Ermənistanı qorxuya salan PLAN, bütün SİRLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər. İsveç Cənubi Qafqaz ölkələrinə, o cümlədən Ermənistanın Müdafiə Nazirliyinə SAAB şirkətinin istehsalı olan JAS-39 qırıcıları təklif edib. Suriyanın şimalında YPG/PKK terror təşkilatının mövqeləri Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb. Moskva Qərbi Rusiyaya sərhəddə hərbi fəallığın artması və sanksiyaların müddətinin uzadılması formasında güclü təzyiq göstərməkdə ittiham edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər. Həmsədrlər Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.
Bako Saakyan görüşdə həmsədrlərdən Dağlıq Qarabağın da danışıqlarda tərəf kimi iştirakının təmin edilməsi ilə bağlı xahiş edib. İddia edib ki, münaqişənin həllinə nail olmaq üçün Qarabağ separatçıları danışıqlar prosesinin bütün mərhələlərində iştirak etməlidir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir. Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib.
“ABŞ Azərbaycana silah satışına başlaya bilər”. Bu iddia ilə Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, politoloq Ruben Safrastyan çıxış edib.
Erməni politoloq deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu günlərdə regiona səfərinin əsas məqsədi Bakı-Vaşinqton münasibətlərinin möhkəmləndirilməsi və İranın təsirlərinin zəiflədilməsi idi.
“Vaşinqton Azərbaycan və İran münasibətlərini nəzərə alaraq, Bakıya müxtəlif layihələr təklif etmək fikrindədir. ABŞ üçün ən əhəmiyyətli planlardan biri də Xəzər dənizində azad iqtisadi zonanın yaradılması ola bilər. Hesab edirəm ki, Tramp Administrasiyası “907-ci düzəlişi” ləğv edə və Azərbaycana silah satışına başlaya bilər”, - deyə o bildirib.
Safrastyan əlavə edib ki, ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyət və gələcəkdə silah satışını həyata keçirməyi düşünməsi Bakının gücünü daha da artıracaq.
İsveç Cənubi Qafqaz ölkələrinə. o cümlədən Ermənistanın Müdafiə Nazirliyinə SAAB şirkətinin istehsalı olan JAS-39 qırıcıları təklif edib. Bu barədə “Reqnum” informasiya yayıb.
Bu hadisə demək olar ki, Con Boltonun İrəvana səfərindən dərhal sonra baş verib. Xatırladaq ki, Bolton İrəvana rus silahları əvəzinə daha ucuz və keyfiyyətli ABŞ silahları təklif etmişdi.
Nəşrin məlumatına görə, Ermənistana 8 qırıcı təyyarənin satışı təklif edilib. Təyyarələrin satış qiymətinin 55-60 milyon avro arasında olduğu bildirilir.
JAS-39 yüngül təkmühərrikli dördüncü nəsil qırıcı təyyarə hesab olunur. 800 kilometr döyüş radiusuna sahib olan qırıcı eyni zamanda həm hava-yer, həm də hava-hava tipli raketlər daşımaq imkanlarına malikdir.
Suriyanın şimalında YPG/PKK terror təşkilatının mövqeləri Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb.Zərbələr nəticəsində 4 terrorçu ölüb, 6-sı yaralanıb.
Türkiyə Silahlı qüvvələri Suriyada Fərat çayının şərq sahilində yerləşən Zor Mağar bölgəsində YPG/PKK terror təşkilatının mövqelərini bombalayıb.
Xatırladaq ki, oktyabrın 28-də terror təşkilatının mövqelərinə Türkiyə tərəfdən top atışları həyata keçirilib.
ABŞ PKK terror təşkilatına meydan açmaq üçün savaşa daxil edilən İŞİD terror təşkilatına silah-sursat çatdırıb. Türkiyənin “Yeni Şəfəq” nəşri İŞİD-ə silah-sursat tədarükünün sənədlərini əldə edib.
1987-ci ildə Suriyada həbsxanada PKK terror təşkilatına qoşulan və 2012-ci ildə Bəşər Əsəd tərəfindən azad edilən Davud kod adlı terrorçu İŞİD-in silahla təchizatının detallarını danışıb.
Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türk həmkarlarına İstanbulda öldürülən səudiyyəli journalist Camal Qaşıqçının cəsədinin harada olduğunu bildirməkdən imtina edib. Bu haqda “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadən bildirib.
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girən səudiyyəli jurnalist Camal Qaşıqçı əvvəlcədən hazırlanan plan uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib. Bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilib.
Bildirilir ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.
Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.
Rusiyaya sərhəddə hərbi fəallığın artması və sanksiyaların müddətinin uzadılması formasında ən güclü təzyiqlər edilir. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Rusiya həmyerlilərinin VI Ümumdünya Konqresinin açılışında bildirib.
Diplomat əlavə edib ki, həmyerlilərdən bir çoxu yaşadığı ölkələrdə bu mənfi tendensiyaların nəticələri ilə qarşılaşırlar.
Lavrov həmçinin, dünyada rusofob xəttinin gücləndirilməsindən danışıb.
“Rusofob xətti, həmçinin rus dilinə hücumlar güclənir, amma bu təxribatlar məğlub olur. Anti-Rusiya informasiya kampaniyası görünməmiş imkan əldə edib. Bir sıra dövlətlərdə rus dili və Rusiya təhsilinə hücumlar güclənir”, - Lavrov bildirib.
Ömər Dağlı
Tarix: 31-10-2018, 20:13
Xəbəri paylaş





Xəbər lenti