Gürcü dərsi: demokratiya proses kimi də gözəldir...


Gürcüstanda prezidentlik institutu həlledici bir post sayılmasa da B.İvanişvilinin “Gürcü arzusu” koalisiyası məğlubiyyəti heç vaxt indiki kimi yaxından duymamışdı. Düzdür, artıq hakim partiya seçkidə iştirak etməməyə qərar verəndə aydın idi ki, işlər heç də qaydasında deyil.

Heç sözsüz, ikinci tur baş tutmayınca, seçkilər tamamilə bitməyincə, yekun söz demək düzgün olmaz, çünki seçkidə həmişə qeyri-müəyyənlik elementləri, hətta sürprizlər olur. Amma burada iki məqam var.

Birincisi, demək olar ki, hamı etiraf edir ki, seçkilər çox demokratik keçib. Bu isə o deməkdir ki, hakim “Gürcü arzusu” koalisiyası “administratv resurs”larından istifadə etməyib və seçkiyə hansısa formada müdaxilə etməyə çalışmayıbdır. Onların belə fikri olsaydı artıq ilk turda məsələni öz xeyirlərinə həll edərdilər. 

İkincisi, ədədlər də bəzən çox şey deyir və təsadüfi deyil ki, artıq bir çoxları Gürcüstanda təzədən Saakaşvili erasının başlanmasından xəbər verir. Biz bu məqamda da tələsməzdik. Həmişə demişik ki, gürcü Çesi adlandırdığımız Mixeil qardaşda avantürizmə meyl olsa da, o, olduqca passionar və qətiyyətli, həm də orijinal adamdır. Üstəlik, gürcülərin də götür-qoy etməsi, düşünüb-daşınması üçün çox vaxtları oldu. İndi daha çox adam bu fikirdədir ki, M.Saakaşvilidən sonra ölkə yerində saymaqla məşğuldur...

Məsələ bundadır ki, iş adamı B.İvanişvilinin böyük vədləri tamamilə blef çıxdı: Rusiya nə Abxaziyanı və Cənubi Osetiyanı qaytardı, nə də ki, sovet dövründən qalmış fabrik və zavodlar işə düşdü. Ən əsası da Rusiya ilə əlaqələr düzəlmədi və bu günə qədər Rusiya səfirliyi səhv etmiriksə, İsveçrə səfirliyində bir neçə otaq kirayələməklə keçinir.

Bəli, blef çox oldu, amma insaf xatirinə demək lazımdır ki, əvvəlki yoldan - Qərbə istiqamət götürən siyasətdən ciddi sapmalar da olmadı və indinin özündə də Gürcüstan Cənubi Qafqazın ən ardıcıl qərbpərəst və Qərblə inteqrasiyaya həqiqətən də ciddi yanaşan yeganə ölkəsidir.

Artıq siyasi proseslərdə, seçkilərdə də Tbilisi Qərb nümunəsini nəzərə çarpdırmaqdadı: M.Saakaşvili vaxtilə seçkidə uduzduğunu etiraf etməyə güc tapdığı kimi, “Gürcü arzusu” koalisiyası da düzgün seçki keçirməyə və ölkədəki kövrək demokratik ənənələri gücləndirməyə çalışır. Bunun özü də çox böyük işdi, dərhal görünür ki, Gürcüstanın bir ölkə kimi, özü də Qərbə istiqamət götürən ölkə kimi gələcəyi var.

O ki qaldı bütün bunların regional müstəviyə proyeksiyasına, demokratiya yenidən Cənubi Qafqaza üz tutmaqdadır, sadəcə, biz hər vaxt olduğu kimi o qədər dərin yuxuya getmişik ki, bundan tamamilə xəbərsizik, demokratiya Gürcüstanda tam oturuşduğu və hətta dılğır Ermənistana da belə ayaq açdığı halda biz hələ də demokratiyanın dünya üzrə “arxa plan”a keçməsindən, guya dünya gücləri və təşkilatları üçün onun daha “önəm daşımamasından” dəm vururuq...

Halbuki qətiyyən belə deyildir. Harada demokratiya uğrunda səylər varsa, ora dəstək də var, yox, əgər bu səylər yoxdursa, əvəzində mürgüləyən xalq varsa, o halda böyük dövlətlər də, təşkilatlar da bura əmək sərf etməyi yersiz hesab edirlər.

Xüsusən də Cənubi Qafqazda hər şey gün kimi aydındır: Gürcüstanı artıq çətin ki, kimsə yolundan döndərə bilsin. O ki qaldı Ermənistana, bu dılğır ölkə də axsaya-axsaya, büdrəyə-büdrəyə demokratiyaya doğru gedir; düzdür, demokratiyaya doğru gedişi də bir azacıq özünəməxsus və ermənisayaqdır, hətta bəzən buz üstünə çıxmış dana kimi gözlərini elə  bərəldirlər ki, adam tamam başqa fikirlərə düşür. Düşünürsən ki, bunlar deyəsən, növbəti dəfə hansısa erməni oyunu qururlar.

Amma belə deyil. Əlbəttə ki, məxsusi erməni epitetləri və yarlıkları olmadan keçinə bilmirlər. Serj müəllimi hakimiyyətdən salmağı elə qələmə verirlər ki, sanki tarix tamam səhv-dəyişik düşübdür və Tiqran qədim romalılar üzərində qələbə çalıbdır...

Fəqət, bunlar ikinci dərəcəli məsələlərdir. Ən əsası odur ki, başa düşək ki, bu dəfə demokratiya Cənubi Qafqazda heç də qonaq deyildir, əksinə burada həmişəlik yerləşmək, oturuşmaq niyyətindədir. Biz də bu gəlişdən xəbər tutsaq, bundan nəticə çıxarsaq, heç də pis olmaz; məsələ, kimin hakimiyyət və yaxud kimin müxalifət olmasında da deyil, inanın ki, demokratiya elə proses kimi də gözəldir...

Hüseynbala Səlimov
Tarix: 1-11-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti