İrəvandakı proseslərə Bakıdan baxış... - Azərbaycan müxalifəti Paşinyanın hakimiyyəti tam olaraq ələ keçirməsi haqda nə düşünür?

 Taliyət Əliyev: “Gec-tez bu iki dövlət arasında münasibətlər yaradılmalıdır”
İqbal Ağazadə: “Ermənistanın siyasətini dəyişməsi oradakı adamların dəyişməsindən asılı deyil”
Əli Əliyev: Paşinyanın möhkəmlənməsi Azərbaycan cəmiyyəti üçün xoş xəbər deyil”
Bu gün Ermənistan parlamentində yeni baş nazir seçkisi keçiriləcək. Əksər ekspertlər bu fikirdədir ki, yeni baş nazir bu gün seçilməyəcək. Bir həftə sonra, yəni oktyabrın 31-də də seçki təkrarlancaq. Lakin təkrar seçkilərdə də baş nazir seçilməməlidir ki, Nikol Paşinyanın istefasından sonra, ən tezi 30, ən geci 45 gün ərzində yeni parlament seçkiləri keçirilsin. Bu baxımdan, müəyyən olunan vaxtlarda baş nazirin seçilməyəcəyi gözlənilir. Çünki istefa verən baş nazir Nikol Paşinyan yeni parlament tərkibinin seçilməsində israrlıdır. Məhz buna görə parlament buraxılacaq. Çox güman ki, parlament üzvləri seçildikdən sonra yeni baş nazir hazırda bu səlahiyyətləri icra edən Nikol Paşinyan olacaq. Maraqlıdır ki, Qərbpərəst baş nazir kimi tanınan Paşinyanın yenidən baş nazir olmasını Azərbaycan müxalifəti necə qarşılayır və yaxud qarşılayacaq? Demək olar ki, Paşinyanın baş nazir seçildikdən sonra Ermənistan dünyada demokratik dövlət imici qazanıb. Amma demokratik dövlət imici və Ermənistanda demokratiyanın inkişafı Azərbaycanın maraqlarına uyğundurmu, bunu indidən söyləmək çətindir.
“Biz çox istərdik ki, Ermənistanda mütərəqqi qüvvələr hakimiyyətdə təmsil olunsunlar”

Ermənistanda demokratiyanın inkişafı ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev “Hürriyyət”ə dedi ki, Azərbaycan müxalifəti Cənubi Qafqazda demokratik proseslərin inkişaf etməsinin, demokratiyanın bərqərar olmasının marağındadır: “Bilirsiniz ki, artıq Gürcüstanda demokratiya sahəsində kifayət qədər irəliləyişlər var. İndi növbədə Ermənistanda baş verən hadisələrdir. Ermənistanda baş verən hadisələr bizi müxalifət düşərgəsi, cəmiyyət olaraq çox ilgiləndirir. Çünki Ermənistan Azərbaycan torpalarının 20 faizini işğal etmiş bir dövlətdir və orada baş verən hadisələr Azərbaycana təsirsiz ötüşməyə bilməz. Ona görə, hamı, o cümlədən də müxalifət tərəfindən orada baş verən hadisələr həssaslıqla izlənilir. Sözsüz ki, biz çox istərdik Ermənistanda mütərəqqi qüvvələr hakimiyyətdə təmsil olunsunlar. Bu, Cənubi Qafqazın demokratikləşməsinə xidmət edən bir faktor ola bilər”.
“Ermənistanda normal təfəkkürə malik olan bir hakimiyyətin formlaşmasında maraqlıyıq”
T.Əliyev xatırlatdı ki, Ermənistanla Azərbaycan arasında konflikt davam edir: “Bu konfliktin də həll olunması istiqamətində iki dövlət arasında artıq 25 ilə yaxındır ki, danışıqlar gedir. Çox təəssüflər olsun ki, bu danışıqların da heç bir məntiqi nəticəsi yoxdur. Belə davam edəcəyi təqdridə bu, hətta görünmür. Zaman-zaman Ermənistanda mütərəqqi qüvvələr bu problemin danışıqlar yolu ilə həll olunmasında maraqlı olsalar da və müəyyən mənada ədalətli bir mövqe nümayiş etdirsələr də, orada həmin şəxslər ya hakimiyyətdən uzaqlaşdırılıb, ya da həyatlarına sui-qəsd olunub. 90-cı illərin sonunda baş verən hadisə bunu bir daha göstərir. Ona görə də əgər orada mütərəqqi qüvvələr hakimiyyətdə olarsa, onların bu problemin həll olunmasında daha obyektiv bir mövqe tutacağına inam var. Düzdür, bu inam yüz faiz deyil. Amma bir var ki, orada Rusiyanın diktəsi ilə hərəkət edən, bir də var ki, az-çox özlərinin müstəqil hərəkət etmək iqtidarında olan bir hakimiyyəti olsun. Belə olacağı təqdirdə həmin qüvvələrin Dağlıq Qarabağ probleminin həllinə də ən azı mənfi təsiri olmaz. Yəni yaxşı olmasa da, mənfi təsiri olmaz. Heç olmasa orada kompromisə meyyli qüvvələr hakimiyyətə gələ bilərlər, bu problemin həllinə yardımçı ola bilərlər. Bu baxımdan, biz marağındayıq ki, Ermənistanda mütərəqqi qvvələr hakimiyyətdə, hakimiyyətin qollarında təmsil olunsun.
Düzdür, son zamanlar baş verən hadisələri birmənalı şəkildə qeyd etmək olmaz ki, bunlar mütərəqqi qüvvələrdir. Çünki hələ baş verənlər o qədər də inandırıcı görünmür. Ona görə ki, Ermənistan Rusiyanın bir forpostu kimi fəaliyyət göstərir, ona tam müstəqil dövlət demək olmaz. İstər iqtisadi, siyasi, istər hərbi baxımdan az qala Rusiyanın tərkibində olan muxtar bir vilayət kimi Ermənistan özünü aparır. Bütün bunlara rəğmən, Paşinyanın bu şeylərə sinə gərəcəyi, Rusiya qoşunlarının Ermənistandan çıxarılacağı, Rusiyanın orada hərbi maraqlarını gözardı edəcəyinə də inam o qədər az deyil. Görünən budur ki, Paşinyan Qərbə istiqamətlənən bir siyasət aparmaqda maraqlıdır. Amma hər halda, hakimyyət dəyişikliyindən sonra müəyyən mənada bir aydınlıq gətiriləcək. Biz indi Ermənistanla qonşuyuq. Məsəl var deyir, qonşun pisdir, köç qurtar. Amma bizim harasa köçüb getmək, niyyətimiz yoxdur. Heç onların da köçüb getmək niyyətləri yoxdur. Ona görə də geci-tezi bu iki dövlət arasında münasibətlər yaradılmalıdır. Bütün tarixə də baxanda neçə illərlər müharibələr getsə də, sonradan qarşılıqlı əməkdaşlıq olub. Ona görə, biz də Ermənistanda normal təfəkkürə malik olan bir hakimiyyətin formlaşmasında maraqlıyıq”.
“Sənin torpağın nə geri qayıdandır, nə də kimsə alandır, özünüzü niyə aldadırsınız?”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə təəssüflə dedi ki, Ermənistanda kimin baş nazir seçilməsindən asılı olmayaraq, ekspertlər, politoloqlar, siyasi partiya nümayəndələri dürlü-dürlü mövqe ifadə edirlər: “Sanki nəsə dəyişəycək. Əzizlərim, Arutunyan, Dəmirçiyan, Ter-Petrosyan, Köçəryan, Sərksiyan gedib, ha Paşinyan getsin, sənin torpağın nə geri qayıdandır, nə də kimsə alandır. Bu, sənin görəvindir. O, orada heç nəyi dəyişməyəcək. Özünüzü niyə aldadırsınız? Dürlü-dürlü müsahibələr verirsiniz, mövqelər ifadə edirsiniz. Ay Paşinayn gəlsə, bu olacaq, o biri gəlsə, bu olacaq. Ermənistan bəlli bir siyasətin aparıcısıdır. İstər dünya miqayasında, istər keçmiş post-sovet ölkələri sırasında dəstəkçisi də var. Ermənistanın siyasətini dəyişməsi oradakı adamların dəyişməsindən asılı deyil, Azərbaycanın proseslərə münasibətindən asılı məsələdir. Buna bu şəkildə qiymət vermək lazımdır. Ona görə, Paşinyan seçildi-seçilmədi, bu, heç nəyi dəyişmir. Nə təzə, nə də köhnə sitsem qaldı. Köhnə sistem daha ağır idi. Köhnə sistemdə hamısı Azərbaycan torpaqlarını işğal edən, cinayətdə iştirak edən adamlar idi. Bəyəm, Sərkisyan, Köçəryan, Ter-Petrosyan bütün bu faciələrin, bəlaların hamısında birbaşa cinayətkar kimi iştirak etməyib? Bəzən Paşinyanın üzərinə daha çox gedirlər, amma Paşinyan bu proseslərdə heç iştirak etməyib. Sərkisyanın, Köçəryanın, Ter-Petroyasının əli Xocalıda, işğal olunmuş torpaqlarda qana batıb. Paşinyan hələ nə yatıb ki, nə də yuxu görsün. Hə, buna bir az siyasi tərəfdən fərqli yanaşanlar da doğru yanaşmırlar. Köhnə sistemlə təzə sitem arasında imdad gözləyənlər, bu, heç nəyi dəyişmir. Ermənistan-Azərbaycan konfliktinin həlli Azərbaycanın proseslərə yanaşmasından. Azərbaycanın özünə dünyada yeni müttəfiqlər tapmasından asılıdır”.
“Ermənistan demokratik oldu, sən iki dəfə artıq ol”
“Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanın dünyada demokatik imici formalasıb. Ermənistanın demokratikləməsi Azərbaycanın maraqlarına uyğundur” sualına İ. Ağazadə belə cavab verdi: “Neyniyək? İndi biz də çalışaq ki, Ermənistanda avtoritar rejim olsun? Çalış, sən ondan da yaxşı demokrat ol. Oradakı demoktatiyadan söz düşmüşkən yadıma bir şey düşdü. Ter-Petrosyan hakimiyyətə gələndə, 1991-ci ilin aprel-may aylarında Azərbaycan tərəfi Çaykənd-Buzluq əməliyatı keçirirdi. Azərbaycan Xalq Cəbhəsi də may ayının 21-də bəyanat vermişdi ki, o əməliyatların keçirilməsinin əsas səbəbi kommunist liderlərin Ermənistanda hakimiyyətdən getməsinə və demokrat Ter-Petrosyanın gəlməsinə bir cavab idi. Bizə nə dəxli var, orada nə oldu. Sən siyasətini özün qur, yarat. Ermənistan demokratik oldu, sən iki dəfə artıq ol. Bu qədər sadədir. Ermənistanda demokatik mühitin fromalaşmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur, ziyanını çəkəcəyik. Sən iki dəfə demokratik ol, çalışma ki, o anti-demokatik olsun, sən də problemi başqa cür çözəsən. Sən iki dəfə artıq demokrat ol, sən niyə buna çalışmırsan ki?”
