İran cəbhəsində SON GÜN: ABŞ nədən çəkinir?


İran cəbhəsində SON GÜN: ABŞ nədən çəkinir?

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ağ Evin İrana tətbiq edəcəyi yeni sanksiyaları şərh edib. O, deyib ki, ABŞ İrana maksimum sərt təzyiqlər etmək istəsə də, dostlarına və tərəfdaşlarına ziyan vurmaq istəmirlər: “Biz bəzi dövlətlərin İrandan neft almağı davam etdirmələrini anlayışla qarşılayırıq. Biz onların İrandan neft tədarükünü dərhal sıfır səviyyəsinə endirə bilmərik”.

Onun sözlərinə görə, ABŞ İrandan neft aldıqları üçün müttəfiqlərinə qısa müddətdə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil.C.Bolton bildirib ki, rəsmi Vaşinqtonun hədəfi İranın xaricə neft satmasını tamamilə dayandırmaqdır.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin mayında İrana qarşı iki mərhələli sanksiyanın tətbiq ediləcəyini bildirmişdi.Ağ Ev bu ilin avqustunda sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.Rəsmi Vaşinqton noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq.Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.

Maraqlıdır, ABŞ İrana güzəştə gedirmi, yoxsa təklənməkdən çəkinir?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, hələlik ABŞ-ın İrana güzəştə getmək niyyəti yoxdur: 

“Amerika sanksiyaları daha da kəskinləşdirir. İstəyir ki, İran daxilində sosial etirazlar yüksəlsin və ölkə iqtisadiyyatı çöksün.Bir növ rəngli inqilablarla mövcud rejimi devirmək istəyirlər.Hələlik hədəfdə olan budur, konkret hərbi əməliyyatların keçirilməsi məsələsi gündəmdə deyil.Hədəflərinə çatmaq üçün sanksiyalar yolu ilə İranı cəzalandırmaq istəyirlər.Təbii ki, bu sanksiyaların İrana təsirli olması üçün regional və digər qlobal ölkələr var ki, onlar bu embarqolara riayət etməlidirlər. Məlum olduğu kimi bu yöndə də bəzi problemlər var. Xüsusilə də ABŞ-ın müttəfiqi olan, Fransa, İngiltərə və Almaniya kimi Avropanın ən güclü ölkələri İranla ticarət əlaqələrini birdəfəlik üzmək fikrində deyillər. Hazırda bu sanksiyaları aşmaq üçün yollar axtarırlar.Bu mexanizmlərdən biri də İranla istənilən iqtisadi və ticari əlaqələrdə yalnız milli valyutalardan istifadə olunmasıdır.Bu da dolayısilə sanksiyaların dəlinməsi deməkdir.Digər tərəfdən, bu həm də dollarla ticarətin aradan qalxmasına şərait yaradır.Tədricən dollar hegemonluğunu aradan qaldırmağa hesablanmış bir yoldur ki, bu da ABŞ-ın maraqları kontekstində deyil”.

Analitik hesab edir ki, İrana qarşı sanksiyalar ABŞ-ın müttəfiqlərini tədricən itirməsinə gətirib çıxardır: 

“Hər bir halda ABŞ anlayır ki, İrana qarşı sanksiyalar kontekstində rəsmi Vaşinqton üçün vazkeçilməz ölkələri itirmək təhlükəsi var. Bu da ABŞ-ın qlobal səviyyədə təklənməsinə gətirib çıxarda bilər. Əldə olunan son məlumatlara görə ABŞ İrana sanksiyalar çərçivəsində 8 ölkəyə güzəşt tətbiq edib.Güzəşt olunan ölkələr siyahısında Türkiyənin də adı var. Bu siyahıda Azərbaycanın da yer alıb-almadığı haqda konkret informasiya yoxdur.Ancaq Con Boltonun rəsmi Bakıya səfərindən sonra bu cür açıqlama verməsi, doğrusu, bu siyahıda Azərbaycanın da yer ala biləcəyi ehtimalını artırır.Buna görə də bəzi güzəştlər tətbiq etməklə ABŞ özü üçün əhəmiyyətli saydığı strateji ölkələrlə birdəfəlik münasibətləri pozmaq istəmir.Hətta bu ölkələrə sanksiya tətbiq etsə belə, ABŞ anlayır ki, bu qadağaları aşa biləcək mexanizmlər yaratmaqla yenə də İranla ticarət əlaqələrini bərpa etmək mümkün olacaq.Ona görə də, ABŞ müəyyən güzəşt limiti tanımaqla kənar ölkələrlə strateji münasibətləri saxlamaq istəyir.ABŞ anlayır ki, hər bir halda bu sanksiyaları aşaraq İranla ticarət əlaqələrini davam etdirə biləcək ölkələr mövcuddur.Yəni bu sanksiyalar olsa da, olmasa da həmin ölkələr İranla əməkdaşlığı davam etdirəcək.ABŞ onu da bilir ki, İranla nüvə müqaviləsindən çıxsa da, Avropa, Rusiya, Çin kimi ölkələr bu nüvə müqaviləsindən çıxmayıb.Ona görə də bu ölkələr mütləq mənada İranla iqtisadi əlaqələri davam etdirmək məcburiyyətindədirlər.Hesab edirəm ki, ABŞ bu reallığı anladığı üçün bəzi ölkələrə bu cür güzəşt imtiyazları tanıyır”.

Cebhe.info

Tarix: 4-11-2018, 22:47
Xəbəri paylaş





Xəbər lenti