında neqativ məlumatın gizlədilməsi, başqası haqqında pozitiv məlumatın qəsdən təhrif edilməsi və heç bir əsası olmayan məlumatlar yaymaq - aiddir. Son vaxtlar bu üsul sosial şəbəkə istifadəçiləri üzərində nəzarət işində geniş tətbiq edilir.
Düşüncəyə nəzarətdə əsas üsul reallığın qrup sxeminin reallığı kimi qəbul etdirilməsidir. Bu nə deməkdir? Hər hansı bir lider ictimai-siyasi reallığı öz maraqlarına uyğun sxematik təsvir edir. Nəticədə həqiqi reallıq əsasında təhrif olunmuş reallıq təsəvvürü meydana çıxır. Üzvlər bu cür reallığı həqiqi reallıq kimi qəbul edir. Məsələn, bir partiya seçkilərdə iştirak və ya iştirak etməmək haqqında qərar qəbul etdikdən sonra, başqalarının bu qərarın əleyhinə atdığı bütün addımlar xəyanət kimi dəyərləndirilir, halbuki, bəzən özünün addımları elə məhz ümumi işə xəyanətdən ibarət olur.
Emosional nəzarətin üsulu qrupun üzvündə elə bir hissiyyat yaratmaqdır ki, o, həmişə düşdüyü problemin səbəbkarı kimi özünü görsün, nəinki qrupu və ya onun liderini. Belə halda hər bir üzv yanlış yolda olan liderin alovlu təbliğatçısına və müdafiəçisinə çevrilir, hətta bütün günahları öz üzərinə götürməyə hazır olur. Belə hallarda liderlər qrupu çox asanlıqla bataqlığa sürükləməyə müvəffəq olur.
3. Zorakı metodların işə düşməsi: Siyasi destruktiv kult olan qrupda repressiv qərarlar qəbul etmək (müxtəlif cəza tədbirləri və ya partiyadan qovmaq), arzuolunmaz şəxsin başqalarından zorakılıqla təcrid edilməsi və məhv (ya fiziki və ya da mənəvi) edilməsi həyata keçirilir. Milli Şuradan ayrılanlarla bağlı Milli Şura üzvlərinin apardığı təbliğat bunun klassik nümunəsidir. Bu cür qrupun lideri özünün yaratdığı və ya ona yaxın olan müstəqil mətbuat vasitələrinə ciddi nəzarət edir. Siyasi destruktiv kultun ən radikal forması terrorçu qruplar kimi meydana çıxır. Əgər terrorçular fiziki məhv etməklə “lazımsız” adamları aradan götürürsə, siyasi destruktiv qrupda bu üsul mənəvi terror kimi həyata keçirilir. Arzuolunmaz şəxsin şəxsiyyəti alçaldılır, onun imici korlanır, ictimai rəydə onun haqqında yalan məlumatlar yaymaqla onu ictimai dəstəkdən məhrum edirlər. Bu üsul FETÖ-nun PKK-nın, İŞİD-in, mafiyaların, bəzi cinayətkar qruplaşmaların, o cümlədən Azərbaycanda iqtidar partiyasının və bəzi müxalif partiyaların fəaliyyətində daha qabarıq özünü göstərir.
Müasir dövrdə Azərbaycanda siyasi blogerliyin əsas hədəflərindən biri öz ətrafinda destruktiv qrup formalaşdırmaqdır. Məhz buna görə, bütün blogerlər və onların tərəfdarları opponentlərinə qarşi təhqir, söyüş, əsası olmayan yalanlar, böhtanlarla mübarizə aparırlar.
Buradan aydın olur ki, əslində “təhqir” destruktiv qrupun əlindəki mənəvi silahdır, hansı ki, bəzən terrorçuların əlindəki silahdan daha ağır nəticələrə gətirib çıxarır.
Bəs destruktiv kultun təsirinə kimlər düşür? Əslində blogerlərin fəaliyyəti aşkar və kütləvi olduğundan onların təbliğatına eyni anda hamı, istənilən insan və münasibət məruz qalır. Lakin o insanlar destruktiv qrupa qoşulur ki, onlar öz şüurlarına özləri nəzarət edə bilmir, yəni azməlumatlı (biliksiz və ya savadsız) olurlar, başqalarının fikirlərinin təsirinə tez düşürlər (müxtəlif komplekslərə malik olurlar), müstəqil əqli mühakimə apara bilmirlər və iradəcə zəif olurlar. Belə insanlar istənilən şeyə bağlılığa meylli olurlar. Biz bunu sosial narkomaniya kimi də təyin edə bilərik. Sosial nakomanlar - beyinləri yuyulmuş insanlar - reallığı dərk etmək imkanından məhrum olur və öz irreal təsəvvürlərini - lideri, qrupu, özü haqqında uydurulma, əsassız təsəvvürlərini tək bir reallıq kimi qəbul edirlər.
3. Yalan istehsalı: Destruktiv kult yaradanlar qrupun üzvlərini aldadır, onları özündən asılı edir və başqalarından tədric edir. Belə qrupların liderləri rola girir və tərəfdarlar rolla reallığı bir-birindən ayıra bilmir. Özündən başqa qalan qrupların yanlış yolda olduqlarını idda edir, üzvlərdən şagird münasibəti, müəllim-tələbə münasibətinə uyğun münasibət tələb edirlər. Başqa qruplara arxa çevirməyi, daha çox öz qrupu ilə vaxt keçirməyi, gizli ünsiyyət vasitələrindən istifadə, psixoloji şantaj, təhdid edən öncəgörənlik, maddi dəstək, sonra da maddi tələblər və s. FETÖ və vəhhabilər hətta ailə instituna da nəzarət edir, üzvlərin yalnız təriqətin müəyyən etdiyi şəxslərlə ailə qurmasına məcbur edirlər. Destruktiv kult üzvlərin davranışlarına nəzarət edir. Bunun üçün yalnız qrupa xas davranış modelləri hazırlayır, başqa davranışlardan çəkindirir. Məsələn, “hamı qum saatı çəksin” (bloger N.Cəfərov), “hamı işığı söndürsün” (bloger Q.Məmmədov) və s.
4. Dissonansdan qaçma cəhdi: Destruktiv kultun təsiri ilə insanın davranışları dəyişildikdə onun fikirləri və hissləri də dəyişir, bu dissonansın minimuma enməsi ilə nəticələnir. Dissonans - psixologiyada insanın davranışları onun öz əqidəsinə, inanclarına zidiyyət təşkil etdiyi vəziyyəti ifadə edən termin kimi işlədilir. Dissonans vəziyyəti insanda ciddi əzab yaradır. Bu gün Azərbaycan müstəqilliyi və demokratikləşməsi ideyasını dəstəkləyən müxalif qüvvələrin böyük kəsiminin müstəqilliyə və demokratiyaya xələl gətirən davranışlar nümayiş etdirmələri dissonans vəziyyətinə düşdüklərini sübut edir. Doissonans daxili əzab yaratdığından, insan dissonans vəziyyətdən qaçmağa, onu aradan qaldırmağa cəhd edir. Psixologiya sübut edib ki, insanın davranış, düşüncə və hissiyyatlarından biri dəyişildikdə dissonansı aradan qaldırmaq üçün digərləri də dəyişilir. Bu zaman insanlar maraqlarına xidmət edən davranışlarını dəyişdirmək əvəzinə, həyatlarının ali ideallarını, əqidələrini dəyişməyə üstünlük verirlər.
İndi hakimiyyət uğrunda mübarizə hər cür müstəqillik, suverenlik, demokratikləşmə, mili həmrəylik və s. kimi ümumi ideyaları arxa plana salıb. Buna görə də müstəqilliyə və suvernliyə real təhdid yarandıqda belə, özünü istiqlalçı adlandıranlardan səs çıxmır.
Bu meylin əsas aşağıdakı üsülları vardır.
(Ardı var)
Sərdar CƏLALOĞLU
Tarix: 24-10-2018, 13:47
Xəbəri paylaş





Xəbər lenti