İran Rusiya və Türkiyənin hesabına böhrandan xilas ola bilərmi?


İranı “quyudan çıxaracaq” iki ölkə

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı tətbiq etdiyi sanksiyalar rəsmi Tehranın işini çətinə salıb. İranın iqtisadi vəziyyəti getdikcə  ağırlaşır, milli valyutası sürətlə ucuzlaşır. Belə bir zamanda İran sanksiyalardan ən az zərərlə xilas olmağa çalışsa da, görünən odur ki,  rəsmi Tehran üçün bu proses o qədər də asan olmayacaq. Baxmayaraq ki, Rusiya və Türkiyə İrana bu və ya digər formada dəstək verir.Amma Rusiyanın özü də ABŞ-ın sanksiyaları ilə üz-üzə qalıb.Yəni, Rusiyanın özünün də iqtisadi çətinlikləri kifayət qədər çoxdur.

Türkiyə ilə ABŞ arasındakı münsibətlərdə isə gərginlik nisbətən səngiyib.Təsadüfi deyil ki, ABŞ İrana qarşı tətbiq olunan sanksiyalardan müvəqqəti yayınma icazəsi verdiyi 8 ölkə arasında Türkiyə də yer alır.Digər ölkələr Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvandır.Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib.Belə bir şəraitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı ABŞ-ın sanksiyalarını pisləyib.“Sanksiyaların doğru olduğunu düşünmürük.Bu, dünyada balansı pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir.Biz imperializm dünyasında yaşamaq istəmirik”, - deyə, Ərdoğan bildirib.Ərdoğan əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Maraqlıdır, İran Rusiya və Türkiyənin hesabına böhrandan xilas ola bilərmi?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İran Türkiyə və Rusiyanın hesabına böhrandan qurtula bilməz: 

“Rusiyanın özü sanksiyalara məruz qalır və bu sanksiyaların daha böyüməsi gözlənilir. Türkiyə isə sanksiyaların bir addımlığında idi.İran sanksiyalardan qurtula bilməyəcək, amma bu sanksiyalara hələlik tab gətirəcək gücdədir.8 ölkəyə İrana qarşı sanksiyalara qoşulmamaq üçün möhlət verilib.Onsuz da Ərdoğan bu sanksiyalara qoşulmadıqlarını bəyan edib.Avropa ölkələri də İranla razılaşmaya sadiq qaldıqlarını bəyan edirlər.Bütün bunlara rəğmən ABŞ İranla əməkdaşlıq edən korporasiyalara sanksiya tətbiq edəcəyini deyir.Bu isə həmin korporasiyaları məcbur edir ki, razılaşmalardan imtina etsinlər.Bəzən ABŞ-ın iqtisadi gücü siyasi gücündən daha təsirli olur.Böhran İranda sosial etirazı daha da alovlandıra bilər.Rejimə gənclərdən, qadınlardan ibarət güclü müxalifət yaranır.İqtisadi böhran İranda baş verə biləcək sosial partlamanı tezləşdirə bilər”.

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Rusiya və Türkiyənin dəstəyi İran üçün heç nəyi dəyişməyəcək: 

“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar paketi digər sanksiyalardan fərqli olaraq ölkənin neft-qaz sektorunu, maşınqayırma və maliyyə sistemini hədəfə alıb. Bu da ölkədə iqtisadi və siyasi vəziyyəti ağırlaşdırcaq.Qeyd edim ki, bu sanksiyalar İran üçün böyük zərbədir və rəsmi Tehran çalışır ki, müxtəlif yollarla bu sanksiyaların təsirini zəiflətsin.Alternativ yollarla bu sanksiyalardan qismən yayınsın.Türkiyə, Rusiya və Çin İrana qarşı sanksiyalara qoşulmayıb.Hesab edirəm ki, bu ölkələr İranla ticari əlaqələri inkişaf etdirsələr də, nəticədə İran ağır iqtisadi durumdan qurtula bilməyəcək.Türkiyə və Rusiyanın elə böyük iqtisadi potensialı yoxdur ki, İrana iqtisadi dəstək versinlər.Bundan əlavə İrana qarşı maliyyə sistemində SVİFT-dən çıxarılması maliyyə problemlərinıə yol açacaq.Ona görə də də Türkiyə və Rusiyanın İranla əməkdaşlığı heç nəyi dəyişməyəcək.Qeyd edim ki, Türkiyə və Rusiyanın özəl şirkətləri özləri İran bazarını tərk edir.Çünki, sanksiyalardan yayınmaq üçün bu lazımdır.İrana  görə heç bir şirkət riskə gedib, ABŞ-ın sanksiyalarına məruz qalmaq istəməz”.(Cebhe.info)


Tarix: 9-11-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti