Qarabağ danışıqları haqda danışıqlar... bitdimi?


Həmsədrlərin bölgə səfəri ilə bağlı ekspertlərdən fərqli rəylər; rusiyalı politoloq: “Sülh prosesi gələn ilin əvvəlindən intensivləşə bilər”; azərbaycanlı şərhçi: “Danışıqlar prosesində hansısa dəyişiklik olarsa belə, bu, müharibə ehtimalının artması yönündə olacaq...”

ATƏT-in Minsk Qrupunun bölgəyə daha bir səfəri başa çatdı. Həmsədrlər ənənəvi marşrut üzrə Bakı və İrəvanda Azərbaycan və Ermənistan rəhbərləri ilə bir araya gəldilər, işğal altındakı Dağlıq Qarabağda oldular. Bu il üçün yəqin ki, sonuncu olacaq səfərin yekunu ilə bağlı hələ ki vasitəçilər hansısa bəyanat və ya açıqlama verməyiblər.

Böyük ehtimalla, həmsədrlər bu dəfə də əvvəlkilərdən fərqlənməyən növbətçi bəyanatla kifayətlənəcəklər, bir daha atəşkəsi qorumağın vacibliyini vurğulayacaqlar. Çünki Qarabağ konflikti ətrafında hazırkı situasiya, vasitəçi dövlətlərin, xüsusən də Rusiyanın problemin həllində maraqlı olmaması ayrı ehtimallara yer saxlamır. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dünən münaqişənin nizamlanmasında “Minsk Qrupunun səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan” danışıb.

Sitat: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səmərəliliyinin artması üçün lazım olan konkret addımlardan danışarkən qeyd etmək istərdim ki, bu, danışıqlar prosesidir, tərəflərlə əlaqələrdir, əldə olunmuş razılaşma əsasında irəliləmədir”. Zaxarova iddia edib ki, bütün bunlar diplomatik işlərdir və həyata keçirilir.

Bəs yaxın perspektivdə Qarabağ danışıqlarını nə gözləyir, sülh, yoxsa müharibə ehtimalları güclənəcək? Siyasi şərhçilərin bu yöndə təxminləri birmənalı deyil.

*****

“2019-cu ilin yanvarından Qarabağa dair danışıqlar intensivləşə bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı analitik, Moskvadakı Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin eksperti Mixail Neyjmyakov “İnterfaks-Azerbaydjana”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, həm də onunla bağlıdır ki, o vaxta Ermənistanda növbədənkənar parlament seçkiləri bitəcək və yeni hökumət formalaşacaq. “İkincisi, dekabr-yanvar aylarında bir qayda olaraq, beynəlxalq vasitəçilər daha fəal olurlar. Yada salım ki, bu ilin yanvarında Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Əgər 2019-cu ilin yanvarında da analoji görüş baş tutsa, bu, məhz ”danışıqlar haqda danışıq" olacaq", - deyə analitik qeyd edib.

Rusiyalı ekspert şübhə edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən Ermənistana Qarabağla bağlı məqbul və ciddi təklif verilib. “Tam mümkündür ki, Paşinyan Boltondan məhz Ermənistan üçün həqiqətən məqbul olan təklif almayıb. Bu xüsusda erməni baş nazirin açıqlaması əlamətdardır. Paşinyan bəyan eləmişdi ki, ”hər kəs öz adından danışa bilər, Bolton və ya hər hansı başqası Ermənistanın baş naziri adından danışa bilməz". Əlbəttə ki, Paşinyan bu yolla növbəti dəfə Qarabağa dair pərdəarxası miqyaslı danışıqlar haqda söz-söhbəti birdəfəlik kəsmək istəyib. Seçkilər ərəfəsində belə versiyaların peyda olması ona əsla əl vermir", - deyə təhlilçi bildirib.

Onun qənaətincə, yaranmış vəziyyətdə İrəvan Moskvadan uzaqlaşmamalı idi: “Bu fonda Ermənistanın Rusiyadan ciddi şəkildə uzaqlaşması sərfəli deyil. Buna da diqqət edək ki, İlham Əliyevlə Nikol Paşinyanın Düşənbə təmasından ən böyük uduşu dolayısıyla məhz Minsk Qrupu həmsədrlərindən olan  Rusiya qazandı. Axı görüş hər iki liderlə təmasda olan Vladimir Putinin qatıldığı MDB sammitdə baş vermişdi. Yada salın, sammitdə Putinlə Paşinyan bir küncdə nəyisə müzakirə edirdilər”.

Ancaq rusiyalı politoloqa görə, bu, heç də o demək deyil ki, Moskva-İrəvan münasibətlərində mürəkkəbliklər olmayacaq. “Amma Paşinyanın həqiqətən ciddi xarici siyasət dönüşləri eləmək üçün manevr məkanı elə də böyük deyil”, - deyə ekspert əlavə edib.

*****

“Həmsədrlərin bölgəyə budəfəki səfəri yəqin onunla bağlıdır ki, Ermənistanın indiki rəhbərliyi ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığının nə dərəcədə böyük olduğunu öyrənsinlər. Nədən ki, son vaxtlar Nikol Paşinyan hər yerdə bəyan edir ki, Dağlıq Qarabağ separatçıları adından danışıq aparmaq niyyətində deyil və işarə verir ki, onlar özləri Bakı ilə anlaşmalıdırlar. Özü isə Ermənistanın daxili problemlərinə diqqət yönəltmək istəyir”.

Erkin QÉdirli ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri rusdilli minval.az saytına müsahibəsində qeydə alınmamış REAL Partiyasının həmtəsisçisi, beynəlxalq hüquqşünas Erkin Qədirli Qarabağ ətrafında son durumu və həmsədrlərin bölgə səfərini şərh edərkən deyib.

Siyasi təhlilçi daha sonra deyib: “Məlumdur ki, Qarabağ məsələsində Azərbaycanla kompromis tapmaq istəyən istənilən erməni rəhbər hakimiyyətini itirib. Ona görə də düşünmürəm ki, yaxın zamanlarda nizamlama prosesində hansısa ciddi dəyişikliklər gözləməyə dəyər. Əgər olarsa belə, bu, yeni müharibə ehtimalının artması yönündə olacaq”.

Onun əminliyinə görə, düşünmək ki, Ermənistanda hakimiyyət dəyişikliyi və ya onun demokratikləşməsi İrəvanın Bakı ilə danışıqlarda mövqeyinin zəifləməsinə gətirəcək və ya o, kompromisə gələcək, sadəlövhlük olar: “Əksinə. Təcrübə bunun əksini göstərir. Son 20 il sübut edir ki, Ermənistanı yalnız dilə tutmaqla konstruktiv mövqeyə gətirmək mümkün deyil”.

Politoloq Qərblə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına da toxunub. “Qərb çox istəyir ki, konflikt həll olunsun. Sadəcə, Qərb üçün fərqi yoxdur ki, Dağlıq Qarabağ yekunda kimə məxsus olacaq - Azərbaycana, Ermənistana, yoxsa ”müstəqil" olacaq. Bu, onları az narahat edir. Rusiya isə Qərbdən fərqli olaraq, konfliktin nizamlanmasını arzulamır, nədən ki, nizamlama onu Bakı və İrəvana olduqca mühüm təzyiq rıçaqından məhrum edəcək. Eyni şey Abxaziya və Cənubi Osetiya məsələsinə aiddir", - deyə o əlavə edib.

*****

Məsələ də ilk növbədə elə bunda - Rusiyanın münaqişənin həllində maraqlı olmamasındadır. Problem həm də ondadır ki, Moskva Azərbaycana konfliktin hərbi yolla həllinə də əngəl olaraq qalır. Hər halda, 2016-cı ilin aprelindəki “4 günlük” müharibə bu qənaəti yaradıb...

Siyasət şöbəsi

Tarix: 3-11-2018, 10:33
Xəbəri paylaş





Xəbər lenti