Erməni eksperti: “Vaşinqton birbaşa Azərbaycana silah satmaq istəyir”


“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfərində əsas məqsəd Azərbaycanla münasibətləri dərinləşdirmək yolu ilə İranı zəiflətmək olub”.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun direktoru Ruben Safrastyan bəyan edib.

Ekspert Vaşinqtonun İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat istiqamətində gerçəkləşdirilən əməkdaşlığı diqqətlə araşdırdığını qeyd edib. Onu fikrincə, ABŞ üçün burada ən vacib layihə Xəzər dənizində sərbəst iqtisadi zonanın yaradılması olardı.

Safrastyan Donald Trampın bölgə ölkələrinə Barak Obamadan fərqli siyasət izləmək istədiyini bildirib: “Əvvəlki prezidentin dövründə Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələr Rusiya ilə münasibətlər çərçivəsində yürüdülürdü. Con Boltonun dilindən birbaşa səslənməsə də, Trampın siyasətində “Azadlığa dəstək aktı” çərçivəsində qəbul olunan 907-ci düzəlişlə tətbiq olunan, Azərbaycana silah satışının ləğv edilməsi də daxil olmaqla bölgə ölkələri ilə münasibətlərdə dəyişiklik tendensiyası hiss olunmaqdadır”.

“Yeni baxış tərzinə uyğun olaraq ABŞ regiondakı suveren dövlətlərlə Rusiyadan ayrı olaraq əlaqə qurmağa və inkişaf etdirməyə çalışacaq. Bunların içində Azərbaycana birbaşa silah satışının başlanması da var",- R.Safratsyan vurğulayıb.


Tarix: 31-10-2018, 13:30
Xəbəri paylaş





Xəbər lenti