“Özünü kriminal avtoritet kimi aparır” - Reaksiya


“Özünü kriminal avtoritet kimi aparır” - Reaksiya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin seçilməsinə Belarus və Qazaxıstanın etirazlarını bildirməsinə Paşinyanın etirazı, Minsk və Astanadan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd etməsi onun seçkiqabağı öz reytinqini yüksəltməsi üçün atılan addım, həmçinin onun acizliyinin bariz nümunəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, ermənilərin Belarusa irad tutmağa çalışdıqları başlıca məsələ silah satışı ilə bağlıdır:

“Onlar Belarusun Azərbaycana müasir silahlar satmasını “cinayət” hesab edir, özlərinin “İsgəndər” raketi əldə etmələrini isə “Azərbaycana yaxşı cavab” adlandırırlar. Azərbaycanın “Polonez”ləri almasını “Belarusun satqınlığı” kimi təqdim etməyə cəhd göstərirlər. Yəni faktiki olaraq xəstə məntiqlə çıxış edirlər. Adi insan belə sual edə bilər ki, məgər bütün dünya sənin aqressiv, yaramaz, ədalətsiz siyasətini dəstəkləməlidir?! Erməni terrorçuları Dağlıq Qarabağda və ətraf rayonlarda dünyada görünməmiş vəhşilik törədib, soyqırımı həyata keçiriblər. İndi bu cinayətə Belarus, Rusiya və Qazaxıstan da ortaq olmalıdırlar?! Siyasətçi üçün bu, o qədər absurd bir müddəadır ki, heç şərh etməyə dəyməz”.


E.Aşırlı əlavə edib ki, N.Paşinyan hələ də küçə anlayışından uzaqlaşa bilməyib. Üstəlik beynəlxalq münasibətlər sistemində də küçə davranışlarını tətbiq etməyə çalışır:

“O elə fikirləşir ki, İrəvan küçələrində elədiklərini beynəlxalq münasibətlər sistemində də tətbiq edə bilər. Digər tərəfdən, Belarus və Qazaxıstandan izahat tələb etməsi kimi fikir səsləndirməsi onun özünü kriminal aləmə xas olan oğrular kimi aparmasını göstərir”.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. Bundan əvvəl isə Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması qeyri-korrekt adlandırılıb.

Tarix: 18-11-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti