Minsk Qrupundan imtina olunmalı və ya ən azından qrupun formatı DƏYİŞDİRİLMƏLİDİR

 Çünki həmsədr ölkələr Ermənistanın maraqlarına uyğun, Azərbaycanın isə mənafeyinin əksinə hərəkət edir
Parlamentin oktyabrın 30-da keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc ATƏT-in Minsk Qrupuna ehtiyacın olmadığını bildirib. Belə ki, bunun bir qədər səs-küylü bəyanat ola biləcəyini vurğulayan millət vəkilinin sözlərinə görə, buna rəğmən, cəmiyyət, o cümlədən dövlət Minsk Qrupu ilə bağlı qərar verməlidir.
Zahid Orucun fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir: "Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna. Çünki Minsk Qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qəbul olunmur. Ona görə ki, həmsədrlər münaqişənin nizamlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gerçək addımlar atmırlar".
Söz yox ki, Zahid Oruc Minsk Qrupu ilə bağlı mövqeyində tamamilə haqlıdır. Çünki həmsədrlərin Qarabağ münaqişəsinə yanaşmasında ciddi qüsurlar var. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ probleminin əsası 1988-ci ildə Rusiyanın özünü hüquqi varisi elan etdiyi SSRİ tərəfindən qoyulub. Düzdür, buna qədər Azərbaycan ərazisində yaşayan ermənilər dəfələrlə təxribata əl atıb, soydaşlarımıza, dinc əhaliyə qarşı hücumlar təşkil edib və yüzlərlə, minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirib. Bunu inkar etmək mümkün deyil. Çünki ortada konkret tarixi faktlar, tutarlı dəlil və sübutlar mövcuddur. Yəni bu, bir həqiqətdir ki, Çar Rusiyasına, sovet hökumətinə, eləcə də bu günkü Rusiyaya arxalanan ermənilər daim saman altından su yeridərək Azərbaycan xalqına qarşı ən qatı cinayətləri törədib. Birinci Qarabağ savaşına gəlincə, bu məsələdə də Rusiyanın müstəsna rolu olub. Belə ki, Kreml yenicə müstəqillik əldə etmiş Azərbaycanı qonşu və qardaş Türkiyədən ayırmaq, onu özündən asılı vəziyyətdə saxlamaq məqsədi ilə münaqişə ocağını daha da alovlandırmağa nail oldu. Bununla da rəsmi Moskvanın hərbi, siyasi və iqtisadi dəstəyinə güvənən Ermənistan uzun illərdən bəri gah açıq, gah da üstüörtülü şəkildə Azərbaycana qarşı sərgilədiyi ərazi iddialarını reallaşdırmağa, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməyi bacardı. Məsələnin maraqlı tərəfi ondadır ki, rəsmi İrəvan hərdən qondanma Dağlıq Qarabağ Respublikasının "öz müqəddəratını" müstəqil şəkildə həll etdiyini, yəni Ermənistanın bu məsələdə iştirakının olmadığını bildirsə də, İrəvanın münaqişənin həllinə dair səsləndirdiyi fikirlərlə iç üzünü açıb ortaya qoyur, yalan, uydurma və cəfəng bəyanatları ilə həm özlərini, həm də dünya ictimaiyyətini aldatdıqlarını sübuta yetirirlər.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının müxtəlif səbəbləri var. Lakin ən əsası beynəlxalq birliyin təcavüzkar Ermənistana lazımi təzyiq göstərməməsidir. Bu, birmənalı şəkildə belədir. Uzun illərdir ki, problem ətrafında danışıqlar prosesi getsə də, beynəlxalq birlik münaqişənin ədalətli həlli istiqamətində heç bir konkret və təsirli addım atmayıb. Elə buna görə də rəsmi İrəvan işğalçılıq siyasətindən əl çəkmir, açıq şəkildə beynəlxalq hüquq prinsiplərinə məhəl qoymadığını nümayiş etdirir. Məhz elə bu səbəbdən də ATƏT-in Minsk Qrupundan imtina olunmalı və bundan sonra Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyası, o cümlədən NATO müstəvisinə çıxarılmalı, ya da ən azından qrupun formatı dəyişdirilməlidir. Çünki Minsk Qrupu birbaşa Ermənistanın maraqlarına uyğun, Azərbaycanın isə mənafeyinin əksinə hərəkət edir.
Bu arada, qeyd edək ki, mövzuya təxminən, bu mövqedən yanaşan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deputat Zahid Orucun parlamentdə səsləndirdiyi təklifi dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar: "Polşalı Andjey Kaspçik ölkəsinin XİN sisteminə qayıtmır ki, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır, bu illərdə əldə etdiyi gəlir hesabına bir neçə villa alıb (bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm). Yəni bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə". Məhz elə bu səbəbdən də politoloq hesab edir ki, danışıqları vasitəçisiz birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır: "Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədlər gedirlər İrəvana, oradan gəlirlər Xankəndiyə və Bakıya, ordan bura, burdan da ora xəbər aparırlar, ortada da heç nə yox".
Hurriyyet.org
Tarix: 2-11-2018, 19:56
Xəbəri paylaş





Xəbər lenti