Politoloq: “Bütün dünya ABŞ-a bu və ya digər yollarla xərac ödəyir”


Qaşıqçı məsələsi ABŞ-ın imicini “yeyir”

ABŞ-ın nüfuzlu “Vashingtonpost” qəzetinin ərəb əsilli məşhur əməkdaşı Camal Qaşıqçının öz ölkəsinin-Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansız qətlə yetirilməsinə ABŞ hakimiyyətinin, şəxsən prezident Donald Trampın sərgilədiyi münasibət Amerikanı yenidən qınaq obyektinə gətirib.

Dünya mediası, o cümlədən ABŞ mediası yazır ki, səfirlikdə indiki vəliəhd şahzadənin ən yaxın adamlarının iştirakı ilə bir jurnalist doğranıb qətlə yetirilib, ABŞ-ın reaksiyası bu hadisəyə adekvat deyil. Vaşinqton Səudiyyə Ərəbistanına qarşı dərhal sərt sanksiyalar qərarı verməli idi. Ancaq Ağ Ev Səudiyyə Ərəbistanında olan nəhəng iqtisadi maraqlarını demokratiya, insan haqları kimi bəşəri dəyərlərdən üstün tutmaqdadır. Amerikanın bütün media quruluşları prezident Donald Trampı hədəfə götürüb ki, prezident adekvat reaksiya vermədi. Prezidenti Səudiyyə Ərəbistanının üzərinə sərt getməməkdə, sanksiyalar tətbiq etməməkdə ittiham edirlər və bəyan edirlər ki, qətllə nəticələnməyən Skripal hadisəsinə görə Rusiyaya böyük sanksiyalar tətbiq etmisənsə, nədən jurnalistin doğranması kimi daha qəddar əməli təşkil edənlərə loyal reaksiya verirsən. Halbuki, demokratik prinsiplərin keşikçisi olduğunu iddia eləyən bir dövlətin bu dərəcədə dəhşətli qətl hadisəsinə görə tamam başqa münasibət göstərməsi gərəkirdi. Buna baxmayaraq ABŞ administrasiyası üzərinə düşəni hələ ki etmir və etməsi ehtimalı da yox səviyyəsindədir.

Bir sözlə, aydın görünən odur ki, Camal Qaşıqçının öldürülməsi məsələsinə ABŞ-ın laqeydliyə bərabər münasibəti onu deməyə əsas verir ki, Vaşinqton iqtisadi maraqlarını daha üstün tutdu, nəinki insan haqları, demokratiya məsələsini. Belə davranış ABŞ-ın dünyada nüfuzuna, imicinə ciddi zərbə olacaqmı?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, təkcə Camal Qaşıqçı məsələsində deyil, ABŞ qurulandan bütün məsələlərdə iqtisadi maraqlarını, demokratiya, insan haqları məsələlərindən həmişə üstün tutub: “Bu, tək Amerikada belə deyil, Avropanın bir sıra dövlətlərində də belədir. Qərb ölkələri üçün demokratiya dəyərləri öz maraqlarını həyata keçirmək üçündür. Üçüncü dünya ölkələrinə onlar həmişə iqtisadi maraqlarını təmin etmək üçün yem kimi baxıblar. Avropa indiki inkişafına, sosial rifahına görə Afrika, Asiya ölkələrinə xalqlarına borcludurlar. Sümürgəci güclər indi də Afrika və Asiyanın qızıl, nefti, almazını sümürürlər. Bütün dünya demək olar ki ABŞ-a bu və ya digər yollarla xərac ödəyir. ABŞ-a dünya ölkələrinin əksəriyyəti inanmır, sadəcə, amerikalılar hələlik dünyanın bir nömrəli siyasi-iqtisadi gücü olana qədər hər kəs ən azı onlardan ehtiyatlanacaq. Qüds məsələsinin BMT-də səsvermədə hamı ABŞ-ın necə təkləndiyini gördü. Onda artıq ABŞ ın imicinə ciddi zərbə oldu. Dünya bir-iki qütblükdən çoxqütblüyə doğru getdikcə ABŞ-ın nüfuzuna da, imkan və təsirlərinə də zərbə dəyməkdə davam edəcək. Qaşıqçının qətlində isə ABŞ-ın da hansısa şəkildə əlinin olduğunu düşünürəm. Məqsəd vəliəhd bin Salmana yerini göstərmək idi. Buna da nail oldular. Məhəmməd bin Salmanın hakimiyyətdə qalmağının iki yolu var: ya əvvəlki kimi ölkəsi Səudiyyə Ərəbistanının ABŞ-ın vassalı olmağda qalması, ya da Türkiyəyə söykənib müstəqil dövlət olmaq. Bin Salman hansı yolu seçəcək - bunu yaxın zaman görəcəyik. Qaşıqçının qətlinə görə Vaşinqton Səudiyyədən milyardlarla dollar qoparacaq. Belə görünür ki, artıq Ağ Evi Amerikanın imici o qədər maraqlandırmır”.


Tarix: 29-10-2018, 08:43
Xəbəri paylaş





Xəbər lenti