“Paşinyanın gəlməsi Azərbaycan cəmiyyətini təhdid edir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, Ermənistanda kimin baş nazir seçilməsi bizim istəyimizdən asılı deyil: “O Ermənistan xalqının seçimidir. Biz ancaq müəyyən mülahizələr irəli sürə bilərik. Mənim üçün onların arasında elə bir ciddi fərq yoxdur. Paşinyanın gəlməsi Azərbaycan cəmiyyətini təhdid edir. Ermənistan cəmiyyətinin demokratik imici Dağlıq Qarabağ məsələsində Azərbaycanın anti-demoktarik iqtidarına çox böyük əngəldir. Biz ki, məsələlərin həllini beynəlxalq təşkilatlara həvalə etmişik, dünyanın mədəni hissəsi cəmiyyətin demokratik və yaxud əksinə olmasına çox böyük önəm verir. Bu baxımdan, Paşinyanın yenidən çoxluq əldə etməsi və daha da möhkəmlənməsi Azərbaycan cəmiyyəti üçün xoş xəbər deyil. Hərçənd ki, Sərksiyan və Köçəryan dönəmləri də Azərbyacan üçün yaxşı olmayıb. Ümumiyyətlə, orada kimin hakimiyyətə gəlməsi müsbət hal ola bilməz. Onlar nisbətən bizə qarşı mənfi, yaxud müsbət kefiyyətlərə malik ola bilərlər. Ancaq bütövlükdə Dağlıq Qarabağ məsələsində, qonşu dövlət kimi münasibətlərdə Ermənistan iqtidarına kim gəlirsə-gəlsin, onlar Azərbaycana xoş münasibətdə olmayacaqlar. Mənim fikrimcə, orada müsbət məqam axtarmaq yanlışdır”.
“Ermənistanda demokratik hakimiyyət Azərbaycan üçün daha təhlükəlidir”
Ə. Əliyev hesab edir ki, Paşinyan erməni cəmiyyətinin iradəsindən asılı adamdır: “Çünki məhz o demokratik hakimiyyətdir. Erməni cəmiyyətinin də bütövlükdə Azərbaycanla bağlı olan istəkləri Dağlıq Qarabağın mənimsənilməsi, ətraf rayonların Ermənistanın yuridiksiyasında qalması istəyidir. Ermənistanda demokratik hakimiyyət Azərbaycan üçün daha təhlükəlidir. Çünki əgər təyinatlı rejimlər kiminsə göstərişi ilə hərəkət edə bilirlərsə, demokratik prezident və yaxud baş nazir ancaq xalqın iradəsinə söykənərək qərarlar verə, addımlar ata bilər. Ona görə də Paşinyanın seçilməsində bizim üçün müsbət heç bir məqam yoxdur. İkincisi də artıq Ermənistan bütün dünya tərəfindən demokratik cəmiyyət kimi qəbul edilir və Dağlıq Qarabağ “ictimaiyyətinin” demokratik cəmiyyətdə yaşamaq haqqı dünyada bizim Qarabağ məsələsini həll etməyimizə çox böyük əngələ çevriləcək”.
“Azərbaycan cəmiyyətinin avtoritar şəraitdə qalması Dağlıq Qarabağ məsələsində bizim dilimizi qısa edəcək”
“Sizin dediklərinizdən belə aydın olur ki, Ermənistanın demokratikləşməsi Azərbaycanın maraqlarına uyğun deyil” dedikdə Ə. Əliyev qeyd etdi ki, əgər bu proses paralel hər iki cəmiyyətdə getmiş olsaydı, hər iki cəmiyyətin demokratikləşməsi daha uyğun idi: “Ancaq Azərbaycan cəmiyyətinin avtoritar şəraitdə qalması qarşılığında Ermənistanın demokratikləşməsi Dağlıq Qarabağ məsələsində bizim dilimizi qısa edəcək. Bu, birmənalıdır. Əlbəttə ki, bütövlükdə götürəndə Ermənistan cəmiyyətinin demokratikləşməsi müsbət haldır. Ancaq bu, Azərbaycan cəmyyəti ilə paralel olsaydı, sevindirici olardı. Çünki indiki şəraitdə Ermənistan cəmiyyəti Dağlıq Qarabağ məsələsinin həllində daha üstün hala gəlir”.
 Hurriyyet.org
Tarix: 24-10-2018, 21:51
Xəbəri paylaş





Xəbər lenti