Ağ Ev üzünü Azərbaycana çevirir


Ağ Ev üzünü Azərbaycana çevirir

ABŞ-ın Cənubi Qafqaz siyasətində fəallığın artması müşahidə olunur. Son günlər Amerika rəsmilərinin Cənubi Qafqaza, o cümlədən, Azərbaycana səfərləri davamlı xarakter alıb. Ötən həftə ABŞ dövlət katibi köməkçisinin müavini Corc Kent Azərbaycana, Ermənistana və Gürcüstana səfər etdi. Cənab Kent Vaşinqtona dönməmiş ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini qaytarmağa çağıran açıqlama verdi. Bu gündən isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri başlayır. 

Donald Trampın məsləhətçisi Rudolf Culiani artıq Ermənistandadır. Onun İrəvandan sonra Bakıya gələcəyi gözlənilir. Rudolf Culianinin aparacağı danışıqların məzmunu barədə məlumat verilməsə də, ABŞ-ın regiona marağının artması Ağ Evin Cənubi Qafqazla bağlı yeni geostrateji planlarından xəbər verir. Yayılan məlumatlar, ABŞ rəsmilərinin səfərləri bu geosiyasi layihədə Azərbaycana mühüm önəm verildiyini göstərir. Hətta xarici media və sosial şəbəkələrdə yayılan informasiyalara görə, yaxın vaxtlarda Azərbaycanla ABŞ arasında strateji tərədaşlığa dair müqavilənin imzalanma ehtimalı var. Sözügedən məsələ ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycandan Ağ Evə yüksək səviyyədə rəsmi səfərlərin baş tutacağı da istisna olunmur. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun fikrincə, ABŞ Cənubi Qafqazda yeni milli təhlükəsizlik strategiyası sahəsində Azərbaycanla genişmiqyaslı əməkdaşlıqda maraqlıdır:

“Son 10-15 ildə rəsmi Bakı siyasi, iqtisadi və hərbi məsələlərdə bir çox istiqaməti öz lehinə çevirməyi, öz müstəqil siyasi kursunu formalaşdırmağı bacarıb. Mixail Saakaşvilinin prezidentliyi dövründən sonra Gürcüstanda baş verənlər, Ermənistandakı proseslər göstərdi ki, məsələ daha çox milli təhlükəsizlik amili ilə bağlıdır. Azərbaycan tərəfi Cənubi Qafqazda sabitliyin, qlobal təhlükəsizliyin tərkib hissəsi olduğu qənaətindədir və bu qənaətində nə dərəcədə haqlı olduğu zaman-zaman ortaya çıxıb. Cənubi Qafqazda başlaya biləcək hər hansı proses Şimali Qafqaza da sıçraya bilər. Bu isə təbii ki, Rusiyanın əks-reksiyası ilə qaşrılanacaq. Nəticədə, bütün regionu təhlükə gözləyə bilər. Ona görə də ABŞ-ın Azərbaycanın verdiyi siyasi mesajı qəbul etdiyi istisna deyil. ABŞ-ın hazırda Azərbaycandan istədiyi milli təhlükəsizlik, enerji, strateji məsələlərdə dəstəkdir. Hətta Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Azərbaycandan keçən kəmərlərin qadağalara məruz qalmayacağını birbaşa prezident Trampın qeyd etməsi bu dəstəyin nümunəsidir. Digər tərəfdən, ABŞ xarici siyasət konsepsiyasında Cənubi Qafqazı xüsusi region olaraq qəbul edir. Son zamanlar Almaniya kansleri Angela Merkelin ardınca ABŞ rəsmilərinin bölgə dövlətlərinə, o cümlədən, Azərbaycana davamlı səfərlər etməsi Barak Obama hökumətindən fərqli olaraq, Tramp administrasiyasının, yəni respublikaçıların Cənubi Qafqazla bağlı xüsusi layihəsinin olmasından xəbər verir. Bu məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Başda ABŞ, BMT, həmçinin ATƏT Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. 

Ona görə də ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzin işğal olunmuş əraziləri boşaltmağa çağıran bəyanatı respublikaçıların Azərbaycanla bağlı xüsusi strateji layihəsinin olduğunu deməyə əsas verir. Bu layihələrin içərisində Ağ Evə və Dövlət Departamentinə yüksək səviyyədə rəsmi səfərlər, eləcə də ABŞ rəsmilərinin Azərbaycana gəlişi də mümkündür. ABŞ tərəfindən rəsmi Bakıya verilən dəstək milli təhlükəsizliyin dəstəklənməsidir. Azərbaycana qarşı hər hansı təhlükəni ABŞ-a özünə qarşı təhdid kimi də qəbul edə bilər. Bu istiqamətdə Azərbaycana lazım olan yardımı birbaşa olmasa da, İsrail üzərindən həyata keçirməyə hazırdır. Gürcüstanın NATO yolunda irəlilədiyi zamanda ABŞ İsraillə bərabər, Azərbaycanın təhlükəsizliyini təmin edə bilər. Eyni zamanda, Azərbaycanın bu günlərdə Türkiyədə “Star” Neft Emalı Zavodunun açılışı, ABŞ-ın enerji təhlükəsizliyində Türkiyə üzərindən böyük üstünlüklər əldə etməsi prezident İlham Əliyevi beynəlxalq oyunçular arasında güclü strateq kimi ortaya çıxarır. Bu da Azərbaycanın Qərbdə strateji çəkisini artırır. Ona görə də düşünürəm ki, qarşılıqlı səfərlərin sayı 2019-cu ildə xüsusilə, artacaq”. 

