Tehranın Qarabağ mövqeyi İrəvanı silkələdi - TƏHLİL


Tehranın Qarabağ mövqeyi İrəvanı silkələdi
Bütün bu siyasi proseslər timsalında Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib. Bu da İranın maraqlarına cavab vermir. Eyni zamanda, Paşinyanın Qərbə meyilliliyi Rusiyanı da qıcıqlandırır. Fikrimcə, Paşinyan və onun komandasının Rusiya ilə olan münasibətlərində mövcud gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşaması onların hakimiyyətinin sonu deməkdir.

Bu sözləri Axar.az-a İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü zamanı imzaladığı İstanbul bəyannaməsinə münasibət bildirən analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, qəbul olunan bəyannamə Ermənistan tərəfindən təəssüf hissə ilə qarşılanıb və erməni cəmiyyətində narahatlıq yaradıb:

“Buna səbəb İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalaması, Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyinin daha da zəifləməsi və getdikcə təklənməsi deməkdir. Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri gec-tez Qarbağla bağlı həqiqətləri qəbul edir. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb. İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz qardaşlıq mövqeyini nümayiş etdirərək Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir”.

Analitik qeyd edib ki, Ermənistan KİV-ləri İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atmasının böyük narahatlığa səbəb olduğunu yazır:

“Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində bitərəflik prinsipini rəhbər tutub”.

Analitik İran-Ermənistan münasibətlərində soyuqluq olub-olmaması ilə bağlı məsələyə də münasibət bildirib:

“Bir neçə ay bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır. Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdü. Bu isə səmərəli danışıqlar üçün uyğun format hesab edilmir. Bundan əlavə, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də istənilən səviyyədə deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir”.

Analitik vurğulayıb ki, ABŞ Prezidenti Donald Trumpın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu amilin reallaşdırılması üçün atılmış ilk addım olaraq qiymətləndirilməlidir:

“Buna görə də İran regionda Amerika varlığından narahatdır, bu isə, sözsüz ki, daxili və xarici böhran içərisində olan Ermənistana da təsir edir”.

Qeyd edək ki, 30 oktyabr tarixində İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.
 
Tarix: 2-11-2018, 09:50
Xəbəri paylaş





Xəbər lenti