Dünyada demokratiya böhranı varmı?


Politoloq: “Qərbdəki demokratiyanı hazır şəkildə Şərqə, Afrikaya, Latın Amerikasına tətbiq etmək olmaz”

Dünyada demokratiyanın artıq “öldüyünü”, onun yerini getdikcə millətçilərin, ultra-sağçı qüvvələrin tutduğunu söyləyənlərlə bərabər, bunun əksini iddia edənlər də var. Belə ki, Cambridge Universitetinin siyasət fakültəsinin başçısı David Runcimanın fikrincə, Trampın prezident seçilməsi demokratiyaya ənənəvi yanaşmanın sonu kimi şərh edilməməlidir. Əksinə, o, demokratiyanın orta yaş böhranı yaşadığını düşünür. 

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirdi ki, demokratiya haqqında belə bir fikir var ki, demokratiya ona görə yaxşıdır ki, ondan daha yaxşısı hələ kəşf olunmayıb: “Həqiqətən də demokratiya və onun ehtiva etdiyi prinsiplər dünya siyasi təlimlərinin ən böyük uğurlarından biridir, bəlkə də onun zirvəsidir. Lakin son dövrlərdə dünyada demokratiyanın böhran keçirməsi, hətta onun getdikcə aşınmaya məruz qalması, məhv olmasına dair pessimist fikirlər daha çox səslənir. Bu da ilk növbədə dünyada demokratiyanın ”beşiyi" olan, onun banilərinin mənsub olduğu ölkələrin yeritdiyi siyasətlə əlaqələndirilir. Demokratiyanın yarandığı və inkişaf etdiyi Qərb ölkələrinin bəzən demokratiyanı yaymaq adı altında işğalçı siyasət yeritməsi, dünyanın ayrı-ayrı bölgələrində münaqişələri alovlandırması, öz maraqları naminə milyonlarla insanın ölməsi, qaçqına çevrilməsi ilə nəticələnən proseslərə təkan vermələri və bunu məhz demokratiyanı yaymaq adı altında həyata keçirmələri demokratiyaya inamı zəiflədir. Belə bir fikir var ki, demokratlar heç zaman bir-biriləri ilə vuruşmurlar. Doğrudur, Qərb ölkələri İkinci Dünya müharibəsindən sonra açıq savaşa girmirlər. Lakin demokratik ölkələrin başqa dünya ölkələri ilə münasibətləri təəssüf ki, az hallarda bu prinsip üzərində qurulur. Daha çox milli maraqlar, biznes maraqları, böyük transmilli şirkətlərin, hərbi-sənaye konsernlərinin mənafeyi əsas götürülür. Təbii ki, hər ölkənin öz xüsusiyyəti, keçdiyi tarixi yol var. Odur ki, Qərbdə mövcud olan demokratiyanı hazır şəkildə Şərq ölkələrinə, Afrikaya, Latın Amerikasına tətbiq etmək olmaz. Hər bir ölkə təkamül nəticəsində demokratiyanı mənimsəməli, dərk etməlidir".

Politoloq Runcimanın bu fikri ilə razılaşır ki, Trampın prezident seçilməsini demokratiyaya ənənəvi yanaşmanın sonu hesab etmək olmaz: “Çünki ABŞ demokratiyası elə möhkəm təməllər üzərində qurulub ki, prezident sistemi yox, sistem onu demokratiyaya uyğun işləməyə məcbur edir. ABŞ-ın siyasi sistemində mexanizm o şəkildə qurulub ki, demokratiyaya zidd addım atmağa cəhd edən istənilən prezident dərhal impiçmentə göndərilir. Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamenti Ağ Ev üzərində müəyyən təsir imkanlarına malikdir. Odur ki, Tramp, yaxud başqa prezidentin seçilməsi ABŞ demokratiyasına xələl gətirmir. Seçicilərin son illərdə Avropada radikal siyasi partiyalara səs verməsi demokratiyadan uzaqlaşma kimi qiymətləndirilir. Əlbəttə, tolerantlıq, insan haqlarına hörmət demokratiyanın əsas prinsiplərindəndir. Lakin Avropa seçiciləri miqrantları ölkədən çıxarmağı vəd edən radikal siyasətçiləri hakimiyyətə gətirməklə demokratiyanı pozduqlarını düşünmürlər. Əksinə, ölkələrinə axın etmiş yüz minlərlə miqrantın onların dəyərlərinə, o cümlədən demokratiyaya zərbə vurduqlarına inanırlar. Lakin bu, daha çox qloballaşmanın, müharibələrin gətirdiyi problemlərdən irəli gəlir və demokratiyanın böhranı, Avropalı seçicilərin düşüncəsində demokratiyaya münasibətin dəyişməsi ilə izah olunması doğru deyil. Qloballaşmanın maraqlı bir cəhəti dünyada varlı ölkələrin daha da varlanması, yoxsul ölkələrin isə daha da kasıblaşmasıdır. Lakin qəribəlik bundan ibarətdir ki, bu fonda varlı ölkələrin əhalisi yoxsullaşır, yoxsul ölkələrin əhalisinin isə gəlirləri artır. Məsələn, dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf tempi 1980-2000-ci illərdə xeyli artıb. Burada daha bir maraqlı məqam ortaya çıxır. Planetdə ən çox yoxsullar əhalisi milyardı keçmiş Çində və Hindistanda yaşayır. Ancaq qloballaşma sayəsində bu ölkələrin əhalisi xeyli varlanıb. Buna səbəb onların ucuz işçi qüvvəsi kimi istifadə olunması, bir çox istehsal müəssisələrinin dünyanın inkişaf etmiş ölkələrindən bu iki Asiya ölkəsinə köçürülməsidir. Sanki dünyada sosial ədalət, bərabərlik bərqərar olub. Varlı ölkələrin əhalisi yoxsullaşır, yoxsul ölkələrin əhalisi isə varlanır. Çünki qloballaşma nəticəsində, dediyimiz kimi, inkişaf eləmiş ölkələrdəki müəssisələr əsasən Çinə köçür, deməli, bu ölkələrin əhalisi iş yerlərini itirir. Eyni zamanda yoxsul ölkələrin əhalisi əmək miqrantı kimi ABŞ-a və Avropaya üz tuturlar. Nəticədə həmin ABŞ-da və Avropada öz yerli əhalisinin güzəranı pisləşir”.

Politoloq xatırladır ki, Amerikada son illərdə ali təhsili olmayan şəxslərin çoxu bir dəfə də olsun özünə iş tapıb işləyə bilməyib: “Məhz Qərbdəki bu narazı kütlə radikal liderlərin, populist siyasi partiyaların əsas elektoratıdır. Qloballaşmanın da əsas qurbanı elə ona liderlik edən ABŞ-ın özüdür. ABŞ siyasi liderə çevrilsə də, iqtisadi rəqabətdə Çinə uduzur. Trampa səs verən amerikalılar onun Meksika ilə sərhəddə sədd çəkəcəyinə ümid ediblər. Ancaq latın amerikalılar ABŞ əhalisinin 17,6 faizini təşkil edir. Fransa əhalisinin 10 faizi müsəlman, Almaniya əhalisinin 20 faizi miqrantdır. Artıq bəşəriyyət dördüncü sənaye inqilabı ilə üz-üzədir: biotexnologiyalar, nanotexnologiyalar, süni intellekt və s. Odur ki, demokratiyanın böhran keçirdiyini yox, dünyada baş verən bir sıra mənfi yönümlü proseslərin, təcavüzkar xarici siyasətlərin demokratiya pərdəsi altında həyata keçirilməsinin demokratiya barədə yanlış təsəvvür yaratdığını demək mümkündür”.


Tarix: 1-11-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti