Paşinyana Qarabağla bağlı NƏSİHƏT, 3 ildir gizli saxlanılan PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi imzalanıb. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini şərh edib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Angela Merkelin qərarı siyasətdə bomba effekti yaratdı. Ukrayna və Gürcüstanın NATO-ya girişi Rusiyanı qorunmağa məcbur edəcək.
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi imzalanıb.
“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq”. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində deyib.
Ermənistan parlamenti növbəti dəfə Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini qəbul etməyib. Səsvermə zamanı 62 nəfər qanun layihəsinin lehinə, 2 nəfər əleyhinə səs verib. Layihənin qəbul edilməsi üçün 63 səs lazımdır.
Parlamentdə çoxluq təşkil edən Respublika Partiyası səsverməni boykot edib. Oktyabrın 22-də keçirilən səsvermə də Respublika Partiyası eyni addımı atmışdı.
Qanun layihəsində səsvermədə səs baryerinin azaldılması, rayon siyahısının azaldılması kimi dəyişikliklər nəzərdə tutulmuşdu. Paşinyan növbəti parlament seçkilərinin keçirilməsi üçün bu dəyişikliyi önəmli hesab edir.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan edib. Komissiyasının məlumatına görə, Salome Zurabişvili 38,6, Qriqol Vaşadze isə 37,75 faiz səs toplayıb. Bu iki namizəd seçkilərin seçkilərin ikinci turunda mübarizə aparacaqlar.
Seçkilərin ikinci turu səsvermənin nəticələrinin rəsmi elanından sonra iki həftədən olmayaraq keçirilməlidir.
Türkiyə ordusu Suriyada Fərat çayının şərqində yerləşən Zor Mağar bölgəsində PKK/PYD terrorçularının mövqelərini bombalayıb. Dünən həyata keçirilən hücum prezident Rəcəb Tayyip Ərdoğanın mesajını verdiyi “Fəratın şərqində əməliyyat başlayır” məsələsini gündəmə gətirib. Türkiyəli yazar Mehmet Acet Fəratın şərqinə hücumun edilməsinin Türkiyə, Fransa, Almaniya və Rusiya liderlərinin İstanbulda Suriya zirvəsini keçirməsinin ardınca həyata keçirilməsinin diqqət çəkdiyini yazıb:
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyə jurnalisti Camal Qaşıqçı Yəməndə Ər-Riyad tərəfindən kimyəvi silahdan istifadə üzrə sübutları tapmağa çalışırdı. Bu haqda mənbəyə istinadən “Sunday Express” nəşri bildirib.
İran və ABŞ rəsmiləri arasında Omanın paytaxtı Maskatda gizli sövdələşmə olub. Bu iddia ilə İranın Milli Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü Cavad Kərim Qadusi deyib.
O bildirib ki, İran dini lideri Əli Xameneinin etirazlarına baxmayaraq, tərəflər arasında razılıq baş tutub:
“İran liderinin ABŞ-la masa arxasına oturmağın təhlükəli olduğu yönündə açıqlamasından sonra bu görüşlər baş tutub. Zərifin (İran XİN rəhbəri) bu həmləsindən görünür ki, rejim Tramp administrasiyası ilə rabitə kanallarını açmaq niyyətindədir. Tramp nüvə razılaşmasından çıxdığını bəyan etməsindən bəri Zərif bu masaya oturmağa can atırdı”.
Lakin başqa bir xəbərə görə, Vaşinqtonun İrana qarşı son planı kimi göstərilən “Ərəb NATO-su” – Yaxın Şərq Strateji Alyansı (MESA) artıq gələn il fəaliyyətə başlayacaq. Bu barədə Bəhreynin Xarici İşlər naziri Xalid əl-Xəlifə danışıb. ABŞ-ın təklif etdiyi MESA layihəsini tərifləyən Xəlifə bu ittifaqın təhlükəsizlik və rifahın artmasına yardım edəcəyini bildirib.
Qeyd edək ki, alyansın 8 ölkədən - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman, Bəhreyn, Misir və İordaniyadan ibarət olacağı ehtimal edilir.
Bazar günü Almaniyanın Hessen federal əyalətində keçirilmiş parlament seçkilərində ölkədə hakim koalisiyanın üzvü olan iki partiya – kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) böyük itkiyə məruz qalması Merkelin sürpriz qərarı ilə nəticələnib. Kansler XDİ-də toplantı keçirərək dekabrda baş tutacaq qurultayda partiya rəhbərliyinə namizəd olmayacağını açıqlayıb.
Qeyd edək ki, Merkel 18 ildir XDİ-nin lideri idi.
Xristian demokratlar parlament seçkilərindən sonra Hessen federal əyalətində də böyük miqdarda səs itirib.
“Exit-polların nəticələrinə görə, XDİ 28 faiz, ASDP isə 20 faiz seçici səsi toplayacaq. Müqayisə üçün bildirək ki, 5 il bundan əvvəl Hessendə keçirilmiş seçkilərdə bu iki partiya müvafiq surətdə 38,3 faiz və 30,7 faiz səs toplamışdı. Sosioloqlar bu qədər ciddi itkiləri ilk növbədə onunla izah edirlər ki, seçicilər Berlində lap yaxın vaxtlarda - 2018-ci ilin mart ayında formalaşmış hakim koalisiyanın işindən narazıdırlar.
İki həftə bundan əvvəl Bavariyada keçirilmiş seçkilərdə də seçicilərin motivləri eyni olub. Burada çox nadir hallarda rast gələn bir vəziyyət yaranıb: mühafizəkar blokda XDİ-nin tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) mütləq çoxluqdan məhrum olub, sosial-demokratlar isə heç 10 faiz də səs toplamayıblar.
Beləliklə, son iki həftədə Almaniyada hakim partiyalardan ikisi böyük məğlubiyyətə uğrayıb.
Ukrayna və Gürcüstanın NATO-ya girişi Rusiyanı qorunmağa məcbur edəcək. Bu haqda “Valday” diskussiya klubunun müzakirələrində Rusiyanın Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin bildirib.


Ömər Dağlı
Tarix: 29-10-2018, 21:10
Xəbəri paylaş





Xəbər lenti