Fəzail Ağamalıdan Qarabağ Komitəsinə sərt ittihamlar


“Demokratiya adı altında ağızlarına gələni danışırlar”

Xəbər verildiyi kimi, bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsinin 24 noyabra təyin etdiyi Qarabağ mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə verməyib. Komitə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin Bakıdakı səfirliyi qarşısında piket keçirməyi planlaşdırır.

Aksiyalar noyabrın 8-də saat 11:00-da Fransa, saat 12:00-da ABŞ, saat 13:00-da Rusiya səfirliklərinin qarşısında keçiriləcək.

Qarabağ Komitəsinin İşçi Qrupunun noyabrın 5-də növbəti iclası keçirilib. İclasda mitinqə icazə vermədiyi üçün BŞİH-i məhkəməyə vermək barədə qərar qəbul edilib. Bu barədə “Yeni Müsavat”a İşçi Qrupunun üzvü, AĞ Partiya başqanı Tural Abbaslı məlumat verdi: “Çox güman ki, ikinci mitinqə icazə verilməmə səbəbi birinci mitinqin gözləniləndən daha izdihamlı və möhtəşəm keçirilməsi olub. Eyni zamanda mümkündür ki, mitinqdə bəzi çıxışçıların çıxışları da buna əsas verib. Hakimiyyət bu nüanslardan ciddi narahatlıq keçirib və belə bir imtina qərarı verib.

Ä°lgili resim

Qarabağ Komitəsinin İşçi Qrupunun iclası keçirildi və bu iclasda da BŞİH-in imtina qərarından məhkəməyə şikayət qərarı verildi, lazımi sənədlər toplandı. Ehtimal ki, noyabrın 6-da şikayət məktubu məhkəməyə göndəriləcək. Meriya ən azından bu piketlərin keçirilməsinə mane olmamalıdır. Çünki belə etirazlar xalqın həmsədr ölkələrə münasibətinin nümayişidir”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki zamanda bu cür mitinqlərin və piketlərin keçirilməsinə heç bir ehtiyac yoxdur: “Düşmən Ermənistanda çox ciddi proseslər gedir. Bu prosesləri Azərbaycan dövləti, onun müvafiq qurumları ətraflı formada izləməkdədir. Ölkə prezidenti Ermənistanda gedən prosesləri çox diqqətlə, incəliyinə qədər izləyir. İndiki zaman kəsiyində Qarabağ Komitəsi dediyiniz qurum tərəfindən hər hansı bir mitinqin və ya piketin keçirilməsinin bizim üçün nə kimi əhəmiyyəti ola bilər? Mənə elə gəlir ki, bunlar yerində olan fəallıq deyil. Yaxınlarda Türkiyə Cümhuriyyətinin 95 illiyi ilə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif bəylə orada təsadüfən görüşdüm. Öz fikirlərimi ona söylədim. Qeyd etdim ki, hər hansı bir addım atanda düşünmək lazımdır ki, bu işğal olunmuş torpaqlarımızın azad olunmasına nə dərəcədə töhfə verəcək. Piketlər də keçirmək istəyirlər. Orada hansı şüarların səslənməsinin əhəmiyyəti böyükdür. Amma bunlar demokratiya adı altında orada ağızlarına gələni danışır, avantürist çıxış edirlər. İndi bunlar nə etmək istəyirlər? Azərbaycanı da Ermənistanın tayına döndərmək istəyirlər? Belə fikirləri varsa, kökündən yanılırlar. Çünki Azərbaycanda xalqın mütləq əksəriyyəti ölkə başçısı ilə bərabərdir. Cənab prezidentin yürütdüyü siyasət dövlət və xalqımızın maraqları ilə tam üst-üstə düşür. Biz hələ gözləməliyik ki, Rusiya-Ermənistan münasibətləri hansı səviyyədə davam edəcək, nə şəkildə öz həllini tapacaq. Bizim üçün şanslar yaranmaqdadır.

Cinayətkar Sərkisyan rejimi hakimiyyətdən gedəndən hökuməti ələ  keçirən, başı ilə deyil dabanı ilə fikirləşən Nikol Paşinyanın atacağı addımları gözləməliyik. Burada Rusiyanın reaksiyasını ciddi şəkildə nəzərə almalıyıq. Hər şeyi dövlətimiz edir. Bu baxımdan belə mitinqlərin əleyhinəyəm, bunun keçirilməsinə heç bir ehtiyac yoxdur. Soydaşlarımıza müraciət edirəm ki, hələ fasilə versinlər. Əgər lazım gələrsə, hər birimizin iştirakı ilə ”Qarabağ azad olsun, düşmən xar olsun!" şüarı ilə möhtəşəm mitinq keçirə bilərik. Ordunun və xalqın iştirakı ilə belə bir mitinqi keçirməklə biz daha çox dividentlər qazana bilərik, ordumuza stimul verərik, dünyaya göstərərik ki, xalqla ordunun birliyi vəhdəti var. Buna hazır olmalıyıq. İndiki vəziyyətdə isə qəti zaman çatmayıb. Elə olmasın ki, bizdə bu cür mitinqlərin keçirilməsində erməni barmağının olması barədə təəssürat yaransın. Onlar fəaliyyətlərində israrlı görünsələr, o zaman onların münaqişənin həllində səmimiliklərinə şübhə yaranacaq. İstər-istəməz belə bir nəticəyə gəlinəcək ki, bu proseslərin arxasında erməni barmağı var yaxud da erməniləri müdafiə edən anti-Azərbaycan qüvvələrinin əli var. Prosesləri bu şəkildə davam etdirsələr, biz bu barədə nəticəyə gələcəyik. O zaman şəxsən mənim mövqeyim onlara qarşı daha sərt olacaq".


Tarix: 6-11-2018, 08:51
Xəbəri paylaş





Xəbər lenti