7 rayon azad olunmalı, sonra... - Boltonun Bakı səfərinin ŞİFRƏLƏRİ və ABŞ-ın QARABAĞ PLANI

 İki gün öncə ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdə oldu. Səfərin nəticələri ilə bağlı mətbuat konfransı keçirən Bolton Azərbaycanın, ümumilikdə, Cənubi Qafqazın Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region olduğunu bildirdi. Yüksək vəzifəli qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdığını diqqətə çatdırdı.
Publika.az-a müsahibəsində politoloq İlqar Vəlizadə Con Boltonun səfəri, ABŞ-ın Dağlıq Qarabaq münaqişəsi ilə bağlı mövqeyi və digər məsələlərlə bağlı fikirlərini bildirib.
- Barak Obama administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyasının Cənubi Qafqaz regionuna daha çox diqqət ayırdığı görünür. Bunun səbəbləri nədir?
- Supergüclər adətən, kiçik ölkələr və regionlara, o cümlədən Azərbaycana böyük regionlarda apardığı siyasətin prizmasından yanaşırlar. Cənubi Qafqazda aparılan siyasət Yaxın Şərqdə, yaxud da Şərqi Avropada aparılan siyasətlə bu və ya digər formada uzlaşır. Boltonun çıxışları da ABŞ-ın buradakı hədəflərindən xəbər verir. Səfərin əsas məqsədi regiondakı vəziyyəti öyrənmək, dövlət başçıları ilə görüşəndən sonra vəziyyəti təhlil etmək və bu coğrafiya ilə bağlı siyasətə müəyyən korrektələr etməkdir. Boltonun Bakıdakı çıxışlarına gəlincə, burada yeni bir şey yoxdur. Amma Amerikanın siyasətinə, o cümlədən ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millsin fikirlərinə nəzər salanda, bu və ya digər şəkildə bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prioritetlərindən danışa bilərik. Deyə bilərik ki, ABŞ-ın əsas prioritetləri ondan ibarətdir ki, proses Madrid prinsipləri və ya ona oxşar bir mövzu əsasında davam etməli, yəni Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğaldan azad olunmalı, daha sonra Dağlıq Qarabağın keçid status müəyyən edilməlidir. Təxminən yanaşma budur.
- Siz Riçard Millsin açıqlamasını xatırlatdınız, bir müddət əvvəl isə ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, yaxın aylarda Qarabağ münaqişəsinin nizama salması üçün imkanlar çıxacaq. Bu bəyanatlardan çıxış etsək, həqiqətənmi tənzimlənmə prosesində mühüm dəyişikliklər olacaq?
- İyirmi beş il ərzində bu cür ümidverici bəyanatlar çox olub, amma nəticə göz qabağındadır. Ermənistandakı vəziyyətə diqqət yetirin. Hazırda baş nazir postuna seçkilər gedir, daha sonra növbədənkənar seçkilər olacaq, nəhayət yeni hökumət formalaşmağa başlayacaq. Bu proses ümumilikdə, ən azından bir neçə ay çəkəcək. Təxminən gözləmək olar ki, gələn ilin fevral-mart aylarından nəsə dəyişməyə başlayacaq. Mən ən azından, yarım il ərzində kəskin, gözəçarpan dəyişikliklər gözləmirəm.
 
- Sizin nəzərinizdə gözəçarpan dəyişikliklər nədən ibarətdir?
- Burada söhbət ilk növbədə danışıqların intensivləşməsindən gedir. İlin sonuna kimi yalnız bir - xarici işlər nazirləri arasında görüş nəzərdə tutulub. Nikol Paşinyan da qeyd edib ki, yaxın müddətdə Azərbaycan Prezidenti ilə görüş nəzərdə tutulmayıb. Danışıqların intensivləşməsini də yəqin ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona tez-tez səfər etməsi ilə bağlamaq olar. Onların da səfəri tez-tez olmur. Yəni ortalıqda bir şey yoxdur ki, bu səfərlər intensiv olsun. Digər tərəfdən, ritorikada da müəyyən dəyişiklik olmalıdır. Ermənistan tərəfdən ritorikanın müəyyən yumşalması nəzərə çarpmalıdır. Amma beş ay əvvəlki ritorika ilə indiki ritorika arasında elə bir fərq hiss olunmur. Hazırda Azərbaycan və Ermənistanda növbəti ilinin büdcəsinə baxılır. Bu büdcəyə görə, Ermənistanın hərbi xərcləri 25 faiz artırılır. Əgər bunlar sülhdən danışırlarsa, hərbi büdcəni 25 faiz artırmaq nəyə lazımdır? Deməli, reallıqda bunların fikirləri başqadır. Buna görə də gəlin, real proseslərə baxaq. Proseslər ümidverici görünərsə, onlara istinad edərək hansısa nəticələr çıxara bilərik. Amma proseslər hazırda ümidverici görsənmir. Düşənbədə əldə olunmuş razılıq mühüm razılıqdır, amma bu, o demək deyil ki, tərəflər uzunmüddətli sülhə yaxındır.
- Con Boltonun Azərbaycan səfərindən sonra bildirdi ki, ABŞ Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir. Onun sözlərinə görə, söhbət, xüsusilə, Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir. Sizcə, bu, Moskva və Tehranda qıcıq yaradacaq bəyanat deyilmi?
- Amerika rəsmilərinə Bakıda yəqin ki, bir daha deyiblər və özləri də başa düşürlər ki, Azərbaycan İran və yaxud Rusiyaya qarşı alət kimi istifadə oluna bilməz. Azərbaycan rəsmiləri də bunu bəyantlarında dəfələrlə dilə gətiriblər. Bu reallığı Con Bolton da çox gözəl başa düşür. Lakin, bu bəyanat onu göstərə bilər ki, Amerikanın bu regionda konkret maraqları var və Bakı ilə münasibətlər müəyyən dərəcədə bu maraqların təminatçısı kimi çıxış edir. Azərbaycanın çox həssas regionda və ABŞ-la münasibətləri gərgin olan İranla Rusiyanın qonşuluğunda yerləşməsinə baxmayaraq, Vaşinqton ümid edir ki, öz maraqları qorunub saxlanılacaq.
- Mövzunu bir az da konkretləşdirsək, ABŞ-ın regionda, o cümlədən Azərbaycanda hansı maraqlarının, gözləntilərinin olduğunu söyləmək olar?
- Amerika bu regionda olan reallıqları çox gözəl başa düşür. Con Bolton kimdir? Bolton siyasətə dünən gəlməyən, uzun illərdir ABŞ-ın xarici siyasəti ilə məşğul olan insandır və ölkənin strateqlərindən biridir. Azərbaycan ABŞ üçün ilk növbədə, regionda həyata keçirilən enerji layihələri üzrə mühüm tərəfdaşdır. Digər tərəfdən ABŞ-ın regional siyasəti Əfqanıstan və Mərkəzi Asiyanı da əhatə edir. Azərbaycan burada rabitə rolunu oynayır, xüsusən Əfqanıstandan daşınan hərbi yüklər Mərkəzi Asiya və Azərbaycan üzərindən keçir. Bundan başqa, ABŞ-ın Mərkəzi Asiyada da kifayət qədər maraqları var, istər enerji sektorunda, istərsə də siyasətdə və terrorizmlə mübarizə sahələrində. Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrdə zəncirin bir hissəsini təşkil edir. ABŞ da çalışır ki, Azərbaycanın bu rolundan maksimum istifadə olunsun. Müxtəlif ehtimallar irəli sürülür ki, guya ABŞ Azərbaycanı hansısa hərbi planlarına daxil etmək niyyətindədir, yaxud da Azərbaycan ABŞ-ın hansısa layihələrinin oyunçusuna çevrilə bilər. Bu iddialar inandırıcı görünmür. Azərbaycanın öz maraqları var və öz maraqlarından kiminsə xatirinə keçə bilməz.
Tarix: 26-10-2018, 09:19
Xəbəri paylaş





Xəbər lenti