Qonşunun çöküşü: İran sanksiyalara nə qədər tab gətirəcək? - TƏHLİL


Qonşunun çöküşü: İran sanksiyalara nə qədər tab gətirəcək?
Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi sanksiyaların İrana heç bir təsirinin olmayacağını bəyan edib.

İran rəhbərliyi Vaşinqtonun qadağalarına baxmayaraq, öz xarici siyasətini dəyişməyəcəyini bildirib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ rəhbərliyinin ağılsız hərəkətlərindən peşman olacağını deyib. Zərif Amerikanın əməllərinin qəzəb ilə edilən hərəkət olduğunu, İslam Respublikası dövlətinin vəzifəsinin isə İran xalqına qarşı düşməncəsinə fəaliyyətini əngəlləmək olduğunu və bunu indiyə qədər bütün gücü ilə etdiyini vurğulayıb. Sanksiyaları mənasız adlandıran Tehran rejimi nüvə proqramından imtina etməyəcəyini və neft ticarətini davam etdirəcəyini bildirib.

Lakin İranın Birinci vitse-prezidenti İshaq Cahangiri jurnalistlərə açıqlamasında Amerikanın tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsir göstərdiyini etiraf edib. Cahangiri bildirib ki, o, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların guya təsirsiz olması barədə millətə yalan danışa bilməz: “Mən yalan danışa bilmərəm. Sanksiyalar öz təsirini göstərməyə başlayır. Lakin bir şey var ki, biz bu təsiri minimuma endirməyə çalışmalıyıq. Hesab edirəm ki, hökumət bu həyati məsələdə millətlə səmimi olmalı, onunla aydın şəkildə hər şeyi danışmalıdır”.

Ekspertlər isə İranın neft ixracının ilkin mərhələdə 1 milyon barelə qədər azalacağını və bunun nəticəsində ölkə iqtisadiyyatının ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırır. İxrac səviyyəsinin sanksiyalar paketinə uyğun olaraq, sıfıra endirilməsi İranda maliyyə böhranının və sosial narazılığın baş verməsinə səbəb ola bilər. Bu səbəbdən iranlı iş adamlarının yaxın perspektivdə öz biznesini ölkədən çıxaracağı gözlənilir.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə açıqlamasında İran rəsmilərinin bəyanatlarının daha çox təbliğat xarakteri daşıdığını dedi: “Dünya iqtisadiyyatı dollardan asılı olduğu halda İran necə deyə bilər ki, mən dollardan qorxmuram? Bütün dünya ölkələri SVİFT pulköçürmə sistemindən istifadə etdiyi halda İran necə deyə bilər ki, mən bu şəbəkəyə qoşulmuram? Yəni bu deyilənlər İran tərəfindən verilən avantürist bəyanatlardır, blefdir. Əslində, vəziyyət yaxşı deyil. Bu sanksiyaların acı nəticələri bir müddət sonra özünü göstərəcək. Hələlik İranın daxili istehlak bazarında nisbi sabitlikdir. Bir müddət sonra İranın milli valyutasının məzənnəsi daha çox dəyərdən düşəcək, ixrac etdiyi neftin satışı ilə bağlı daha ciddi problemlərlə üzləşəcək. İran hesab edir ki, əvvəllər olduğu kimi qaçaqmal yolu ilə qara bazara neft çıxarıb sata biləcək.

Bu günlərdə ABŞ elan etdi ki, İran neft tankerlərinin işıqlandırma sistemlərini söndürür. Çünki həmin işıqlandırma sistemlərini kosmosdan müşahidə etmək mümkündür. İran da işıqlandırma sistemlərini söndürməklə qara bazara gizli yolla neft çıxartmağa çalışır. Ancaq İran qaçaqmal yolu ilə nə qədər neft satacaq ki, 80 milyon əhalisi olan ölkəni təmin etsin? İranın iqtisadiyyatı neftdən asılıdır. Bunun da səbəbləri var. Qırx ilə yaxındır tətbiq edilən sanksiya nəticəsində İrandakı texnoloji avadanlıq köhnəlib. Müasir texnoloji avadanlıq yoxdur. Hətta İranın mülki aviasiyasındakı təyyarələrin də ehtiyat hissələrinin istismar müddəti başa çatıb. 2015-ci ildə İranın nüvə proqramına dair imzalanmış sazişdən sonra ABŞ-dan “Boeing”, Fransadan “Airbus” təyyarələri alınacaq və bununla da mülki aviasiya sahəsindəki problemlərin həll ediləcəyinə ümid yaranmışdı.Amma beynəlxalq anlaşma pozuldu və bu baş vermədi. Həmçinin, İranın yüngül sənaye sahəsindəki avadanlıqları aşınmış vəziyyətdədir. Ehtimal olunur ki, bu sahədə istehsal olunan malların İranın hərbi və atom-nüvə sahələri ilə əlaqəsi var. İranın İnqilab Keşikçilər Qvardiyasının Qüds qolunun başçısı Qasim Süleymani və digər iki nəfər rəhbəri artıq sanksiyaya məruz qalıb. İranda nə varsa, hamısı ya İslam İnqilabı Keşikçiləri Qvardiyasına, ya hərbi sahəyə, ya da nüvə proqramına gedib çıxır.

Belə bir şəraitdə İran necə deyə bilər ki, sanksiyalar bizə təsir göstərməyəcək? İran xalqı əvvəllər dözüm nümayiş etdirirdi. İndi vəziyyət fərqlidir. Ölkədə qurulmuş diktaturaya, onun rəhbərinə münasibət fərqlidir. Artıq rejimə etiraz olaraq, ali lider Seyid Əli Xameneyinin şəkilləri yandırılır, Ayətullah Xomeyninin şəklinin üstünə boya atılır, qadınlar çadradan, baş örtüyündən imtina etdilər. Artıq rejimə çox ciddi etiraz var. 2017-ci ilin dekabr ayından 2018-ci ilin iyun ayına qədər İranda 3 böyük etirazlar baş verib. Bundan sonrakı mərhələdə maliyyə sektorunda, neft satışında və bu sahəyə bağlı olan digər fiziki və hüquqi şəxslərin fəaliyyətində problemlər yaranacaq. Ondan sonra “Amerikaya ölüm!” şüarları ilə əhalinin başını qatmaq mümkün olmayacaq”.

Qeyd edək ki, Rusiya da İranla bütün sahələrdə ticari-iqtisadi əlaqələrini davam etdirəcəyini bildirib. Kreml ABŞ-ın sanksiyalarının bu münasibətlərə təsir göstərə bilməyəcəyini bəyan edib.

Lakin Sədrəddin Soltan Rusiyanın bu bəyanatını reallıqdan uzaq hesab edir. Ekspertin sözlərinə görə, artıq Rusiyanın “Lukoil” və “Zarubej” neft şirkətləri İrandakı fəaliyyətini dayandıraraq bu ölkənin ərazisini tərk edib: “İranda hakimiyyətin dəyişilməsi, islahatların aparılması ilə bağlı proses başlayıb və bunun qarşısını almaq mümkün olmayacaq. Sadəcə olaraq, İranda alternativ axtarırlar. İstəyirlər ki, İran Suriyanın gününə düşməsin. İranda da bunu istəyən iki əsas qüvvə var. Birinci qüvvə hakimiyyətin öz içində və ona yaxın qüvvələrdir. Bunlar Məhəmməd Xatəmi kimi, hətta Mahmud Əhmədinejad mövcud hakimiyyəti tənqid edən dairələrdir. Bu tənqidlər eşidilərsə, mövcud rejimin yaşama müddəti bir az da uzana bilər. İkinci qüvvə hakimiyyətə aidiyyəti olmayan dairələrdir. Onların ölkənin rəhbərliyinə gəlişi həm İran, həm də hakimiyyət üçün xoşagəlməz nəticələr doğura bilər. Ona görə də İran hakimiyyəti 12 şərtə əməl etsə daha yaxşı olar. Əks təqdirdə, İranın vəziyyəti çətin olacaq. Ölkə zəifləyəcək və hər il durum çətinləşəcək. İran nə vaxta qədər, “Hizbullah”ı silah va maliyyə ilə təmin eədəck, nə vaxta qədər Suriyada hərbi əməliyyatlara pul xərcləyəcək, nə vaxta qədər Yəməndə husi üsyançılarına vəsait ayıracaq?”

Xatırladaq ki, ABŞ Dövlət Departamentində yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk İranın terrorçu fəaliyyətlərinin qarşısını almaq üçün Vaşinqtonun geniş bir plan hazırladığını deyib: “İran nüvə fəaliyyətləri ilə yanaşı, dünyanın sülh və təhlükəsizliyinə qarşı ciddi bir təhdiddir. İran ballistik raketlər sahəsində apardığı fəaliyyətini genişləndirir, kiber hücumlarına əl atır, beynəlxalq terrorizmə maliyyə dəstəyi verir. Məhz bunları nəzərə alaraq, biz onun bu fəaliyyətlərinin qarşısını almaq üçün mükəmməl bir planı həyata keçirməyi qərara almışıq”.

ABŞ rəsmisinin açıqlamasını şərh edən Sədrəddin Soltan hesab edir ki, “mükəmməl plan”dedikdə İran iqtisadiyyatının çökdürülməsi nəzərdə tutulur. Əgər bu baş tutarsa, İranın Yaxın Şərqdəki geosiyasi və hərbi fəallığına son qoyulacaq: “SSRİ-nin iqtisadiyyatı çökdüyü üçün nə Asiyada, nə Şərqi Avropada, nə də Afrikada hərbi baza saxlaya bilmədi. SSRİ qoşunları Əfqanıstandan Almaniyaya qədər hər yeri tərk etdi. İran da iqtisadi cəhətdən çökərsə, nə Fələstini, nə Bəşər Əsədi, nə də dünyanı bürümüş İran İslam İnqilabı Doktrinasının casus şəbəkəsini maliyyələşdirə bilməyəcək. Ona görə də bütün proseslər İrann iqtisadi-maliyyə cəhətdən çökdürülməsinə hesablanıb. İranda kütləvi etiraz aksyalarının baş qaldırması prosesi tanınmaz hala gətirib çıxara bilər. Onlara qarşı güc tətbiqi rejimin ömrünə daha tez son verə bilər. Ona görə də yeganə yol İran hakimiyyətinin islahatlar aparmasından ibarətdir”. 
Tarix: 10-11-2018, 13:47
Xəbəri paylaş





Xəbər lenti