Qarabağda müharibə ELANI, sentyabrın 17-DƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov da Dağlıq Qarabağ münaqişəsindən danışıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər. ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib. “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır.
Regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) - əvvəlcə İrəvana, ardınca işğal altındakı Qarabağ bölgəsinə, daha sonra Bakıya gəldi. Həmsədrlərin məqsədi heç bir nəticə olmasa da həmişəki kimi münaqişə ətrafında müzakirələrin aparılması idi. Budəfəki işçi səfərdə diqqət çəkən məqam rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməkdən imtina etməsi olub. İşğal altındakı ərazilərə yalnız ABŞ və Fransa nümayəndəsi gedib.
Bu detal regionda baş verən proseslər və bunun Qarabağ münaqişəsinə təsiri baxımından iki ehtimalı önə çıxarır.
Ermənistanda daxili proseslər başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar tapmaq çətin məsələdir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.
“Bakı və İrəvanda Qarabağ münaqişəsi üzrə dialoqun davam etdirilməsi üçün yüksək səviyyədə istək var”. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Popov qeyd edib ki, növbəti ay Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçiriləcəyinə ümidlər var: “Bu görüşdə münaqişənin nizama salınmasının əsas prinsipləri və etibarın möhkəmləndirilməsi müzakirə ediləcək. Prinsipial olaraq anladıq ki, dialoqun davamı üçün yüksək səviyyədə istək mövcuddur”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Bu haqda təşkilatın saytında bildirilir.
Xatırladaq ki, iyulun sonunda Yuri Xaçaturov İrəvana dindirməyə çağırılmışdı. Ermənistanın Xüsusi İstintaq Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilirdi ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nın baş katibi onda həbs edildi, amma sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxıldı.
Xaçaturov azad edilməsi üçün 5 milyon dram girov qoyulmuşdu.
Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Bu barədə Türkiyə Prezident Administrasiyasından deyiblər. Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:
“Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.
Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.
Vurğulanıb ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir “erməni soyqırımı”nın olmadığını təsdiq edir.
Nikol Paşinyan noyabrın 1-də Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə növbəti qanunsuz səfərini reallaşdırıb. Onu Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.
Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər. Noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Prezidentlərin telefon söhbətində qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə edilib.
Türkiyədə növbəti genişmiqyaslı terror aktlarının qarşısı alınıb. Diyarbəkr vilayətinin Dəclə mahalında böyük şəhərlərdə terror aktları həyata keçirməyə hazırlaşan 3 PKK-lı, külli miqdarda silah və sursat ələ keçirilib.
Malatya vilayətində isə bir avtomobildə 28 kiloqram partlayıcı və partlayıcı qurğu ələ keçirilib. Avtomobilin sürücüsü saxlanılıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – red.) müşaviri Yasin Aktay Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə əlaqədar açıqlamalar verib. O, jurnalistin cəsədinin daha asan əridilməsi üçün parçalara ayrıldığını söyləyib.
“Qaşıqçının cəsədinin parçalandığı barədə məlumat bizdə var idi. Lakin hazırda görürük ki, cəsədi parçalara bölməklə kifayətlənməmişlər, onu əridərək yox ediblər. Cəsədi daha asan əritmək üçün parçalara ayırıblar. Məqsəd ondan heç bir iz buraxmamaq olub”, - müşavir deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzetinə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.
Suriyanın hökumət gücləri Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında imzalanan Soçi anlaşmasına əsasən, İdlibdə yaradılan təhlükəsizlik zonasına ağır silahlarla hücum ediblər.Hücumda ən azı 10 dinc sakin ölüb, onlarla insan yaralanıb.
Soçi razılaşmasından bu yana hökumət güclərinin hücumlarında ümumilikdə 19 dinc sakin öldürülüb.
Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil olmamalıdır. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.
İsrail sentyabrın 17-dən – Suriyanın hava hücumundan müdafiə sisteminin səhvən Rusiyanın “İl-20” hərbi təyyarəsini vurmasından sonra Suriya ərazisində heç bir sərbəst hərbi əməliyyat keçirməyib. Bu haqda “Contra Magazine” nəşri yazıb.
ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib. Bunu “Bloomberg”ə bunu Ağ evdəki mənbələr bildiriblər.
Müvafiq razılaşmaların bu gün rəsmən açıqlanması gözlənilir. Güzəştə gedilən ölkələrin adı çəkilməsə də, aralarında Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreyanın olduğu məlumdur. Mənbəyə görə, imtiyaz alan ölkələr bunun müqabilində qiymət artımının qarşısını almaq üçün ümumi neft idxalını azaltmaq öhdəliyini götürüblər.
Qeyd edək ki, bu il mayın 8-də ABŞ hökuməti İranın nüvə proqramına dair sazişdən çıxdıqlarını və İrana qarşı yeni sanklsiyalar tətbiq edəcəklərini açıqlamışdı. Noyabrın 4-də qüvvəyə minəcək sanksiyalar enerji sektoruna şamil edilir.
“Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır. Bu haqda Dövlət Departamentinin nümayəndəsi Robert Palladino bildirib.
O, brifinqdə qeyd edib ki, Dövlət Departamenti Rusiyanın kimyəvi silahın tətbiqi haqqında qanunun tələblərinə riayət edib-etmədiyi barədə məruzəni noyabrın 6-dan gec olmadan Konqresə təqdim etməyə məcburdur. Konsultasiyalar göstərilən tarixdən başlayacaq.
“Biz noyabrın 6-da Konqreslə konsultasiyalara başlamağa məcburuq, ancaq konsultasiyaların keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur”, - o vurğulayıb.
Şimali Koreya Ankarada səfirliyin açılması və humanitar yardımın alınması ilə bağlı Türkiyəyə müraciət edib. Bu haqda Türkiyənin Cənubi Koreyadakı səfiri Ersin Erçin yerli KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın bu müraciəti “sanksiyalar ləğv edilmədən heç bir şey edə bilmərik” deyə cavablandırılıb.
Ömər Dağlı
Tarix: 2-11-2018, 20:11
Xəbəri paylaş





Xəbər lenti