“Bizdən silah alın, ancaq müharibə etməyin” çağırışı


Əslində Con Boltonun nə deyəcəkləri barədə Corc Ken iki  həftə əvvəl Bakıda anons etmişdi. ABŞ-ın Avropa və Avrasiya məsələri üzrə köməkçisinin müavini açıq şəkildə demişdi ki, onları bu gün düşündürən əsas məsələ İran və Rusiya təhlükəsidir.

Amerikalı diplomatın mətbuat konfransında iştirak edərkən soruşmuşdum ki, İran və Rusiya təhlükəsindən danışan, onlara qarşı sanksiyalar tətbiq edən Vaşinqton niyə qonşusunun ərazilərini 25 ildir işğalda saxlayan, bütövlükdə bölgəyə təhlükələr yaradan Ermənistana nəinki sanksiya tətbiq etmir, hətta yardım da göstərir? Cavabı qaneedici olmamışdı, amma nə isə deməyə çalışmışdı. Xatırlayıram, elə ABŞ-ın sabiq səfiri Metyu Brayza da jurnalistlərlə vida görüşü keçirərkən ona bənzər sual ünvanlamışdım, diplomatik manevrlərindən sonra, görüşüb ayrılarkən qulağıma azərbaycanca “yaxşi sual idi” deyib gülmüşdü.

Bəli, amerikalı diplomatlar Şəhriyar demişkən, “yaxşı bizi yaman günə qoyan”larla bağlı sadəcə, diplomatik cavablarla bizləri yola verməkdədirlər.

Bu dəfə də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Qarabağla bağlı konkret söz demədi. Doğrudur, Bakıda olarkən Azərbaycanın ABŞ üçün önəmli ölkə olduğunu etiraf etdi. Ancaq bunu onsuz da biz bilirik. Amerika diplomatı həm Rusiya, həm İranla həmsərhəd olan ölkəmizin dəyərini etiraf etməsə, nə olacaqdı ki? Ölkəmizin tranzit əhəmiyyətindən tutmuş, enerji resurslarına qədər bütün bu imkanlarından çox danışılıb. Eləcə də Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasından. Amma biz artıq sözdən “doymuşuq”, özü də eyni sözləri eşitməkdən. 

ABŞ-ın hansısa dişsiz diplomatı da işğal altındakı Azərbaycan əraziləri barədə şablon sözləri səsləndirir, “amerikalı qırğı” ləqəbi ilə tanınan Con Bolton da. Doğrudur, Bolton İrəvanda Qarabağ məsələsinin həll edilməsi zərurətindən danışdı. Dedi ki, Ermənistan üçün xarici təzyiqləri azaltmağın ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Amma əgər ABŞ işğalçıya müasir gecəgörmə cihazları hədiyyə edirsə, hansı təzyiqdən söhbət gedə bilər?

Əslində Con Bolton ermənilərə işğal altındakı Azərbaycan ərazilərini şərtsiz azad etmək çağırışını etməliydi.

Kəsəsi, “qırğı” Qarabağla arzuladığımız mövqeyi sərgiləmədi. Hətta onun həmkarı Kent Bakıda olarkən İrəvana BMT qətnamələrini xatırlatmışdı. Amma Bolton bütün bunların üstündən keçdi, dedi ki, “bu problemin həlli çox çətindir”. Sanki İraqı tar-mar edən, Suriyanı, Əfqanıstanı şumlayan, Rusiya kimi nüvə dövləti, İran kimi nəhənglə baş-başa gələn ölkəni təmsil etmirdi. Ermənistan o dövlətlərdən çoxmu güclüymüş?..

Trampın elçisi onu da bildirdi ki, “tərəflər bir-biri ilə işləməli və həll yolunu özləri tapmalıdır”. 25 ildən sonra deyirlər “gedin, özünüz dil tapın!”. Yaxşı, ermənilər Qarabağda məskunlaşır, bir qarışı da qaytarmaq istəmir. Onda ABŞ imkan versin Azərbaycan 1 həftəyə torpaqlarını azad etsin.

Bolton da işğalçı ilə torpağı işğal olunan arasında bərabərlik işarəsi qoydu. Elə bu yanaşmanın nəticiydi ki, Ermənistan hakimiyyəti hətta amerikalı diplomata irad tutmağa da cəsarət etdi. Paşinyan “Con Bolton və ümumiyyətlə, heç kim mənim adımdan danışa bilməz” dedi. Cəsarətli reaksiya saymaq olar. Paşinyan bundan əvvəl Sergey Lavrova da kəskin reaksiya vermişdi, sonra geri çəkildi. İndi görək ABŞ-ın cavabı olacaqmı?

ABŞ rəsmisinin dediklərindən həm də bu, aydın oldu: onlar 1992-ci ildə Azərbaycana qarşı (!) qəbul etdikləri sanksiya qərarını təcavüzə məruz qaldığımıza görə ləğv etmək istəmirlər, sadəcə istəyirlər ki, ABŞ həm Azərbaycana, həm də Ermənistana silah satsın, pul qazansın. Təsəvvür edin, işğalçıya da, ərazisi işğalda olana da eyni təklif edilir: “gəlin, silah alın!” Vasitəçi, həmsədr belə olurmuş...

Təbii ki, ac-yalavac vəziyyətdə olan, hətta liderləri ABŞ-dakı telemarafonlarda dilənib pul toplayan Emənistanın valyuta ilə silah almaq imkanı yoxdur. Deməli, Bolton əslində silahı Azərbaycana satmaq istəyir. Çünki bizim pulumuz var, Rusiya və İsrail bazarı üzümüzə açıqdır. Sadəcə, “907" Tramp administrasiyasının Azərbaycana silah satmaq istəyinə mane olur. Rusiyanın Azərbaycana 5 milyardlıq silah satmasını sinirə bilmir ”demokratiyanın beşiyi". Deyirlər qəti şəkildə müharibə etməyin, oturun, danışın! Amma o biri tərəfdən də Bolton deyir Amerika silahı rus silahından daha yaxşıdır, bizdən alın! Bilə-bilə ki, o silahlar anbarlara qoyulmaq üçün alınmayacaq...

 

Elşad PAŞASOY
Tarix: 29-10-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti