ABŞ QARABAĞDA HƏRBİ BAZA YARADIR?

 Ramil Məmmədli: "ABŞ-ın Qarabağda baza yaratması regionda ciddi gərginliyə səbəb ola bilər"
"Bölgədə xüsusi imkanlara sahib olan Rusiya amili danılmazdır və rəsmi Moskva buna razı olmaz"
"Azərbaycan dövlətinin siyasi xəttində qonşu ölkələrə qarşı ərazisinin istifadə olunması məsələsi hər zaman arzuolunmaz hesab olunur"
Bugünlərdə mətbuatda yayılan informasiyada qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz formulunu təqdim edib. Bu barədə "Rossiya 1" telekanalına açıqlama verən Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyevin sözlərinə görə, Boltonun münaqişənin həllinə dair formulunun mahiyyəti işğal edilmiş Azərbaycan ərazilərində İrana təzyiq göstərmək üçün ABŞ hərbi bazasının yerləşdirilməsini təmin etməkdir.
Beləliklə, Ermənistandakı "məxməri inqilab"ın Ağ Evin rəhbərliyi ilə təşkil olunduğunu vurğulayan Mixiyevin fikrincə, İrana təzyiq üçün platsdarm qazanmaq məqsədiylə, ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət lazın idi: "Ermənistanda indi deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb, lakin bu qətiyyən belə deyil, hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var. Ümumiyyətlə, ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb. Onların öz planı var ki, Qarabağ məsələsini necə həll etmək lazımdır - işğal edilmiş rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq". İrəvanın bununla razılaşıb-razılaşmayacağının məlum olmadığını deyən Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru israrla iddia edir ki, Con Bolton Ermənistana səfəri zamanı qeyd olunan plan rəsmi İrəvana təqdim olunub.
Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, təxminən bir il öncə Ermənistanın o zamankı müdafiə naziri Vigen Sarkisyan ABŞ-ın dəstəyi ilə Ermənistanda hərbçilərin hazırlanması üçün müasir təlim mərkəzinin yaradıldığını bildirib. Sarkisyan qeyd edib ki, sözügedən mərkəzdə lazer atıcı trenajorları, kompleks təlim sistemi quraşdırılacaq və bunlar əsgərlər üçün hərbi əməliyyatların tam realistik imitasiyasını yaradacaq. Onun sözlərinə görə, mərkəzin təmirindən sonra erməni hərbçilər dünya standartlarına uyğun daha yaxşı şəraitdə təlim keçmək imkanı əldə edəcəklər. Məhz bu mövzu ilə bağlı mövqeyini bildirən ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz isə bu proqramın İrəvanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirildiyini vurğulayıb.
 
Məsələnin maraqlı tərəfi ondadır ki, ABŞ-la yanaşı, Rusiya da Qarabağda öz hərbi bazasını yerləşdirməyi planlaşdırır. Belə ki, bununla bağlı Ermənistan mətbuatında yayılan informasiyalara görə, sözügedən hərbi baza İranla sərhəddə yerləşdiriləcək: "Rusiyanın bu planı lap əvvəldən var. Belə fikirlər var idi ki, Rusiya rayonları Azərbaycana qaytarır, əvəzində İranla sərhəddə hərbi baza yaradır. Bakı buna razı olmadığı üçün məsələ təxirə düşüb. Rusiyanın eyni istəyi Ermənistanın da qarşısında qoyduğu deyilir. Yəni Qarabağ münaqişəsi "Kazan düsturu" çərçivəsində həll olunur, rayonlar Azərbaycana qaytarıldıqdan sonra bu bölgədə - İranla sərhəddə hərbi baza qurulur. Lakin Bakı Rusiyanın bu şərtini qəbul etmir".
Qeyd edək ki, Ermənistan parlamentinin Respublikaçılar Partiyasından olan deputatı Artaşes Qeqamyan isə ABŞ-ın Azərbaycanın işğal altında olan torpaqlarında hərbi bazasını yerləşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən Ağ Evin Qarabağda müharibə başladaraq, Rusiyanı vurmağı planlaşdırdığını deyib. Ermənistanda Soros Fondu və Qərbin digər qurumları tərəfindən 80-dən çox ictimai təşkilatın ölkəni dağıtmaq işini həyata keçirdiyini iddia edən Qeqamyan hesab edir ki, onların fəaliyyəti mənəvi dəyərləri tam məhv etmək və erməni dövlət quruluşunu dağıtmağa hesablanıb: "Bildirməliyəm ki, onlar bu işdə uğur qazanırlar. Bu şeytan layihəsinin başında baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan dayanır". ABŞ-ın Nikol Paşinyandan Dağlıq Qarabağ münaqişəsini həll etməyi tələb etdiyini vurğulayan Qeqamyanın fikrincə, burada əsas məqsəd müharibəni başladaraq, bundan İran və Rusiyaya qarşı istifadə etməkdir: "Lakin buna qədər Ermənistanda başqa proseslər baş verəcək. Ölkədə iqtisadi böhran yaradılacaq və bütün günah Rusiyanın üzərinə yıxılacaq. İndiyə qədər belə cəhdlər olub. Digər tərəfdən, ABŞ Ermənistandan İranla sərhədi bağlamağı tələb edəcək. Tramp Obama deyil, o, daha sərt olacaq. Okeanın o tayındakı strateqlər bu proseslərin davamı olaraq Qarabağda müharibəni başladacaqlar və beləliklə, günahkar yenə Rusiya olacaq. Onlar bu planla Rusiyanı tamamilə regiondan çıxarmağı düşünürlər".
Bu arada, onu da nəzərinizə çatdıraq ki, teleqraf.com-un məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin "Ermənistan tarixi ənənədən imtina etməlidir" fikrinə münasibət bildirərkən Con Boltonun nə dediyini anlamadığını qeyd edib: "Tarixi yaddaşa hörmət edərək yeni Ermənistan qururuq. Bizim xarici siyasətimizdə ölkəmizi geosiyasi döyüşlərin və ya geosiyasi rəqabətin arenasına çevirmək barədə heç bir göstəriş yoxdur. ABŞ prezidentinin müşavirinin nə dediyini başa düşmürük. Bütün millətlər kimi ermənilər də reallığın tarixi hissəsində öz gələcəyini qurub. Mənim fikrimcə, tarixə hörmət etmək lazımdır. Buna baxmayaraq, uzun müsahibəsində cənab Bolton Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı haqqında danışdı, güman ki, Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar fikirlərini tarixi keçmişə əsaslandırır". Ölkəsinin xarici siyasətində Rusiyanın yerinin dəyişdirilməyəcəyini deyən səfir bəyan edib ki, Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır: "Rusiyalılarla əlaqələrimizdən danışarkən, nəzərə almaq lazımdır ki, bizim ortaq keçmişə bağlı olan bir neçə əsrlik mənəvi və mədəni əlaqələr tariximiz var. Strateji tərəfdaşlıq səviyyəsindəki hərbi-siyasi, mənəvi və mədəni sahələrdəki əlaqələrimizi də nəzərə alsaq, bizim qurduğumuz xarici siyasətin istiqamətini görmək o qədər də çətin olmamalıdır".

ABŞ-ın Qarabağda hərbi bazasını yerləşdirməsi ilə bağlı məsələni şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bildirdi ki, münaqişənin həllində üçüncü bir tərəfin hərbi birləşməsinin vasitə olaraq istifadəsi yol verilməzdir. Onun fikrincə, dünyanın super dövləti olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu formulu reallığı əks etdirmir: "Təkcə ona görə ki, Azərbaycan dövlətinin siyasi xəttində qonşu ölkələrə qarşı ərazisinin istifadə olunması məsələsi hər zaman arzuolunmaz hesab olunur. ABŞ son 20 ildə bir neçə dəfə belə təkliflə çıxış edib. Lakin Azərbaycan İrana qarşı öz ərazisinin istifadə olunmasını rədd edib". Ramil Məmmədli hesab edir ki, Azərbaycan bu tarixi yanlışlığa heç zaman imkan verməz: "Bundan başqa, bölgədə xüsusi imkanlara sahib olan Rusiya amili də danılmazdır. Bu baxımdan, bölgədə Gürcüstandan sonra Rusiyaya rəqib olan ABŞ ordusunun baza yaratmasına rəsmi Moskva razı olmaz və bu regionda ciddi gərginliyə səbəb ola bilər".
Hurriyyet.org
Tarix: 9-11-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti