ABŞ generalının mübhəm Bakı və Tiflis səfəri


Elxan Şahinoğlu: “Gürcüstanda var olan ABŞ hərbiyyəsi həm də enerji layihələrimizin təhlükəsizliyini artıracaq”

ABŞ Nəqliyyat Komandanlığının rəhbəri, general Stefen Lyonsun Bakı və Tiflis səfərləri, nədənsə,  bir az kölgədə qaldı. Onun prezident İlham Əliyevlə görüşü zamanı siyasi və iqtisadi sahələrdə ölkələrarası əlaqələrin yüksək səviyyədə olması, xüsusilə Əfqanıstandakı proseslərdə Amerika ilə Azərbaycanın bir yerdə olması və digər məsələlər müzakirə edilib.

ABŞ generalı AZAL prezidenti Cahangir Əsgərovla da görüşüb. Bu görüşdə də tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycanın nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu müzakirə ediblər.

Görüşün üzdə olan detalları bunlardır. ABŞ generalı Bakıda olarkən başqa hansı məsələlərin müzakirə edildiyi məlum deyil.

Əvəzində S.Lyonsun Tiflisdə keçirdiyi görüşlərdə müzakirə etdiyi məsələlərin demək olar tam detalları üzə çıxıb. Onun Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşündə ABŞ-ın Gürcüstanın Tiflis yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində hərbi aerodrom inşa edəcəyi məlum olub. Bu obyektin tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a S.Lyonsun səfərini bu cür izah etdi: “ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsun bölgəyə səfəri və keçirdiyi görüşlər həm Vaşinqton, həm də bölgə ölkələri üçün vacib əhəmiyyət kəsb edir. ABŞ hərbi yüklərin bir hissəsini Azərbaycanın hava məkanından istifadə edərək Əfqanıstana çatdırır. ABŞ üçün bunun iki əhəmiyyəti var. Birincisi, yüklər ən qısa yolla Əfqanıstana çatdırılır. İkincisi, hərbi yüklərin Azərbaycan üzərindən Əfqanıstana çatdırılması Vaşinqtonla Bakı arasındakı əlaqələrin, o cümlədən hərbi əlaqələrin yüksək səviyyədə saxlanmasına şərait yaradır. Bu, Azərbaycan üçün də faydalıdır. Azərbaycan dost və qardaş Əfqanıstana kömək edir, üstəgəl, beynəlxalq terrorizmlə mübarizədə öz töhfəsini verir. İstisna etmirəm ki, ABŞ Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq istəyərdi. Ancaq indiki regional şərtlər daxilində rəsmi Bakının Vaşinqtonla hərbi əməkdaşlığı daha çox genişləndirməsinə inamım azdır. Çünki qonşularımız Rusiya və İranın kəskin reaksiyası ilə üzləşmək ehtimalımız var. Əslində ABŞ mərhum prezident Heydər Əliyevin dövründə münbit bir təklifi əlindən qaçırtdı. 1990-cı illərin sonlarında Azərbaycan-Rusiya münasibətləri xeyli soyuqlaşmışdı. Moskva əsassız yerə Azərbaycanı çeçen mücahidlərə dəstək verməkdə ittiham edirdi. Məsələn, Rusiyanın indiki müdafiə naziri və o zamankı fövqəladə hallar naziri Sergey Şoyqu ATƏT-in toplantısında sualıma cavab verərkən mənə demişdi ki, ”Sizin ölkəniz çeçen savaşçılara yardım edir". Eyni zamanda rəsmi Bakı da Moskvanı Ermənistana 1 milyard dollar civarında silah və sursat yardımı etməkdə günahlandırırdı. Belə şəraitdə Heydər Əliyev Vaşinqtona səfər etmiş və ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdi ki, Amerika Azərbaycanda hərbi baza yaratsın. O zaman Vaşinqton bu təklifə müsbət cavab vermədi və bununla fürsəti əlindən qaçırtdı. İndi rollar dəyişib. Vaşinqton hazırda Azərbaycanda Gürcüstanda olduğu kimi hərbi baza yaratmaq istəyərdi, ancaq indi də buna rəsmi Bakı razılaşmaz".

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq ABŞ-ın Gürcüstanda hərbi iştirakını gücləndirdiyini  qeyd etdi: “ABŞ-ın Tiflis yaxınlığındakı Vaziani hava limanından istifadə etmək qərarı bundan xəbər verir. Amerikanın Gürcüstanda rəsmi hərbi bazası yoxdur. Ancaq hamıya bəllidir ki, ABŞ-ın Gürcüstanın istifadə etdiyi obyektlər elə hərbi baza statusu daşıyır. Tiflis Bakıdan fərqli olaraq ABŞ-a bütün qapılarını açıb. Gürcüstan hakimiyyətini anlamaq olar. Rusiya kimi qonşusu olan ölkə özünü qorumaq məcburiyyətindədir. Rusiya Gürcüstanın güclü dövlət olmasını istəmir. Gürcüstana Rusiya istiqamətindən hər an təhlükə var. Bu təhlükəni yalnız ABŞ-ın Gürcüstandakı hərbi bazalarının varlığı dayandıra bilər. ABŞ-ın Gürcüstanda hərbi varlığını gücləndirməsi və qonşu ölkədə hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın da maraqlarına cavab verir. Birincisi, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Dağlıq Qarabağda müharibə başlayarsa və Rusiya Ermənistana hərbi dəstək vermək istəyərsə, Gürcüstanda yerləşən ABŞ hərbi maşını buna hansısa şəkildə reaksiya verməli olacaq. İkincisi, Azərbaycanın bütün tranzit yolları və enerji boru xətləri Gürcüstandan keçir. ABŞ Azərbaycanın iştirak etdiyi bütün enerji layihələrini dəstəkləyir. Bu o deməkdir ki, Gürcüstanda var olan ABŞ hərbiyyəsi həm də enerji layihələrimizin təhlükəsizliyini artıracaq”.


Tarix: 15-11-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti