“Vaşinqton Ermənistanı seçim qarşısında buraxmayacaq” - Qafar Çaxmaqlı


Boltonun Qarabağla bağlı dedikləri Ermənistanı silkələyib; Qafar Çaxmaqlı: “ABŞ Qarabağ məsələsində təşəbbüsün əldən getməsi ilə hesablaşa bilməz...”

Ermənistanın ikinci prezidenti Robert Köçəryan son müsahibəsində deyib ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. Köçəryan onu da deyib ki, rəsmi İrəvan öz mövqeyini dəqiqləşdirməlidir. Köçəryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Eks-prezident bildirib ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Köçəryan bu açıqlama ilə iki məqsəd güdür: “Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır. İkinci məqsəd hazırki baş nazir əvəzi Paşinyanın mövqelərini zəiflətməkdir. Çünki Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Köçəryan erməni cəmiyyətinə mesaj göndərir ki, Paşinyan Qarabağ ətrafındakı rayonların azad olunması mövzusuna müzakirə etmək məcburiyyətindədir”.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda jurnalistlərə açıqlamasında Qarabağ məsələsi ilə bağlı kifayət qədər aydın mesajlar verib. “Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidir” - diplomat bildirib. Bolton münaqişənin həllinin çətin olduğunu da diqqətə çatdırıb. Son gəlişmələr, Qarabağ ətrafında müşahidə olunan proseslər xarici ekspertlərin də diqqətini bu mövzuya yönəldib.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı. Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək, Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”.

Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib. Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına çalışır. “Buna görə də Ermənistan sərt xətti davam etdirir, Düşənbə razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan mövqeyini sərgiləyir. Paşinyanın istəyi status-kvonu saxlamaqdır”, - deyə o bildirib.

Axar.az da xəbər verir ki, Boltonun Ermənistana səfəri zamanı verdiyi açıqlamalar ölkədə təşviş yaradıb. Ölkə siyasiləri arasında ən böyük panikanı Boltonun ABŞ silahının rus silahından üstün olması və eləcə də Qarabağ məsələsinin həll edilməsiylə bağlı verdiyi açıqlamalar doğurub. Boltonun açıqlamalarına hökumət tərəfindən heç bir reaksiya hələlik verilməyib.

İlk reaksiya müxalifətdəki Daşnaksütyun Partiyasından gəlib. Partiya ABŞ-ın açıq münasibətindən sonra Ermənistanın Rusiyanın yanından ayrılıb “ABŞ-ı seçməsinin” mümkün olmadığını etiraf edib. Bir zamanlar Daşnaksütyunun müttəfiqi və hakim partiya olan respublikaçıların parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə jurnalistlərə açıqlamasında Boltonun açıqlamalarıyla razılaşmadığını deyib: “Beynəlxalq konvensiyalara əsasən, konflikt aparan tərəflərə silah satmaq doğru deyil. Bu, eskalasiyaya səbəb olur. Digər tərəfdən, kimin silahının yaxşı olduğunu demək də doğru deyil. Biz öz dəyərlərimizdən imtina edə bilmərik. Qarabağ məsələsi bizim tarixdir. Keçmişdən imtina gələcəyi şübhə altına qoymaq deməkdir”.

Bir sıra ekspertlər bu fikirdədir ki, Ermənistandakı parlament seçkilərindən sonra Paşinyan Qarabağla bağlı status-kvonun dəyişilməsinə yönəlik addımı atmağa özündə cəsarət tapacaq. Əks halda onu Azərbaycan ordusunun sarsıdıcı zərbələri nəticəsində fəlakətlərə düçar olacaq Ermənistan ordusunun acı taleyi gözləyir.

Ermənişünas-alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a Boltonun səfərindən sonrakı durumu şərh etdi:“Paşinyanın ABŞ planını qəbul edəcəyi ilə bağlı yayılan məlumatlarda əsasən bu fikir vurğulanmaqdadır ki, ABŞ Dağlıq Qarabağın statusunun müəyyən edilməsində Azərbaycanın təklif etdiyi ən yüksək statusa istinad edir. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində ən yüksək status alır. Amerikalılar üçün burda qeyri-adi heç nə yoxdur, istənilən ABŞ ştatı Qarabağa təklif olunan statusdan da yüksək səlahiyyətlərə malikdir. Amma bizim üçün bu, təhlükəlidir, istənilən ”boşluq" Dağlıq Qarabağın Azərbaycandan ayrılma istəyini reallaşdıra bilər. Paşinyan və bundan əvvəlki Ermənistan rəhbərləri əslində statusun əvvəlcədən müəyyən olunmasını təkid etmişdilər. Amma bu, nəyin müqabilində olmalıdır? Bu mexanizmlər hazırlanmadığına görə məsələnin həll variantı - Madrid prinsipləri - dalana dirənib".

Q.Çaxmaqlının sözlərinə görə, əlbəttə, Amerika bu məsələdə təşəbbüsün əldən getməsi ilə hesablaşa bilməz: “ABŞ fərqli bir baxış sərgiləməklə diqqəti özünə cəlb etmək istəyir. Qarabağla bağlı verilən mesajlar da bununla əlaqədardır. Zənnimcə, irəlidə Rusiya ilə münasibətlərinin gərginliyi fonunda Qarabağ məsələsində də ABŞ-ın Rusiya və Fransadan daha fərqli mövqeyi ortaya çıxacaq. Paşinyan yenidən baş nazir olandan sonra Ermənistanı öz tərəfinə çəkmək təşəbbüsləri artacaq. Ermənistanı isə öz tərəfinə çəkmək üçün yenə əldə olan ən məqbul kart Qarabağ problemidir. Amerika Ermənistanı seçim qarşısında buraxmayacaq. Amma onu öz tərəfinə çəkmək üçün Azərbaycanın haqlı durumundan da istifadə edəcəyini istisna etmirəm. Məsələnin həlli ilə bağlı isə ümidverici heç bir şey gözləmirəm”.

E.PAŞASOY

Tarix: 27-10-2018, 09:38
Xəbəri paylaş





Xəbər lenti