ARALIQ SEÇKİLƏR AMERİKA CƏMİYYƏTİNİ NECƏ BÖLDÜ? –Respublikaçılar "Tramp partiyası"na çevrilir, Demokratlarda isə qadınlar önə çıxır - TƏHLİL



Sərdar Turqut

“Habertürk”, Türkiyə, 07 noyabr 2018-ci il

 

Amerikanın aralıq seçkiləri sürprizlər gətirmədi, amma özünü dünyanın supergücü, ən böyüyü olaraq görən bir cəmiyyətin nə qədər də qayğılarına, qorxularına təslim və nə qədər bölünmüş durumda olduğunu göstərdi. Trampın nümayiş etdirdiyi və davamlı olaraq bəslədiyi faşist, şovinist duyğuların dövlət ənənələrini yaşadan partiya olan və bu üzdən Böyük Qədim Partiya (Grand Old Party) adlandırılan Respublikaçılar Partiyasına necə tam hakim olduğu ortaya çıxdı.

Nümayəndələr Palatasını itirmələrinə rəğmən, onlar siyasi ritorikanı, rəsmi ideologiyanı müəyyən etməyə, dövlət siyasətini daha da sağa çəkməyə davam edəcəklər. Tramp kampaniya dövründə hansı bölgəyə müdaxilə etdisə, oradakı “respublikaçı” namizədin qələbəsini təmin etdi. Bu üzdən, Respublikaçılar Partiyası artıq rəsmi olaraq Trampın partiyasına çevrildi. Partiya daxilindəki ənənəvi dövlət prinsiplərinə bağlı olan kəsimlər silindi.

 

Qadınların qələbəsi

 

Demokratiya, liberal dəyərlər və plüralizmdən yana olan insanların partiyası da artıq, dəqiq olaraq, sadəcə Demokrat Partiyasıdır.

Demokrat Partiyasında da hakimiyyət, demək olar ki, artıq qadınlara keçib. Əslində son seçkinin qalibinin qadınlar olduğu da söylənə bilər. Bəzi bölgələrdə bir-biri ilə yalnız qadınlar yarışdı. Respublikaçılar Partiyası belə, bu qadın hegemonluğu meylindən kənarda qalmamaq üçün qadın namizədlər irəli sürməyə çalışdı. Demokrat Partiyasında böyük şəhərlərin ətraf qəsəbələrindən olan qadınların hakimiyyəti həm yeni nəsil siyasətçilər olaraq, həm də elektorat baxımından ələ keçirdiklərini söyləmək mümkündür.

 

Ətraf qəsəbələrdəki qadınlar

 

Cəmiyyətin dərinliyində mövcud olan bütün siyasi, sosial narahatlığın ən aydın hiss edildiyi, ən güclü olduğu bölgələr böyük şəhərlərin ətraf qəsəbələri, bu narahatlığı duyuransa orada yaşayan orta sinifdir. Bu bölgələrdəki qadınlar narahatlıqlardan xilas olmaq istəyənlərin idarəçiliyini ələ aldılar və seçkiyə damğalarını vurdular. Bu böhrandan demokratik çıxış yolu arayanlar Demokrat Partiyasına, bu qorxu və narahatlıqlardan istifadə edərək, iqtidar arayışında olanlar isə Respublikaçılar Partiyasına yönəldilər.

Bundan sonra, gələcək prezident seçkilərində Demokrat Partiyasının öz daxilindən Berni Sanders məktəbindən olan solçu bir qadın namizəd çıxarması gözlənilməlidir. Əgər Nümayəndələr Palatasında “demokratlar”ın lideri olan Nensi Pelosi bu vəzifədə qalmağa davam edərsə, növbəti prezident seçkilərində partiyasına o rəhbərlik edəcək.

Respublikaçılar Partiyası artıq “Tramp Partiyası” olduğundan, kişilərin və “ağ ideologiya”nın hakim olduğu partiyadır. Partiya daxilində yüksəlişdə olan qadınlar da bu ideologiyanı müdafiə edirlər.

Demokrat Partiyasında olan zənci və latın əsilli qadınlar bundan sonra çox aktiv olacaqlar və siyasətə damğa vurmağa çalışacaqlar. Bunun bir nümunəsini görmək üçün Corciya ştatına baxmaq lazım olacaq.

Hesab edilirdi ki, aralıq seçkilərinin nəticəsində Demokrat Partiyasının rəngi olan mavi, böyük bir dalğa ilə gələcək, lakin gələn sadəcə kiçik bir dalğa oldu. Gözlənilən sunami olmadı. Ola bilsin ki, Tramp bir az yaralandı, ancaq onun ideologiyasının cəmiyyətdə hakim olmağa başladığı görünür.

 

Siyasi vətəndaş müharibəsi

 

Hazırda Amerika cəmiyyəti heç vaxt olmadığı qədər bölünmüş vəziyyətdədir. Bunun öhdəsindən necə gəlinəcəyi də bilinmir. İndi Demokrat Partiyası Nümayəndələr  Palatasında bütün həlledici komissiyaların rəhbərliyini əldə edib. Və Trampı əngəlləmək üçün bu komissiyalarda sərt formada mübarizəyə başlayacaqlar. Bu səbəblə, dünəndən etibarən Amerikada siyasi vətəndaş müharibəsinin başladığını söyləmək də mümkündür. Çıxışlar, ifadələr daha da sərtləşəcək, artan qadın təsirinə rəğmən, bu yaşanacaq və 2020-ci ildəki prezident seçkiləri çox sərt atmosferdə keçəcək və maraqlı olacaq.

Qəti demək olar ki, Tramp yenə prezidentliyə çox güclü bir namizəd olacaq və qarşısına çıxacaq rəqibini əldən salmaq üçün əlindən gələn normadan kənar hər bir işi görəcək. Xülasə, bundan sonra Amerikanın daxili siyasəti hələ əyləncəli çox xəbərə açıq olacaq.

Tərcümə Strateq.az-ındır

Tarix: 8-11-2018, 13:55
Xəbəri paylaş





Xəbər lenti