İrəvan üçün ŞOK SSENARİ, Astanada bağlanan MƏSƏLƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

 KTMT-nin növbəti sammiti Ermənistan üçün fiasko ilə nəticələndi. Şərqi Aralıq dənizində gərginliyin artdığı bir vaxtda Ankaradan strateji addımlar gəlir. ABŞ-ın İrana qarşı sərt sanksiyaların yeni paketinin tətbiqinin başlanmasından sonra Avropa və Asiyadan olan neft alıcıları alternativ təchizatçıları axtarmağa başlayıb. Böyük Britaniya Avropa İttifaqını Rusiya kəşfiyyatının rəhbərliyinə qarşı sanksiyaları tətbiq etməyə çağırıb. Avstriya xüsusi xidmət orqanları ölkə ordusunun polkovnikini həbs ediblər.
Ermənistan Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinində uğursuzluğa düçar oldu. Astanada toplanan liderlər KTMT-nin yeni baş katibinin təyinatı məsələsində razılığa gələ bilmədilər. Təşkilatın baş katibin müavini olan belaruslu Valeri Semerkov müvəqqəti baş katib vəzifəsini icra edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitr Peskov bildirib ki, yeni baş katib dekabrın 6-da dövlət başçıları tərəfindən Sankt-Peterburqda müəyyən ediləcək. Bu, təşkilatın hazırkı sədri Ermənistana ağır zərbə sayıla bilər. Məsələ ondadır ki, noyabrın 2-də baş katib vəzifəsindən vaxtından əvvəl azad edilən erməni general Yuri Xaçaturov iki gün əvvəl Ermənistana qayıdıb.
Erməni siyasi şərhçi Sarkis Artsruni Astanada KTMT-nin baş katibi seçilməməsinin səbəbi kimi faktiki olaraq, təşkilat üzvləri arasında razılığın olmamasını göstərir.
Onun sözlərinə görə, təşkilatda ziddiyyətlərin çox olduğuna Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bəyanatında işarə vurmuş oldu.
Şərqi Aralıq dənizində gərginliyin artdığı bir vaxtda Ankaradan strateji addımlar gəlir. Türkiyənin Dəniz Qüvvələri Komandirliyi şaquli enib qalxa bilən “F-35B” beşinci nəsil qırıcılarının alınması üçün tələbnamə hazırlayıb.
Xəbərə görə, 100 ədəd “F-35A” modelinə əlavə olaraq, təyyarədaşıyan gəmilərdə istifadə edilməsi üçün qısa müddətdə qalxıb enə bilən 16 ədəd “F-35B” qırıcısı üçün ABŞ-a sifariş verilib. “F-35B”-ləri dəniz pilotları idarə edəcək. Bunun üçün Türkiyə Dəniz Qüvvələri tərəfindən qurulan Dəniz Təyyarə Məktəbindən pilot təlimləri başladılıb.
Hazırda milli imkanlarla hazırlanan çoxməqsədli hücum gəmisi “TCG Anadolu”nun istehsalı 2021-ci ildə tamamlanaraq Dəniz Qüvvələrinə təslim edilməsi gözlənilir. “TCG Anadolu”dan sonra ikinci milli təyyarədaşıyan “TCG Trakya”nın istehsal prosesi başlanacaq.
Silah arsenalına beşinci nəsil qırıcılar və təyyarədaşıyan gəmilərinin daxil edilməsindən sonra Türkiyənin qlobal güc olacağı bildirilir.
ABŞ-ın İrana qarşı sərt sanksiyaların yeni paketinin tətbiqinin başlanmasından sonra Avropa və Asiyadan olan neft alıcıları alternativ təchizatçıları axtarmağa başlayıb. “The Wall Street Journal” nəşrinin yazdığına görə, bu vəziyyətdə Moskva qazanclı tərəfə çevrilir, çünki Rusiya nefti İran neftinin təbii əvəzetməsidir.
“İki ölkə oxşar xarakteristikalarla neft əldə edir və buna görə də təchizatçını dəyişmək kifayət qədər asan olacaq”, - nəşr yazıb.
Qeyd edək ki, İrana qarşı sanksiyaların yeni paketi noyabrın 5-də qəbul edilib. Yeni sanksiyalar, əsasən, İranın enerji sektoru və neft ixracına yönəlib.
Rusiyanın silahlanmasında olan avtomatik cavab nüvə zərbəsini idarə edən kompleks - “Perimetr” çətin ki, ABŞ-la qlobal münaqişə halında effektiv olacaq. Bu haqda nüvə arsenallarının ixtisarı haqqında ABŞ-la danışıqlarda iştirak etmiş general-polkovnik, Raket strateji təyinatlı qüvvələrinin Baş ştabının keçmiş müdiri (1994 - 1996) Viktor Yevsin “Ulduz” həftəliyinə müsahibəsində bildirib.
Böyük Britaniya Avropa İttifaqını Rusiya kəşfiyyatının rəhbərliyinə qarşı sanksiyaları tətbiq etməyə çağırıb. Bu haqda şəxsi mənbələrinə istinadən “The Times” qəzeti bildirib.
Qəzet yazır ki, sanksiyalar Avropa İttifaqının kimyəvi silahdan istifadə ilə mübarizəyə yönəldilmiş yeni məhdudlaşdırıcı ölçüləri çərçivəsində tətbiq edilə bilər. Diplomatik mənbələrin sözlərinə görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərliyində yer alan şəxslərin adları qaralama siyahıya daxil edilib.
Gözlənilir ki, sanksiyalar altına düşmüş adamların siyahısı dekabrda dərc ediləcək.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.
ABŞ-ın Krıma görə Rusiyaya tətbiq etdiyi sanksiyalara siyasi müstəvidə eyni şəkildə cavab veriləcək. Bu açıqlama ilə rusiyalı senator Konstantin Kosaçev çıxış edib.
Kosaçev Rusiyanın maraqlarına qarşı olmayacaq iqtisadi tədbirlərin də həyata keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, ABŞ Krımla əlaqədar və Donbasdakı vəziyyətdən dolayı Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib.
Avstriya xüsusi xidmət orqanları ölkə ordusunun polkovnikini həbs ediblər. Bu barədə məlumatı Avstriya Müdafiə Nazirliyi yayıb. Həbs edilən polkovnikin 20 il müddətində Rusiya lehinə casusluqda ittiham edildiyi bildirilib.
Avstriya mətbuatı həbs edilən 70 yaşlı polkovnikin hazırda ehtiyatda olduğunu açıqlayıb. Onun 1990-cı illərdə Rusiya hərbi kəşfiyyatına miqrasiya böhranı, Avstriya hərbi aviasiyası və artilleriya sistemləri haqqında məlumat verdiyi bəlli olub. Bunun qarşılığında isə Zalsburqdan olan hərbçi 300 min avro qazanıb.
Ömər Dağlı
Tarix: 9-11-2018, 22:57
Xəbəri paylaş





Xəbər lenti