Qrup marağına qurban edilən Qarabağ


Qrup marağına qurban edilən Qarabağ

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin növbəti mitinqlə bağlı müraciətinə mənfi cavab verib.Meriya  noyabrın 24-ə təyin olunmuş növbəti mitinqinə icazə verməyib. Bu isə “Niyə 29 sentyabrda keçirilən mitinqə icazə verildi, amma 24 noyabra təyin olunana yox?”, “Qarabağ mitinqi”ni  siyasiləşdirməkdə kimlər maraqlı idi?” kimi sualları oraya çıxarır. Birinci sualın cavabı əslində aydındır.İlk mitinqin müraciətində Təşkilat Komitəsi bu məsələnin siyasi anlam daşımadığını, yalnız Qarabağ tələbi kimi təqdim olunacağını bildirdi.

Nəticədə mitinq baş tutdu, amma bəzi çıxışlar və mitinqə dəstək verən təşkilatlara münasibət məsələni tamamilə fərqli yönə istiqamətləndirdi.Demək olar ki, çıxışçılar arasında siyasi dividend əldə etməyə çalışanlar oldu və onlar çıxışlarını bütövlükdə buna fokusladılar. Yəni, təqdimatla məqsədin fərqləndiyi elə mitinqin ilk dəqiqələrindən özünü büruzə verdi və təbii ki, narazılıqla qarşılandı. Bakı meriyasının növbəti mitinqə icazə verməməsinin səbəblərindən biri kimi də məhz “Qarabağ mitinqi”nin siyasiləşdirilməsi cəhdi göstərilə bilər. TK üzvləri ümummilli məsələ olan Qarabağ probleminə yanaşmada da qrup maraqlarından çıxış etdilər.Mitinqdən sonra narazılıqların səslənməsi də Təşkilat Komitəsinin işinə kölgə saldı, siyasi təşkilatlar, ayrı-ayrı şəxslər fəaliyyətin bu istiqamətdə inkişafından narazı qaldı.

“Qarabağ mitinqi”nə əvvəldən maksimum dəstək verən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ayrı-seçkiliyə ilk etiraz edənlərdən oldu. Partiyanın sədr müavini Ehtiram Mehtiyev bu mitinqin  də siyasiləşdirildiyini dedi:

“Komitədə təmsil olunanlar “qış yuxusunda olanda” AXCP Qarabağla bağlı bir neçə təkliflər paketi hazırlayıb, dəfələrlə onun müzakirəsini təşkil edib. Biz bu günlərdə Komitənin partiya və təşkilatlara dəvət siyahsına baxdıq.Siyahıda ənənəvi müxalifətdən tutmuş deputatlara qədər var idi.Hətta bir özü, bir “papka”sı olan partiyaları da o siyahıda gördük.Bəs biz niyə yox idik? Bunun səbəbini  komitənin əsas adamlarından biri Akif Nağıdan soruşdum. Akif bəy komitədə təmsil olunan Mustafa Hacıbəylinin (Müsavat fəalı, başqan Arif Hacılının qardaşı-müəll.) və ənənəvi müxalifəti təmsil edən bir neçə şəxsin bizim qurumda iştirakımıza razı olmadıqlarını bildirdi. Haqlı sual ortaya çıxır: məsələ Qarabağdırsa və bu işi siz səmimi qəlbdən edirsinizsə, niyə vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə dəvət göndərməmisiniz? Niyə ayrı-seçkilik etmisiniz?Yoxsa Razi Nurullayevin son illər fəaliyyətinin yüksəlişini həzm edə bilmirsiniz?Axı bu məsələ sizin şəxsi işiniz deyil.Bu vətən məsələsidir.Təəssüflər olsun ki, siz xalqın ümidlərini qırmağa vərdiş etmisiniz.Elə buna görə də yaxşı ki, biz o şəxsi maraqlara xidmət edən siyahınızda yoxuq”.

Politoloq Elxan Şahinoğlu isə “Qarabağ mitinqi”ni “Cümhuriyət” qəzetinə bur cür şərh edib:

“Mən mitinqi izlədim. Çıxışların bir hissəsinə tənqidi münasibətim var. Misal üçün, tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim.İslam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı.Məndə olan məlumata görə, mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb.Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar.Bu bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər.

“Azərbaycan cəmiyyətində heç bir nüfuza və dəstəyə malik olmayan bəzi "siyasi oyunbazlar" Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çevirərək öz maraqlarını təmin etməyə çalışırlar”-bu isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) “Qarabağ mitinqi” ilə bağlı mövqeyidir.

Göründüyü kimi, “Qarabağ mitinqi”nin Təşkilat Komitəsinin bəzi üzvləri öz ənənələrinə sadiq qalaraq ümumxalq etirazlarını öz mənafelərinə istifadə etməyə çalışdı. Nəticə isə göz qabağındadır.Silsilə olaraq keçirilməsi nəzərdə tutulan “Qarabağ mitinqi” elə ilk döngədə büdrədi.Yəni, Qarabağ mitinqinin təşkilatçıları deyildiyi kimi bunu ümummilli mitinqə çevirə bilməlidir.Ümummilli mitinqə çevrilməyəndə isə nəticəsi belə olur.“Məhsul”da növbəti dəfə Qarabağ şüarının səslənməsinə imkan verilmədi.Daha doğrusu, bu adla kimlərinsə meydana çıxmasına “YOX” deyildi.(Cebhe.info)


Tarix: 4-11-2018, 09:36
Xəbəri paylaş





Xəbər lenti