AXCP-nin təşəbbüsünə DƏSTƏK: Müxalifət növbədənkənar seçki istəyir


AXCP-nin təşəbbüsünə DƏSTƏK: Müxalifət növbədənkənar seçki istəyir

Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif edilir. Siyasi partiyalar, təşkilatlar Milli Məclisə erkən seçkilərin keçirilməsinin tərəfdarıdır. Hətta bir neçə deputat da bu məsələ ilə bağlı fikir bildirərərk erkən seçkilərin keçirilməsini istisna etməyib. Hazırda Milli Məclisdə boş qalan deputat yeri var. Qanunvericiliyə görə, boş qalan yerlərə seçkilər keçirilməlidir. Amma artıq 6 aydır ki, bu deputat yerlərinə seçkilər keçirilmir. Sonuncu dəfə Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) erkən parlament seçkilərinin keçirilməsini təklif edib. Buna qədər Respublikaçı Alternativ Partiyası (ReAl) erkən parlament seçkiləri təşəbbüsü ilə çıxış etmişdi. 

AXCP sədri partiyanın qrup toplantısında çıxış edərkən növbədənkənar parlament seçkilərinin keçirilməsini vacib saydığını deyib:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsini faydalı görürük. Yeni parlamentin rolu ölkədə sosial, iqtisadi və siyasi islahatların keçirilməsinə yardım göstərmək olmalıdır. Parlamentin bir siyasi partiyanın hegemonluğunda saxlanılmasına, həmçinin ayrı-ayrı məmur təbəqəsinin maraqlarına xidmət etmə cəhdlərinə son verilməlidir. Parlament xalqın tribunadan eşidilən səsinə çevrilməzsə, ölkənin hərtərəfli plüralizm şəraitində inkişafından söhbət gedə bilməz”.

REAL partiyasının sədri İlqar Məmmədov isə növbədənkənar parlament seçkiləri təklifini sosial şəbəkə vasitəsilə verib: İ.Məmmədov Facebook-da yazıb ki, erkən parlament seçkilərilə əlaqədar REAL strategiya layihəsi hazırlayır:

“Strategiyamız hazır olmalıdır - istədiyimiz və zərurətini əsaslandırdığımız belə bir seçki təyin olunsa da, olunmasa da”.

Deputatlar isə bu məsələdə fərqli düşüncədədir. Deputat Zahid Oruc növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olmadığını deyir:

“Parlament nəyə görə növbədənkənar seçkilərə getməlidir ki?! Hətta parlamentin yarı heyəti getsə belə, növbədənkənar seçkilərə getməyə ehtiyac olmaz. Sadəcə olaraq, boş qalan yerlərə seçkilər keçirilməlidir”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə erkən parlament seçkilərinin gündəmdə olmadığı düşüncəsindədir:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir”.

Bu açıqlamalara baxmayaraq, parlament seçkilərinin zamanından əvvəl keçirilməsi aktualdır və gündəmdədir. 

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında təmsil etdiyi qurumun erkən parlament seçkilərini mümkün və olduqca vacib, gərəkli hesab etdiyini deyib:

“Mümkündür ona görə ki, vətəndaşlar birmənalı olaraq deputatlara güvənmir, inanmırlar. Və bu da təbiidir. Ona görə ki, vətəndaş yalnız seçkidən-seçkiyə üzünü gördüyü, onun problemləri ilə maraqlanmayan, xalqın içində olmayan, xalqın xeyrinə bir kəlmə danışmayan millət vəkilinə inana bilməz. Bu sadaladığım hallar hakimiyyəti narahat etməyə bilməz. Fikrimizcə, parlamentin buraxılmasında xalqla yanaşı hakimiyyət də maraqlı olmalıdır. Yəni, biz yüksək ehtimalla erkən parlament seçkilərinin şahidi olacağıq”.

REAL Partiyasının İdarə Heyətinin üzvü Azər Qasımlı da növbədənkənar parlament seçkilərinin keçirilməsinin hüquqi baxımdan mümkün olduğunu deyib:

“2016-cı ildə Konstitutsiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçirilən Referendumdan sonra ölkə prezidentinin belə bir səlahiyyəti var. Prezident istədiyi zaman parlamenti buraxa bilər. Məsələnin siyasi tərəfinə gəlincə isə Azərbaycanda son iki ildə bir çox şəxs, həm nazirlər öz postlarından kənarlaşdırılıb, amma onların yaxınları hələ də Milli Məclisdədir. Bu baxımdan da parlamentin yenilənmə ehtimalı var. Keçiriləcək parlament seçkiləri şəffaf, demokratik olmalı və Azərbaycan xalqının iradəsini əks etdirməlidir. Bu ölkəmiz haqqında müsbət imicin yaranmasına səbəb ola bilər”

Vilayət Muxtar
Cebhe.info

Tarix: 3-11-2018, 13:23
Xəbəri paylaş





Xəbər lenti