Azərbaycan atəş çənbərində - İran, Gürcüstan, Ermənistan...


Elçin Mirzəbəyli: “Azərbaycan balanslı deyil, çoxvektorlu siyasət yürüdür”

Azərbaycanın yerləşdiyi regionda siyasi və iqtisadi yöndə çox ciddi proseslər gedir. Hazırda gözlər bölgə dövlətlərindən İran və Gürcüstana dikilib. Cənub qonşumuza qarşı Amerikanın tətbiq etdiyi sanksiyaların ikinci dalğası artıq qüvvəyə minib.

Ekspertlər 1979-cu ildəki İran İslam İnqilabından sonra rəsmi Tehranın ən ağır günlərini yaşayacağını proqnozlaşdırırlar.

Gürcüstanda da cərəyan edən proseslər olduqca ciddidir. Oktyabrın 28-də keçirilən prezident seçkilərinin ilk turunda qalibin müəyyən olunmaması və ikinci turun təyin edilməsi vəziyyəti daha da qəlizləşdirib. Seçkilərin ilk turunda keçmiş baş nazir, iqtidarda olan “Gürcü Arzusu” Partiyasının lideri, milyarder Bidzina İvanişvilinin namizədi Salome Zurabişvili bir faizdən az səslə ölkəyə girişi yasaq edilən sabiq prezident Mixail Saakaşvilinin namizədi Qriqol Vaşadze üzərində üstünlük qazanıb. Lakin seçkilərdə ikinci tura keçə bilməyən iddiaçıların əksəriyyəti müxalifətin namizədini dəstəkləyəcəyini bəyan edib ki, bu da İvanişvili iqtidarını əndişə içərisinə soxub. Zurabişvili və İvanişvilinin açıqlamalarında bu, açıq şəkildə sezilir. Onlar müxalifət ikinci turda qalib gələrsə, Saakaşvilinin ölkəyə qayıdacağını, bunun vətəndaş müharibəsi ilə nəticələnəcəyini, Rusiya-Gürcüstan münasibətlərinin daha da gərginləşəcəyini bildirirlər. İvanişvili iqtidarı gürcü xalqını heç bir vəchlə müxalifətə səs verməməyə, tarixi səhv addım atmamağa çağırır.

Ekspertlər də Saakaşvilinin Gürcüstana dönüşü reallaşarsa, rəsmi Tiflislə Kreml arasında münasibətlərin hətta 10 il öncəki gərginlik səviyyəsinə çata biləcəyini vurğulayırlar.

Bundan əlavə, bölgə dövlətlərindən düşmən Ermənistanda da siyasi vəziyyət gərgin olaraq qalır.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın heç bir dövlətdən asılılığı yoxdur: “İrana tətbiq edilməsi nəzərdə tutulan sanksiyaların miqyası və təsir mexanizmləri barədə öncədən fikir söyləmək çox çətindir. Çünki ABŞ-ın həm bəzi dövlətlərə - onların arasında İranın ən çox neft satdığı ölkələr də var - İrandan neft almağa razılıq verdiyi bildirilir, həm də Donald Tramp son açıqlamasında neftin qiymətinin artmasını istəmədiyini bildirib. İrana sanksiyalar qeyd olunduğu kimi, sərt şəkildə tətbiq edilərsə, o zaman neftin qiymətinin bahalaşacağı, hətta maksimum həddə çatacağı gözlənilir. Bütün bunlar isə proseslərin inkişafı barədə dəqiq proqnoz verməyi mümkünsüz edir. Gürcüstanda baş verənlərə gəldikdə isə Zurabişvilinin ifrata vardığını düşünürəm. Xanım prezidentliyə namizədi və onun dəstəkçilərini ehtimal etdikləri məğlubiyyət narahat edir. Gürcüstanda vətəndaş müharibəsi baş verməyəcək. Hətta Saakaşvili Gürcüstana qayıtsa da belə, bu ölkədə qarşıdurmanın olması üçün heç bir əsas yoxdur. ”Gürcü Arzusu"nu məğlubiyyətlərinin davamlı olacağı və parlament seçkilərində də özünü büruzə verəcəyi narahat edir. Bu illər ərzində İvanaşvili və komandasının hakimiyyətə gəldikləri zaman Rusiya ilə bağlı verdikləri vədlərin heç biri yerinə yetirilməyib. “Gürcü Arzusu” özündən əvvəlki hakimiyyətin siyasi kursunu davam etdirməyə məcbur olub. Bu siyasi kursu isə əvvəlki hakimiyyət daha yaxşı həyata keçirirdi. Gürcüstan vətəndaşları da bunu yaxşı başa düşürlər. Azərbaycan balanslı deyil, çoxvektorlu siyasət yürüdür, ilk növbədə öz maraqlarından çıxış edir. Boltonun səfəri çərçivəsində də verilən mesajlar sübuta yetirdi ki, hətta Birləşmiş Ştatlar kimi nəhəng bir dövlət də Azərbaycanın milli maraqlarından çıxış etməsinə sayğı və anlayışla yanaşır. Bu baxımdan, qlobal və regional siyasi münasibətlər müstəvisində bizim üçün hər hansı bir problemin baş verəcəyini gözləmirəm. Azərbaycanın heç bir ölkədən, o cümlədən İrandan hər hansı bir asılılığı yoxdur. İranla münasibətlərin normal səviyyədə saxlanılmasını isə Bolton öz səfəri çərçivəsində anlayışla qarşıladığını və Azərbaycanın zərər görmək istəmədiyini bildirdi. Gürcüstana gəldikdə isə, bu ölkədə baş verən hakimiyyət dəyişikliyi Bakı-Tiflis münasibətlərinə heç bir halda mənfi təsir göstərməyəcək. Saakaşvili Gürcüstana qayıtsa da belə siyasi sistem ona əvvəlki kimi təhlükəli manevrlər etmək imkanı verməyəcək. Rusiya isə Gürcüstandan ala bildiyini alıb. Bundan sonrakı hər hansı bir müdaxilə Moskvanın maraqlarına qətiyyən xidmət etmir və Rusiyanın özü üçün çox ciddi problemlərə yol aça bilər".

Ä°lgili resim

Əhəd Məmmədli: “Fikrimcə, İran üçün çətin zamandır. Bu sanksiyalar təhlükəsi İranda son vaxtlarda baş verən sosial etirazlara təkan verə bilər. Gürcüstana gəldikdə, burda vəziyyət daha aydındır. Zurabişvilinin ”Saakaşvili gəlsə vətəndaş müharibəsi olacaq" sözləri Gürcüstandakı vəziyyətin reallığını əks etdirmir. Saakaşvili kifayət qədər yetkin siyasətçidir. 2008-ci ildə etdiyi səhvləri bir daha təkrarlamaz. Gürcüstan-Rusiya münasibətlərinin necə olması ABŞ-ın hansı səviyyədə Gürcüstana dəstək verməsindən asılı olacaq. Əgər ABŞ Gürcüstanda hərbi bazasını yerləşdirsə, onda Rusiya Gürcüstanı tam şəkildə itirəcək. ABŞ Azərbaycanin regiondakı vəziyyətini anlayır və ona görə də doğru olaraq rəsmi Bakıdan İrana qarşı birlikdə addımlar atmağı tələb etmir. Düşünürəm ki, balanslı siyasət davam etməlidir. Bu məsələdə Türkiyə ilə fəaliyyətimizi koordinə etməliyik. Əks halda, Azərbaycanın həqiqətən sendvic kimi Rusiya və İran arasında əzilmə təhlükəsi ola bilər. Gürcüstan-Rusiya münasibətlərində Azərbaycan üçün tərəf tutmaq vacib deyil. Zatən bunu bizdən nə gürcülər, nə də ruslar tələb edirlər. Ona görə Saakaşvilinin Tiflisdə yenidən iqtidara qayıdışını Azərbaycan üçün heç bir problem görmürəm, əksinə, ağıllı xarici siyasət yürütsək, bu durum bizim üçün üstünlüklər gətirə bilər. Gürcüstan-Rusiya münasibətləri gərginləşdiyi təqdirdə Azərbaycan bundan müsbət nəticələr qazana bilər. Türkiyədə yavaş-yavaş lirə böhranı bitməkdədir. Rusiya-Ermənistan arasında problemlər çözülənə qədər Azərbaycan ciddi hərəkətə keçməlidir. Ən əsası da siyasi şahmat taxtasında oyunçu olmaq vaxtıdır".(“Yeni Müsavat”)


Tarix: 7-11-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti