ABŞ-dan ikili siyasət: Kimə kökə, kimə kötək?

 Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadi və siyasi hücumları Afrikadan tutmuş bir sıra ərəb və eləcə də Avropa ölkələrinə qədər uzanıb.Sanksiyalara əsasən bir sıra şəxslərin və şirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edilib.Bundan əlavə, Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edilir.Demokratiyanın beşiyi sayılan ABŞ, tarixən maraqlarına uyğun gəlməyən ölkələrlə sanksiya dili ilə danışıb.
Hələ bir müddət öncə Türkiyədə ev dustağı olan ABŞ vətəndaşı keşiş Endryu Brunsonın sərbəst buraxılmaması səbəbiylə Vaşinqton, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə ədliyyə naziri Abdulhəmid Gülə sanksiya tətbiq etməyi qərara aldı. Bundan əlavə, prezident Donald Tramp Türkiyədən satın alınan polad və alüminiumdan gömrük vergisinin iki qat artırılmasını da təsdiqləyib. ABŞ-ın bütün ölkəni hədəfə alan sanksiyaların əksəriyyəti illərdir ki, qüvvədədir.
İran İslam Respublikası 1979-cu ildə Tehranda Amerika səfirliyinin tutulmasından sonra ABŞ banklarında İrana məxsus qızıl ehtiyatları və aktivlər donduruldu.Bundan əlavə, İranla işbirliyi quran şirkətlərə qarşı da sanksiyalar tətbiq olundu.1995-ci ildə sanksiyalar yumşaldıldı və üçüncü ölkələr vasitəsilə İrana Amerika məhsullarının satılması imkanı yaradıldı.2006-cı ildə İranın nüvə proqramı ilə əlaqədar kritik enerji sektorunu da əhatə edən iqtisadi embarqo tətbiq olundu. 2012-ci ildə İran banklarına, həmçinin ölkənin atom sənayesi ilə iş birliyi olan şirkətlərə qarşı sanksiyalar növbəti dəfə sərtləşdirildi. 2014-cü ilin əvvəlində rəsmi Tehrana qarşı sanksiyalar nisbətən yumşaldıldı. Rəsmi Vaşinqton İrana qarşı ən son sanksiyalara 2018-ci ilin yayında start verdi. Ardınca prezident Donald Tramp sanksiyalara əməl etmədən İranla ticarət aparacaq ölkələrin ABŞ-la heç bir əməkdaşlıq edə bilməyəcəyi haqqında qərar qəbul etdi. Vaşinqton İrana qarşı sanksiyaların ikinci mərhələsinə noyabrda start verməyi planlaşdırır.
Bundan əlavə, Suriyaya qarşı ilk iqtisadi sanksiyalar 1986-cı ildə “İnsan hüquqları pozuntuları” və davam edən müharibədə Şam rəhbərliyinin davranışı səbəbiylə həyata keçirilib.2004-cü ildən tətbiq olunan növbəti sanksiya qərarı Suriya rejiminin terror təşkilatlarına yardım etməsi, Livanın işğal edilməsi, kütləvi qırğın silahları və İraqda üsyançılara dəstək verilməsi müqabilində qəbul edilib.
Sudan 1993-cü ildə terroru maliyyələşdirən dövlətlər siyahısında yer aldığı üçün və 2003-cü ildə ölkənin qərbində - Darfur vilayətində yeni münaqişə ocağının yaranması ilə sanksiya tətbiq olunub.2003-cü ildə Darfur vilayətində yeni münaqişə ocağının yaranması burada zəngin neft ehtiyatlarının aşkarlanması ilə bir vaxta düşmüşdü.Hazırda Sudanın neftçıxarma sənayesinə ən çox investisiya qoyan ölkə Çindir.Öz növbəsində digər iri beynəlxalq oyunçular Sudan neftinə nəzarət etmək üçün cidd-cəhdlə mübarizə aparırlar.Bundan əlavə, ABŞ 2007-ci ildə birtərəfli qaydada Sudana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.Sanksiyalar səbəbindən 30 Sudan şirkəti ABŞ-la ticarət əməliyyatları aparmaq və banklardan maliyyə yardımları almaq imkanından məhrum olublar.
Kubaya qarşı ilk sanksiyalar 1958-ci ildə Amerika fiziki və hüquqi şəxslərinin mülklərinin milliləşdirilməsindən sonra tətbiq olunmağa başlanıb.Sonra sanksiyalar embarqoya qədər genişləndirilib. Kubada “insan hüquqları pozuntusu” səbəbindən 60 il müddətinə sanksiya tətbiq olunur. 1962-ci ildə Kuba, Amerika Dövlətləri Təşkilatından çıxarıldı, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkə ətrafında karantin zonası yaratdılar.1966-cı ildən isə ABŞ vətəndaşları Kubaya səfər etmək imkanından məhrum oldular.Bu qaydanı pozanları 10 ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir.Kubaya qarşı tətbiq olunan sanksiyalar bu gün də qüvvədədir.İqtisadi blokadalar Kuba iqtisadiyyatına 100 milyard dollar miqdarında ziyan vurub.
Rusiya - Türkiyədən sonra ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər sırasında nisbətən gənc hesab olunur.2014-cü ilin mart ayında ABŞ Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.
Bundan əlavə, 2012-ci ildə Amerika hökumətinin iddialarına görə, Sergey Maqnitskinin ölümündə günahkar olan rusiyalı şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə qərar qəbul edilib. Rusiyada 230 milyon dollarlıq korrupsiya faylını araşdıran rusiyalı vergi mütəxəssisi Sergey Maqnitskinin 2009-cu ildə həbsdə ölməsindən sonra hazırlanan "Qlobal Maqnitski Qanunu" adlı qanuna görə bu günə qədər Rusiyadan 100-dən çox gerçək və ya hüquqi şəxs sanksiya siyahısına salınıb. Xüsusilə, Rusiyanın Krımı ilhaqı və Ukraynanın böhranına müdaxiləsi səbəbindən çox sayda şəxs ABŞ-ın "qara siyahı”sına salınıb.ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyası 2018-ci ilin avqustunda tətbiq edilib.Bir qrup respublikaçı və demokrat senatorların irəli sürdükləri qətnamədə rusiyalı siyasətçilərə qarşı yeni sanksiyaların tətbiqi, energetika sahəsində investisiyalar və uranium idxalı ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub.Uzun müddət davam edən sanksiyalar sözügedən ölkələrin real sektorlarına təsirsiz ötüşmür.Ölkələrin beynəlxalq iqtisadiyyata çıxış imkanları əhəmiyyətli dərəcədə əngəlləndiyi üçün real iqtisadiyyatın inkişaf tempi aşağı düşüb.Sanksiyaların təsiri, xüsusən, rus rublunun maliyyə aktivlərində hiss olundu və Rusiya fond bazarı və xəzinələri ağır itkiyə məruz qaldı.Hazırda sanksiyalardan ən çox zərər çəkən ölkə Türkiyə və İrandır.Türk lirəsi və İran realı dollar qarşısında sürətlə dəyər itirir.
ABŞ növbəti sanksiya hədəfi Venesuela oldu.Belə ki, ötən gün prezident Donald Tramp qızıl ehtiyatları ilə bağlı əməliyyatların əngəllənməsi də daxil olmaqla, Venesuelaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, yeni sanksiyalar Venesuelanın korrupsiyalaşmış iqtisadiyyat sektorunda işləyən qruplara aid olacaq və onların oğurlanmış sərvətlərə yolunu bağlayacaq: “Qadağalar Venesuelanın korrupsiyaya bulaşmış və fırıldaqçı qızıl sahəsi ilə bağlı subyekt və qruplarla ABŞ vətəndaşlarının transaksiyasının qarşısını alacaq".
Bundan əvvəl, ABŞ-ın Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşdığı məlumat verilmişdi.
Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü.Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.
Bir qədər əvvəl İstanbul prokurorluğu səudiyyəli jurnalistin baş konsulluğa daxil olduğu zaman boğularaq öldürüldüyü və cəsədinin parçalanaraq məhv edildiyi barədə açıqlama yaymışdı.Hadisə ilə bağlı şəxsiyyətləri açıqlanmasa da, Səudiyyə Ərəbistanında 18 nəfərin saxlanıldığı deyildi.
Jurnalistin hay-küylü qətlindən sonra ABŞ-ın Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməsi gözlənilirdi.Lakin ABŞ jurnalist Camal Qaşıqçının ölümündə təqsirli bilinən şəxslərə fərdi qaydada sanksiya tətbiq etməklə kifayətləndi.Belə ki, ABŞ Səudiyyənin 21 vətəndaşına viza qadağası qoyacağını bəyan etdi.Əldə olunan son məlumatlara görə, Camal Qaşıqçı Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olub.Belə bir adamı qətlə yetirməyə hər hansı bir dövlət risk etməz.Bu mənada ABŞ bu olaya sərt reaksiya verməsi gözləniliridi.Maraqlıdır, Amerikanı susmağa vadar edən səbəblər nədir?
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadi sanksiyalar bir dövlətin başqa bir ölkəyə təzyiq göstərməsi üçün ən effektiv vasitədir:
 
“ABŞ hər zaman özünə rəqib olan ölkələrə sanksiyalar tətbiq etməklə, onlara hansısa şərtləri qəbul etməyə vadar edir.İstər İrana, istər Rusiyaya, istərsə də Türkiyəyə tətbiq olunan sanksiyalar da məhz bu qəbildən hesab oluna bilər.Yəni, ABŞ maraqları kəsişən ölkələri öz maraqlarına uyğun hərəkət etməyə məcbur etmək üçün iqtisadi sanksiyalardan geniş istifadə edir.Buna müəyyən diplomatik təcrid siyasəti də əlavə edir.Məqsəd hansısa beynəlxalq təşkilatlar tərəfindən həmin ölkələrin qınanmasını təmin etməkdir.Eyni zamanda özünə yaxın bir sıra ölkələrlə həmin ölkənin diplomatik siyasi münasibətlərinə təsir göstərməkdir.Bu mənada ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyaların ikinci hissəsi, ilk növbədə rəsmi Tehranın hazırkı mövqelərini sarsıtmaq və iqtisadi dayaqlarını laxlatmaq məqsədi güdür.İqtisadi narazılığı qabartmaqla istəyirlər ki, rejimdə müəyyən dəyişiklər yaratsınlar”.
Qaşıqçının qətli ilə bağlı ABŞ-ın Səudiyyə Ərəbistanına sərt tədbirlər görməsinə gəlincə, ekspert vurğulayıb ki, heç bir sanksiya tətbiq edilməyəcək:
“ABŞ sadəcə olaraq 21 Səudiyyəli diplomata sanksiya tətbiq etməklə kifayətlənəcək. Çünki adətən ABŞ bu cür siyasi qətllərdə, xüsusilə ona yaxın olan ölkənin rəhbərliyinə daha artıq təsir və nüfuz etmək imkanı kimi baxır.Məlumdur ki, Qaşıqçı olayına qədər Səudiyyə Ərəbistanının neft hasilatı ilə bağlı fikirləri ABŞ-la üst-üstə düşmürdü. Qaşıqçı qətlindən sonra krallığın vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın tələblərinə uyğun açıqlama ilə çıxış etdi. 
Əslində, Qaşıqçı olayı sadəcə bir jurnalistin qətli məsələsi deyil, kifayət qədər ciddi, siyasi hədəfləri olan bir cinayət hadisəsidir.Ümumiyyətlə, Qaşıqçı ailəsi Səudiyyə Ərəbistanında kraliyyətə yaxınlığı ilə seçilən müəyyən imtiyazlara malik bir ailədir.Ümumiyyətlə, bu ailənin Mərkəzi Kəşfiyyat İdarəsi ilə bir bağı var. Bu mənada müəyyən gözləntilər var idi ki, ABŞ Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcək.Amma görünür, Yaxın Şərqdə və Suriyada baş verən proseslər ABŞ-ı daha yumşaq mövqe sərgiləməyə vadar edir və öz maraqlarına uyğunlaşdırmağa səy göstərir”.(Cebhe.info)
Siam.az
Tarix: 3-11-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti