Müxalifət: Gedən çoxdu, yoxsa gələn?


Müxalifət: Gedən çoxdu, yoxsa gələn?

Totalitar sovet dövlətinin dağılması və Azərbaycanın müstəqllik əldə etməsindən sonra ölkədə çoxpartiyalı sistem yarandı. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var. Bir sıra partiyalar fəalliyyətini dayandırıb, qeydə alınmış partiyaların bir hissəsi isə fəalliyyətsizdir. Ancaq qeydə alınmayan bir çox partiya var ki, onların fəalliyyəti, ictimai rəyə təsiri daha çoxdur. 

Siyasi partiyanın gücü üzvlərinin sayı, inzibati ərazi vahidləri üzrə təşkilatlanması, ictimai rəyə və siyasi proseslərə təsiri ilə ölçülür. Bu gün Azərbaycanda mövcud olan siyasi partiyaların nə qədər üzvü var? “Cümhuriyət” qəzeti bunu öyrənmək üçün partiyalar arasında sorğu keçirib. 

Vaxtaşırı keçirdiyi tədbirlər, verdiyi ideyalar və faydalı təşəbbüslərlə gündəmə gəlməyi bacaran Azərbaycan Xalq Cəbhəsi Partiyasının 5 mindən çox üzvü var. Bu barədə məlumatı AXCP Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev verib: 

“Partiya üzvlərinin sayı 5 mindən çoxdur. Demək olar ki, hər gün üzv olmaq üçün müraciətlər edilir. Özəlliklə bölgələrdə üzvlərimizin sayı artmaqdadır. Yenə şöbələr və partyanın nəzdində yeni qurumlar yaradılır. Məsələn, ötən gün Qərbi Azərbaycan şöbəsi yaradıldı”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiya üzvlərinin dəqiq sayını bilmədiyini deyib: 

“Dəqiq say deyə bilmərəm. Amma yeni üzvlərinin qəbulu yox səviyyəsindədir. Ümumiyyətlə, Azərbaycanda partiyalara maraq həddən artıq aşağı düşüb. Bu da ölkədəki siyasi situasiya ilə bağlıdır. Heç cür dəyişiklik baş vermir, bu da insanların partiyalara marağını azaldır”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə təmsil etdiyi təşkilatın gənclərin “ümid yeri” olduğunu deyib: 

“Hazırda aktivlik yaxşı səviyyədədir. Əsasən, gənclər bizim partiyanı seçirlər. Təşkilatlanma ərəfəsindəyik. Bu yaxınlarda, daha dəqiq desək dekabrda qurultayımız olacaq. Qurultaya görə rayonlarda yenidən təşkilatlar formalaşdı, konfranslar keçirildi. Üzvlərimizin sayı isə 50 min nəfərə yaxındır”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev rəhbərlik etdiyi təşkilatın 5 minə yaxın üzvü olduğunu deyib: 

“60 rayon şöbəmiz fəaliyyət göstərir. Yeni gələnlər çoxluq təşkil etmir. Partiyaya gələnlər bizə inanan adamlardır. Azərbaycanda siyasi proseslərə qatılmaq üçün geniş şəkildə çağırış, şərait yoxdur. Əksinə, siyasi proseslərə qoşulmaq üçün bir qorxu var. Amma cəmiyyətdə mövcud durumla barışmaq istəməyənlər var ki, onlarda prosesə qoşulmaq üçün gəlirlər”.

Müsavat Partiyasından isə bildirilib ki, qurumun 100 mindən (???) çox üzvü var. Üzvlük üçün müraciət edənlərdə isə aktivlik müşahidə olunur.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) funksioneri Xəzər Teyyublu da üzvlərinin sayı haqqında konkret rəqəm deyə bilməyib: 

“Üzvlərin sayını dəqiq bilmirəm. Yeni qəbul olmaq üçün müraciət edənlərin sayı yüksək deyil”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin təşkilatı məsələlər üzrə müavini Niyaməddin Orduxanlı 15 minə yaxın üzvlərinin olduğunu deyib:

“BAXCP-nin 56 rayon şöbəsi fəaliyyət göstərir. Təxminən 15 minə yaxın rəsmi üzvümüz var. Artıq bir neçə rayonda şöbələrin qurulması üçün danışıqlar gedir. Amma 56 şöbəmiz artıq uzun illərdir fəaliyyət göstərir. Son zaman Sumqayıt şəhərindən üzvlük üçün müraciət edənlərin sayı kifayət qədər artıb”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da partiya üzvlərinin sayı ilə bağlı konkret rəqəm deməyib: 

“Əlimdə üzvlərin sayı ilə bağlı rəqəm yoxdur. Amma qəbul olmaq istəyənlər var. Əvvəlki illərlə müqayisədə insanların partiyalara gəlişi kütləvi deyil. Hər halda siyasi partiyadır, könüllülük əsasında fəaliyyət göstərir. Gələn də var, gedən də, qalıb fəaliyyətini davam etdirən də”.

Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli isə partiyada kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiklərini deyib:

“Bildiyiniz kimi, Ağ Partiya yeni qurulub. 2 ildir qurulmasına rəğmən, partiya ölkənin aparıcı siyasi təşkilatları sırasına daxil olmağa müvəffəq oldu. Respublikada qeydiyyatdan keçən 50-dən çox partiya var. Təəssüf ki, bu partiyaların bir çoxunun fəalliyyəti kağız üzərindədir. Ağ Partiya Azərbaycanda real fəaliyyət göstərən 5-6 partiyadan birinə çevrilməyə müvəffəq olub. Ağ Partiya ideoloji partiya olduğundan kəmiyyətdən daha çox keyfiyyətə önəm verir. Yəni, biz kimi gəldi partiyaya qəbul etmirik. Bizim üçün əsas kriteriya eyni məfkurəyə malik olan insanları partiyamıza qəbul etməkdir. Yarandığımız qısa zaman kəsiyində xeyli bölgədə təşkilatlanmışıq. Fəaliyyət göstərən partiyalar içərisində ilk “5-lik” dəyik. Ağ Partiya əsasən, gənclərdən ibarət təşkilatdır. Üzv olmaq istəyənlərin müraciətinə İdarə Heyətinin iclaslarında baxılır və sonra onlar partiya sıralarına qəbul edilirlər”.(Cebhe.info)


Tarix: 7-11-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti