Ermənistan yenə öz adamını “Rus NATO-su”nun baş katibi etmək istəyir


Politoloq: “KTMT baş katibinin erməni olması...”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi erməni general Yuri Xaçaturov tutduğu vəzifədən azad edilib. Müvəqqəti olaraq onun yerinə müavini Valeri Semerikov təyin edilib. Bu barədə KTMT-nin rəsmi internet səhifəsi məlumat verib. Məlumatda deyilir ki, Ermənistan tərəfindən qaldırılan cinayət işi və baş katibin KTMT-dan geri çağırılmasına uyğun olaraq Yuri Xaçaturovun vəzifəsinə xitam verilib.

Qeyd edək ki, Ermənistanın istintaq xidməti bu ilin 26 iyulunda Yuri Xaçaturova qarşı 2008-ci ildə ölkədə sabitliyi pozma ittihamı ilə cinayət işi açıb. Bu ittiham ilə də məhkəməyə Xaçaturovun həbsi üçün müraciət edilib. Yuri Xaçaturov 2016-cı ilin sonunadək Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi olub. Bu vəzifədən çıxarılandan sonra KTMT baş katibi vəzifəsinə gətirilmişdi.  Ermənistan çalışır ki, bu dəfə də KTMT baş katibi vəzifəsinə erməni hərbçinin seçilməsinə nail olsun.

Bəs işğalçı ölkə buna nail ola biləcəkmi? “Rus NATO-su” kimi də adlandırılan KTMT-yə erməninin sədrlik etməsi Ermənistana hansısa üstünlüklər gətirirmi?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a öncə bildirdi ki, Yuri Xaçaturovun KTMT baş katibi postundan uzaqlaşdırılmasına nail olmaq Paşinyanın qələbəsidir: “Paşinyan çətinliklə də olsa Yuri Xaçaturovun istefaya göndərilməsinə nail ola bildi. Əvvəla, bu, o deməkdir ki, hansısa məsələdə Valdimir Putinlə Paşinyan anlaşıblar. Çünki Putin istəməsəydi, Xaçaturovun KTMT baş katibi postundan istefaya göndərilməsi mümkün deyildi. İkincisi, Putinlə Paşinyan arasında razılaşmalar artıq mümkün olmağa başlayırsa, bu, Azərbaycan üçün yaxşı xəbər deyil. Putin Paşinyanla anlaşsa və bununla bərabər Ermənistan Qərblə də ən azı indiki münasibətlərini qoruyub saxlaya bilsə, bu, Azərbaycan üçün mənfi nəticədir. Robert Köçəryana qəldikdə isə, ona sahibi Putin nə deyəcəksə, o da onu edəcək. Qarabağ klanı əvvəlki kimi Ermənistanda daha söz sahibi olmayacaq. Göründüyü kimi, Moskva da bu reallıqla razılaşıb. Qarabağ klanının üzvlərindən olan Yuri Xaçaturovun istefaya göndərilməsi bunun növbəti təzahürüdür. Paşinyan daxili siyasətdə növbəti qələbəsini parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olması ilə qazandı. Azərbaycan Ermənistana qarşı təzyiq rıçaqlarını işə salmalıdır. Əlbəttə Ermənistan çalışacaq ki, yenə də KTMT-yə sədr erməni hərbçi təyin edilsin, lakin bu dəfə Köçəryan və Qarabağ klanının deyil, Paşinyan iqtidarının istədiyi kadr olsun. KTMT-yə sədrliyin erməni hərbçidə olması Xaçaturovun dövründəki təcrübəyə əsaslansaq Ermənistan üçün xüsusi üstünlüklər gətirmir. Erməninin ”Rus NATO-su"na rəhbərliyinin Ermənistana hansı üstünlüklər gətirib-gətirmədiyi Azərbaycanla müharibə alovlanacağı halda daha dəqiq bəlli olar. İstisna deyil ki, sabah Azərbaycanla Ermənistan arasında müharibə olsa və KTMT-nin başında erməni hərbçi dursa, həmin erməni öz imkanlarından Ermənistana dəstək üçün istifadə etməyə çalışa bilər. Ancaq bu məsələ də əslində Rusiya rəhbərindən asılıdır. Rusiya prezidenti istəməsə, KTMT-nin baş katibi olan şəxs real addım ata bilməz. Çünki KTMT-nin əsl sədri və sahibi Vladimir Putindir".

ETİBAR

Tarix: 5-11-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti