Qarabağda böyük sülh üçün ən uğurlu format - vasitəsiz danışıqlar


ATƏT-in Minsk Qrupuna olan inamı bərpa eləmək artıq mümkün deyil, çünki...; Tofiq Zülfüqarov: “Rusiya təşəbbüsü ABŞ-a verəcək...”

2018-ci ilin 10 ayı arxada qaldı. Ötən dövrdə Azərbaycan və Ermənistan rəhbərlərinin Cenevrə və Düşənbə görüşləri istisna olmaqla, münaqişə tərəfləri arasında yaddaqalan, hansısa pozitiv nəticəyə gətirən danışıqlar qeydə alınmadı. Son 6 ay isə işğalçı Ermənistanda inqilab sonrası yaranan qeyri-müəyyən vəziyyət üzündən, həmçinin baş nazir əvəzi Nikol Paşinyanın Qarabağa dair verdiyi ziddiyyətli bəyanatlar səbəbindən sülh prosesini irəli aparmaq mümkün olmur. Hərçənd ATƏT-in Minsk Qrupu həmsədrləri nəsə eləməyə çalışırlar.

Söz düşmüşkən, artıq onların regiona növbəti səfəri başlayıb. Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda olan həmsədrlər bu gün - noyabrın 1-də Bakıya gələcəklər. Məlumatlara görə, vasitəçi-diplomatlar, faktiki, dalanda olan sülh danışıqlarına yeni dinamika, nəfəs verməyə təşəbbüs göstərəcəklər. Hədəf də odur ki, heç olmasa, ilin qalan iki ayında, 2018-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşə nail  olunsun, müharibə riski artmasın. Ancaq Ermənistanın seçki zolağına girməsi bu səyləri bəri başdan nəticəsiz edir. Ona görə ki, Paşinyan komandası seçkilər bitməyincə konfliktlə bağlı hansısa addım atmağı riskli hesab edir.

Bu mənada həmsədrlərin budəfəki səfərinin də əvvəlkilərdən ciddi fərqlənməyəcəyi ehtimalı böyükdür. Ümumiyyətlə, Minsk Qrupu formatında danışıqların səmərə vermədiyi barədə qənaətlər son vaxtlar xeyli çoxalıb. Xüsusən də Azərbaycan tərəfindən bu quruma inam faktiki, sıfırın yanındadır. Az öncə həmsədr ölkələrdən biri kimi Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı səslənən çağırışlar bunun növbəti bariz təsdiqidir.

Təbii ki, ərazinin 20%-i işğal altında olan Azərbaycanın buna tam haqqı var. Ermənistan üçün nə fərqi, ona belə status-kvo haradasa sərf edir - hərgah ilbəil ağırlaşan blokda rejimi işğalçı ölkədə iqtisadi-maliyyə böhranını daha da dərinləşdirir və onun tam iqtisadi çöküşünü yaxınlaşdırır.

*****

Bu arada deputat Zahid Oruc Milli Məclisin son plenar iclasında Qarabağ məsələsi ilə bağlı maraqlı təklif verib. Son iki il ərzində Qarabağ məsələsi ətrafında danışıqların böyük fasilələrlə keçdiyini deyən və Düşənbədə Azərbaycan və Ermənistan rəhbərliyi arasında əldə olunmuş anlaşmanı xatırladan deputat savaşın iki dövlət arasında deyil, digər güc mərkəzləri arasında münaqişə olduğunu bildirib. Qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Rusiya, Fransa və ABŞ-ın mənafelərindən asılı duruma düşüb. O, indiki durumda irəliləyiş əldə etmək üçün konkret təklif verib: “Prezident, müdafiə nazirləri səviyyəsində olmasa da, orta ranqlı şəxslər səviyyəsində birbaşa əlaqə yaratmaq olar. Təklif edirəm ki, danışıqlar Ermənistan-Azərbaycan rəhbərliyi arasında birbaşa keçirilsin. Çox mümkündür ki, gələcəkdə bu görüşə Dağlıq Qarabağın icmalarının nümayəndələri də daxil ola bilər. Mən bu formatlı görüşün nəticəsinə daha inamlı yanaşıram, nəinki Minsk Qrupuna”.

*****

tofiq zülfüqarov ile ilgili görsel sonucu

Lakin birbaşa danışıqların effektli olması üçün ən əvvəl Ermənistan buna hazır olmalı, iki qonşu ölkə arasında on illərdir davam edən münaqişəyə son qoymaq üçün İrəvan iradə nümayiş etdirməlidir. Eyni zamanda öz xalqını başqa alternativin olmadığına inandırmalıdır. 

“Hamıya bəllidir ki, Ermənistanda böhranın əsas səbəbi Dağlıq Qarabağ konfliktinin həll edilməməsidir. İstər köhnə iqtidar olsun, istərsə də yeni iqtidar, Qarabağ problemini həll etmədən Ermənistanı böhrandan çıxara bilməyəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofioq Zülfüqarov axar.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, indi əsas məsələ konfliktin həllində əhəmiyyətli irəliləyişlərin əldə olunmasıdır. Bu irəliləyişlər isə torpaqlar azad olunmadan mümkün deyil.

“Hakimiyyətə gələn yeni qüvvələr Ermənistanın inkişafı yolundakı ən əsas maneəni aradan götürmək istəsələr, onda Azərbaycan danışıqlara başlayacaq. Əks təqdirdə, Ermənistanda köhnə vəziyyət davam edəcək və bu fonda müharibə qaçılmaz olacaq. Bu baxımdan da müzakirələri məhz seçkilərdən sonrakı xətt formalaşdıracaq”, - deyə sabiq diplomat qeyd edib.

Politoloqa görə, ümumiyyətlə, Ermənistanın siyasəti başdan-ayağa problemlərdən ibarətdir: “Ən əsas problemi isə Ermənistana investisiya qoyulması və bu ölkənin inkişaf etməsi ilə bağlıdır. Ermənistanda bu investisiyaların mənbəyi kimi Qərbi görürlər. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün təhlükəsizlik zəmanəti baxımından Rusiyanı da itirmək istəmirlər. Ancaq bu ikili siyasət gec-tez böhrana gətirib çıxaracaq və Ermənistanın siyasətinə ən böyük zərbə məhz bu istiqamətdən dəyəcək. Nəticədə Ermənistan siyasəti iki hissəyə bölünəcək... Ermənistan tamamilə dağılma təhlükəsi ilə üz-üzədir. Çünki əhalisi olmayan ölkə öz mövcudluğunu sürdürə bilməz. Ölkənin bütün iqtisadiyyatı Rusiyanın əlindədir, əvəzində isə nə investisiya, nə inkişaf, nə də iş yerləri var. Ermənistanda bazar belə qalmayıb. Bu baxımdan da İrəvan çox ciddi seçim qarşısındadır”.

Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin  perspektivinə gəlincə, T. Zülfüqarov bildirib ki, Rusiya uzun müddətdən sonra aktivliyini ABŞ-a verməyə hazır olacaq və passiv mövqeyə keçəcək. “Çünki indiki mərhələdə ABŞ-ın Ermənistana təsiri daha böyükdür. Bu fonda həmsədrlərin regiona səfərinin digərlərindən fərqlənəcəyini istisna etmirəm”.

*****

Beləliklə, Qarabağ danışıqlarında hər hansı səviyyədə və ya hansısa yeni formatda irəliləyişin olması üçün ən azından, Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrini və yeni hökumətin formalaşmasını gözləmək lazım gələcək. Lakin deyildiyi kimi, istər köhnə iqtidar olsun, istərsə də yeni hakimiyyət, Ermənistan Qarabağla bağlı konstruktiv seçim eləmək zorundadır. Əks təqdirdə, böyük müharibənin önündə heç bir maneə qalmayacaq. Bu müharibədən isə Ermənistan dövlət olaraq, sadəcə, çıxmaya bilər...

Tarix: 1-11-2018, 09:13
Xəbəri paylaş





Xəbər lenti