Sevimli ölkənin yenidən eybəcərləşən üzü


9 il öncə 10 gün (mayın 5-dən 16-na qədər) boyunca ABŞ-da oldum və bu ölkəni gerçəkdən də sevdim.

Dünyanın ən gözəl, abad, firavan, azad ölkələrindən biridir ABŞ. O zaman Amerika təəssüratlarım haqqında 5 qəzet səhifəsi həcmində yazı yazmışdım. Səfərimiz bir ay çəksəydi, yəqin ki, İlf və Petrovun “Birmərtəbəli Amerika” əsəri boyda bir mətn çıxacaqdı.

Ancaq bir çoxları kimi mənim də bu meqa-dövlətə münasibətim Donald Trampın hakimiyyətə gəlişindən sonra xeyli haçalanıb.

O, bizim, milyonların təsəvvüründə olan Amerika obrazını dağıtmaqla, onu eybəcərləşdirməklə məşğuldur.

Biz ABŞ-ı yer üzündə demokratiyanın dayağı, keşikçisi sayırdıq (ən azı ötən əsrin ikinci yarısında, hətta 2010-cu ilə qədər bu missiya ABŞ-ın üzərində idi), indi saya bilmirik. Çünki indiki ABŞ diktatorlara göz yumur.

Dünyada insan haqlarının qoruyucusu deyiləndə adamın ağlına ilk olaraq ABŞ gəlirdisə, indi ABŞ öz köhnə dövrlərində olduğu kimi, dərisinin rəngi, gözünün ölçüsü, doğum yerləri fərqli olanları rəsmi şəkildə xor görmək istiqamətində irəliləyir. İndi ABŞ Qaşıqçının qanını batırır.

Trampın “Hər şey güclü Amerika üçün” şüarı artıq “Amerika amerikalılar üçündür” kimi açıq faşist devizinə çevrilməkdədir.

Bu dövlətin tarixində çox qara dövrlər olub. Aborigen xalqların (hamı onları Kolumbun ağzı ilə yanlış olaraq “hindu” adlandırır) qırılıb-çatılması, bərəkətsiz torpaqlara qovulması, rezervuarlara doldurulması, soyqırıma məruz qoyulması hadisəsini bilir. Hələ qaradərili kölələrin başına hansı oyunlar gəlib - bunları Harriyet Biçer Stounun “Tom dayının daxmasl” kimi romanlardan sakit oxumaq olmur. Cəmi 200-250 il öncə insanlara nə zülmlər ediblər.

Ancaq ABŞ son qərinələrdə bu ləkələrdən arınmaqdaydı. Ötən əsrin ortalarında adam yerinə qoyulmayan, Məhəmməd Əli kimi əfsanəvi idmançını öz qızıl medalını körpüdən çaya atmağa vadar edən, ağladan irqi ayrı-seçkiliyə son qoyulmuşdu, qaradərililərin hüquqları tanınmışdı. Onlar artıq nəinki adam sayılırdılar, hətta seçib-seçilmək hüququna yiyələnmişdilər. Senator, konqresmen, qubernator, hətta dövlət katibi, prezident seçilirdilər.

Qaradərililər, meksikalılar özlərini bu ölkədə çox inamlı hiss etməyə başlamışdılar. Biz ABŞ-da, Ağ Evin qarşısında olarkən ölkənin başqa ştatlarından Vaşinqtonu ziyarətə gəlmiş qaradərili yeniyetmələr əllərini Ağ Evə uzadır, “Blək hauz” (“Qara ev”) deyərək,  prezident Obamanın qaradərili olmasına eyham edir, qəhqəhə ilə gülüşürdülər.

İndi prezident Donald Tramp ABŞ-ı o qara günlərə döndərmək fikrindədir. Onun ölkə ərazisində ABŞ vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəməsi bu dövlətin tarixində yeni bir qara səhifə açacaq.

İnsanlar ya vəlvələdən, ya zəlzələdən, daha çox isə labüd ölüm qorxusundan, xroniki kasıbçılıqdan ölkələrini dəyişirlər. Bütün Avropa dünyanın dörd bir yanından gəlmiş mühacirlərlə qaynaşır. Ancaq dünyanın bütün qaçqınlarını öz 50 ştatında səssiz-səmirsiz, hiss olunmadan, problemsiz yerləşdirə biləcək ABŞ bu qlobal problemin həllinə yardımçı olmaq istəmir. Əksinə, məcburi repatriasiya (mühacirlərin geri qayıtması) prosesi başlatmaq istəyir. 

ABŞ özü başdan-başa mühacirlər ölkəsidir. Ancaq indi daha əvvəlki mühacirlərin nəslindən olanlar daha sonrakı mühacirlərin ABŞ-da nəsil artırmasını istəmirlər.

Trampın özünün də ata-babası ABŞ-a Almaniyadan gedib, birinci həyat yoldaşı İvanna Çexiyadan olub, ikinci arvadı Melania Sloveniyadandır. Öz övladları kimi, kürəkəni Cared də əslən köhnə amerikalı deyil.

Buna baxmayaraq, indi bu “gəlmə”lər sonrakı “gəlmə”ləri xor görür. Tramp deyir: “Biz dünyada yeganə ölkəyik ki, kimsə buraya gəlir, onun övladı olur və bu uşaq bütün imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilir. Bu ağlasığmazdır. Buna son qoymaq lazımdır”.

Tramp yalan deyir. ABŞ dünyada bunu edən yeganə ölkə deyil. Avropada ölkələrin bir çoxu mühacirlər üçün daha əlverişli şəraitlər yaradıblar.

Tramp, sadəcə, özünü bütün dünyaya qarşı qoyub və neofaşist ideyaları yayır. O, bəşər əhli üçün təhlükəli biridir. Bu adam ABŞ-ı dünyanın ən istənilməyən ölkəsi edəcək.

 

Xalid KAZIMLI
Tarix: 1-11-2018, 08:46
Xəbəri paylaş





Xəbər lenti