Qeyd edək ki, bəzi ekspertlər ABŞ-ın son dövrlər Cənubi Qafqaza və Azərbaycana marağının artmasını daha çox İranla münasibətlərin gərginləşməsi ilə izah edir. Belə ki, İrana qarşı sanksiyaları gücləndirən rəsmi Vaşinqton qonşu ölkələrin Tehran rejimi ilə iqtisad-ticarət əlaqələrini dayandırmasında maraqlıdır. İranın hər tərəfdən siyasi və hərbi blokadasını genişləndirən Birləşmiş Ştatlar bu prosesi şimaldan Qara dəniz və Cənubi Qafqaz regionunda da tamamlamağa çalışır. Bu baxımdan, Azərbaycan ən strateji əhəmiyyətə malik ölkələrdən biridir. Belə ki, Tramp administrasiyası Rusiyadan İrana maliyyə və hərbi dəstəyi dayandırmağı tələb edir. Azərbaycan isə İranla Rusiya arasında yerləşən və hər iki dövlətlə həmsərhəd olan ölkə kimi geosiyasi dəhliz roluna malikdir. Ona görə də Amerika Rusiyanın İrana gizli maddi yardım göstərməyəcəyinə əmin olmaq istəyir. Eləcə də İran neftinin noyabr ayından sonra şimal-cənub dəhlizi vasitəsilə Rusiyaya, oradan isə “qara bazar”a çıxmaq ehtimalı ABŞ-ı narahat edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri zamanı da məhz bu məsələnin qapalı danışıqların predmeti olacağı güman edilir. 

Fərrux Məmmədovun sözlərinə görə, ABŞ-ın bütövlükdə Cənubi Qafqazla bağlı maraq dairəsi daha genişdir və bu, yalnız İran məsələsi ilə yekunlaşmır: 

“”Pentaqon”un, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin maraqları İran və Rusiya ilə bağlıdır. ABŞ-ın Energetika Nazirliyinin maraqları isə Mərkəzi Asiyanın enerji ehtiyatlarını Şərqdən Avropa bazarlarına çıxartmaqdan ibarətdir. Yəni, ABŞ dövlət orqanlarının maraqları fərqlidir. Lakin burada məsələ yalnız İrandan ibarət deyil. Qara dənizdə Gürcüstanın iştirakı ilə güclər balansının dəyişdirilməsi, Ermənistan məsələsi, Ermənistan-Türkiyə münasibətləri, Türkiyənin özünün nəzarətdə saxlanılması, İran üzərindən Əfqanıstan-Pakistan dəhlizinin açılması, Türkmənistan qazının Avropaya nəqli, Rusiyanın Qazaxıstandakı “Baykonur” kosmik stansiyasından çıxdıqdan sonra ABŞ-ın Qazaxıstan siyasəti kimi məsələlər Birləşmiş Ştatların rəsmi dairələrinin strateji hədəflərini təşkil edir. İran məsələsinə gəlincə, Tehran rejimi hər il HƏMAS və “Hizbullah”a 100 milyon dollara yaxın yardım göstərir. İsrail də həmin təşkilatları terrorçu kimi tanıdığı üçün ABŞ Azərbaycan üzərindən İran məsələsinə həssas yanaşır. Yəni, hər bir məsələyə dair pay faizi mövcuddur”.

Azərbaycanla ABŞ arasında strateji təhlükəsizliyə dair tərəfdaşlıq sazişinin imzalanacağına dair məlumatları şərh edən ekspert bildirdi ki, 1993-cü ildən belə bir sənəd mövcuddur, Azərbaycanla ABŞ arasında milli təhlükəsizliyin təmin edilməsinin qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb:

“Hazırda ABŞ həmin müqavilənin yenilənməsini və milli təhlükəsizlik sahəsindəki prosesin genişlənməsini istəyir. Hazırda proses Xəzər dənizində Azərbaycan Bayrağı altında təhlükəsizliyin birgə qorunması, Əfqanıstana daşınan silah və hərbi yüklərin həm də Azərbaycan ərazisində saxlanılma ehtimalını, Cənubi Qafqazda İrana yaxın ərazidə radar sistemlərinin quraşdırılmasını əhatə edə bilər. Bunlar təbii ki, hələ təklifdir”.

Hətta yaxın perspektivdə ABŞ-ın Azərbaycanda yeni bir radiolokasiya sisteminin yaradılması da müzakirə oluna bilər. Bu radar sistemləri Avstraliyaya qədər bütün ərazilərdə havaya qalxan raket və təyyarələrin modelini, nömrəsini, uçuş koordinatını belə görmək imkanına malik olacaq. Bu RLS Azərbaycanın da son illər kosmosa çıxartdığı peyklərin də orbitdə hərəkət etməsi üçün mərkəz rolunu oynaya bilər”. 

Fərrux Məmmədov onu da vurğuladı ki, Azərbaycan milli təhlükəsizlik sahəsində ABŞ-la geniş sazişə imza atarsa, bu, Rusiya tərəfindən sakit qarşılanmayacaq. Lakin Azərbaycanın müstəqil dövlət maraqlarının qorunması üçün lazımi addımlar atacağı gözlənilir. (Cebhe.info)


Tarix: 24-10-2018, 15:31
Xəbəri paylaş





Xəbər lenti