Qarabağda sülh şansları müharibə risklərinə qarşı


Ermənistanda erkən seçkilərdən sonra münaqişə ətrafında situasiyanın fərqli inkişaf ssenariləri proqnoz edilir; Minsk Qrupu arxivə verilir? Rusiyalı politoloq: “Putin Qarabağa dair xüsusi elçi təyin edə bilər”

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın yenidən öz başının dəstəsi ilə işğal altındakı Dağlıq Qarabağa getməsi, Ermənistana qayıdan günü isə Qarabağda növbəti qanunsuz hərbi təlimlərə başlanılması rəsmi İrəvanın sülh istəyindən nə dərəcədə uzaq olduğunu bir daha təsdiqləmiş oldu. Bu, o deməkdir ki, düşmən tərəfinin təxribatları səbəbindən konflikt zonasında müharibə riski azalmaq əvəzinə, daha da artmış olacaq.

Siyasi ekspertlər də hələ ki “yeni Ermənistan”ın davranışında sülh “qoxusu” verən hansısa jest, yanaşma müşahidə etməyiblər. Hətta bu mövqenin düşmən ölkədə gözlənilən növbədənkənar seçkilərdən sonra da qala biləcəyi haqda bədbin proqnozlar səslənir.

Məsələn, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlarıç Corc Meyson Universitetində çıxışı zamanı Ermənistandakı seçkilərdən sonra sülh yox, müharibə ehtimalının artacağını söyləyib. Eks-diplomat həmçinin məsləhət görüb ki, ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin direktoru Den Koutsun məruzəsinə də diqqət edilsin. “2018-ci il üçün qlobal təhdidlərin qiymətləndirilməsi” adlanan həmin məruzədə Azərbaycanla Ermənistan arasında müharibənin bərpasından dolayı narahatlıq ifadə olunur.

Öz növbəsində ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris bildirib ki, Vaşinqton ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. “Bununla əlaqədar ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib”, - deyə o, qurumun Daimi Şurasının iclasında bildirib.

“ABŞ bu münaqişənin hərbi yolla həllinin mümkün olmaması fikri ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin "Helsinki Yekun Aktı"nda qeyd olunduğu kimi, güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir" - Makris qeyd edib.

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Digər keçmiş diplomat, Azərbaycanın sabiq xarici işlər  naziri Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a müsahibəsində deyib ki, münaqişələrin həlli yalnız hərb və diplomatiyanın kombinasiyası ilə mümkün görünür.

“Sülhə addımı Ermənistan atmalıdır. Məntiq ondan ibarətdir ki, onlar ilk addım olaraq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Təəssüflər olsun ki, bu illər ərzində Levon Ter-Petrosyandan sonra işğalçı ölkədə təbliğat elə qurulub ki, onlar bir qarış torpağı da qaytarmağı düşünmür. Yeni nəsil də artıq Qarabağı ”vətən"inin bir hissəsi kimi qəbul edir. Təbliğat bu şəkildə aparılıb", - deyə o qeyd edib.

T.Zülfüqarov bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkcə müharibə variantı gündəmdə deyil: “Münaqişələrin həlli yalnız iki variantın - hərb və diplomatiyanın kombinasiyası ilə mümkündür. Azərbaycan da hazırda bu siyasəti həyata keçirir. Buna görə də hələlik torpaqların azad edilməsi ilə bağlı yalnız hərbi variant nəzərdən keçirilmir. Düzdür, müharibə yolu ilə rayonların azad edilməsi ilə ciddi dəyişikliklərə nail ola bilərik. Ancaq Qarabağ münaqişəsinin real həlli hərb və diplomatiyanın kombinasiyası fonunda daha realdır”.

Onun fikrincə, ATƏT-in Minsk Qrupu artıq prosesin içində deyil və onların bölgəyə səfərindın nəsə müsbət bir şey gözləməyə dəyməz: “Onlar burada Düşənbədə nə baş verdiyi, kontaktlardan nə əldə olunması ilə bağlı məlumat aldıqlarını açıqladılar. Bu da onu göstərir ki, vasitəçilər sülh prosesindən uzaqdadırlar. Yəni onlar regiona sırf hansısa məlumatı almaq üçün gəlirlər. Onlardan nəsə gözləmək düzgün deyil. Düşünürəm ki, artıq onlar prosesdən kənardadırlar”.

Tofiq Zülfüqarov düşünür ki, Düşənbədə əldə olunan razılaşma sırf 2-3 dəqiqəlik kontaktdan irəli gəlməyib: “Bu kontaktı kimsə hazırlayıb. Ola bilsin, təklif kimi Rusiya tərəfindən hazırlanıb. Bu da normal şeydir. İkinci məsələ Con Boltonun bölgəyə etdiyi səfərdir. Həmsədrlərin regiona səfərindən qabaq Bolton çox ciddi açıqlamalar verdi. Yəni vasitəçilərdən kənarda hansısa proseslər gedir”.

*****

Stanislav Tarasov ile ilgili görsel sonucu

Rusiyalı politoloq Stanislav Tarasov isə “Regnum”da yazır ki, Qarabağ məsələsində Rusiyanın təşəbbüsü ilə yeni bir format yarana, Putin Qarabağla bağlı xüsusi elçi təyin edə bilər. “Yeni Müsavat”ın məlumatlına görə, Dağlıq Qarabağ ətrafında situasiyanın mümkün inkişaf variantına toxunan Tarasov məsələdə Rusiyanın oynaya biləcəyi roldan söz açıb.

Sitat: “ATƏT-in Minsk Qrupu 2016-cə ilin aprelindəki müharibəni önləyə bilmədi. Buna Vladimir Putinin birbaşa vasitəçilik səyləri ilə nail olmaq mümkün oldu. Yenə məhz Rusiya prezidenti İlham Əliyevi və Nikol Paşinyanı Düşənbədə şifahi anlaşma əldə eləməyə inandıra bildi - hansı anlaşma ki, münaqişə zonasında gərginliyi əhəmiyyətli dərəcədə azaltdı. Ola bilsin, yenə məhz Moskva konfliktin yeni nizamlama ssenarisini təklif eləsin. Ancaq o zaman Minsk Qrupu ilə paralel, yeni bir format yaranacaq: Rusiya-Azərbaycan- Ermənistan. Rusiya prezidentinin Dağlıq Qarabağa dair xüsusi səfir təyin edəcəyi də istisna deyil”.

Rusiyalı şərhçiyə görə, münaqişənin nizamlanması üçün qeyri-standart qərarlar lazımdır. “Hələliksə həyəcanlı siqnallar səslənir”, - deyə o əlavə edib.

*****

Beləliklə, yuxarıdakı proqnozlardan hansının özünü doğruldacağı xeyli dərəcədə Ermənistandakı 9 dekabr seçkilərindən az sonra aydın olacaq. Zaman baxımından buna elə bir şey qalmayıb - təxminən ay yarım. Eyni zamanda, ixtilafın ədalətli həllində Rusiyanın, yoxsa ABŞ-ın nəhayət, hərəkətə keçəcəyi məsələsinə də yəqin ki, onda aydınlıq gələcək.

 Siyasət şöbəsi

Tarix: 12-11-2018, 13:26
Xəbəri paylaş





Xəbər lenti