Vasitəçi ölkədən Minsk Qrupunu gözdən salan daha bir addım


Vasitəçi ölkədən Minsk Qrupunu gözdən salan daha bir addım

Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) rəhbəri Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər etməsi Azərbaycan tərəfinin etirazına səbəb olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) özünü separatçı rejimin "rəhbəri" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ilə bağlı bəyanatında deyilir. ABŞ-ın Minsk Qrupunun üzvü kimi separatçı Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsi ciddi suallar doğurur.Bildirilir ki, kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səyahəti barədə məlumat verilir.

"Qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunu həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir", - bəyanatda qeyd olunur. XİN-in bəyanatına görə, separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, “ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması” keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə tətbiq edilir.

Ümumiyyətlə, ABŞ-ın və digər ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycana qarşı ikili standartlardan yanaşması başadüşülən deyil. Dağlıq Qarabağ probleminin sülh danışıqları çərçivəsində həlli missiyasını üzərinə götürən bir qurumun həmsədr dövlətləri separatçılara daim xüsusi dəstək verirlər. Bu mənada Fransanın ermənipərəst mövqeyi, Rusiyanın Ermənistanla strateji tərəfdaş olması, ABŞ-ın isə qondarma rejimə “yardım” adı altında göstərdiyi dəstək təbii ki, Azərbaycana qarşı qərəzin nümunəsidir. Onsuz da bu gün Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupuna qarşı etimadsızlıq mövcuddur.Bundan sonra isə bu qurumun ədalətli fəaliyyəti inanmaq müşkülə çevriləcək.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ tərəfindən tanınmayan separatçı bir rejimin rəhbərinə viza verilməsi və Bako Saakyanın Fransanın ardınca Birləşmiş Ştatlarda keçirdiyi görüşlər beynəlxalq hüquq normalarına ziddir: 

“Bu,  beynəlxalq hüquq anlayışına uyğun gəlmir. Təəssüf ki, Tramp hakimiyyəti dövründə bu siyasət özünü daha qarabıq şəkildə büruzə verir.Doğrudur, Trampın Azərbaycana münasibətdə apardığı siyasətdə dövlətin maraqlarına zidd heç bir addım görmürük.Əksinə, Tramp İranı hədəfə alıb, amma onunla həmsərhəd olan Azərbaycana sayğılı münasibət göstərir. Bunu ABŞ-ın Avropanın enerji təhlükəsizliyində önəmli roy oynayacaq Azərbaycana qarşı münasibəti də açıq şəkildə büruzə verir. Terrorizmlə bağlı da Azərbaycan ABŞ-la birgə mübarizə aparır.Amma bununla yanaşı, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini deyən bir dövlət, eyni zamanda ikili standartlardan çıxış edir.Tanınmayan separatçı bir rejimin rəhbərini rəsmi səviyyədə olmasa da, sərhədi keçib ABŞ-da müəyyən görüşlər, tədbirlər keçirməsinə göz yumur.Güman edirəm ki, Fransanın ardınca Azərbaycan Xarici İşlər Nazirliyi də ABŞ-ın Bakıdakı səfirini dəvət edib dövlətin bu məsələyə mövqeyini ona çatdıracaq”.

E.Manafovun sözlərinə görə, bütün hallarda bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə etimadsızlıq yaradır: 

“Bütün bunlar ABŞ kimi böyük bir dövlətə başucalığa gətirə bilməz. Maraqlı məqam ondan ibarətdir ki, MDB məkanında Qarabağ istisna olmaqla heç bir separatçı qurumun rəhbərinin ABŞ-a daxil olmasına icazə verilməyib.Məhz qondarma Dağlıq Qarabağın təmsilçisi ABŞ-da rahat görüşlər keçirir, tədbirlərdə iştirak edir.Bu, onu göstərir ki, ya ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir, ya da münaqişənin tənzimlənməsi Minsk Qrupundan alınıb BMT-yə qaytarılması məsələsinə baxılmalıdır.Minsk Qrupuna Türkiyə kimi bir dövləti dəvət etmək olar.Hər halda Avropada Azərbaycana qarşı münasibəti Fransa kimi olmayan Almaniyanı bu quruma həmsədr gətirilməsinə imkan vermək olar.Bütün hallarda ATƏT-in Minsk Qrupunun bu formatında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına optimist yanaşmırıq.Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun bu formatına ictimaiyyətin etimadı demək olar ki, yoxdur.Azərbaycan prezidenti özü də dəfələrlə Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu bəyan edib”.

Elşən Manafov hesab edir ki, Azərbaycan Ermənistanla danışıqlar aparmamalıdır: 

“Düşünürəm ki, bu mənada Azərbaycanın həmsədr dövlətlərlə münasibətlərinə yenidən baxmaq üçün beynəlxalq hüquq çərçivəsində səlahiyyəti və imkanı var. Mənim mövqeyim isə bundan ibarətdir ki, Ermənistanla danışıqların aparılmasının heç bir əhəmiyyəti yoxdur. Danışıqlar Rusiya ilə aparılmalıdır.Rusiyanın Azərbaycan dövlətindən, hakimiyyətindən müəyyən gözləntiləri var. Bu gözləntilərlə bağlı Azərbaycan hakimiyyəti konkret addımlar da ata bilər. O halda ki, Rusiya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə təminat versin. Bu halda Azərbaycan hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da qoşula bilər”.(Cebhe.info)


Tarix: 21-11-2018, 07:52
Xəbəri paylaş





Xəbər lenti