Qaleanonun “deputatları”: müharibə şəraitində məmur talanı olar, acından ölənə kredit yox!!!



  


“Seçicilər səs verirlər, ancaq seçmirlər” - Uruqvayın məşhur yazıçısı Eduardo Qaleano belə yazır.

Müstəqil Azərbaycanın parlament tarixində ilk belə Milli Məclis tərkibidir ki, üzvləri arasında hər hoqqadan çıxan, hər çıxışı məsxərəyə qoyulanlar var. Elə həftə olmur ki, hansısa millət vəkili özünü xalqa güldürməsin.


Anaxeber.info dəfələrlə ayrı-ayrı MM üzvlərinin sərsəmləmələri, sayıqlamaları ilə bağlı statistik məqalələr təqdim edib. Ən son olaraq deputat Adil Əliyevin kəndçilərə dediyi sözlərin mahiyyətini təhlil eləmişdik ki, həmkarı Fəzail İbrahimli onu “qabaqladı”.
Gürcü hökumətinin seçkiqabağı xalqdan səs almaq üçün 600 min vətəndaşın kredit borcunu bağışlaması və müxalifətlə əsl siyasi mübarizənin nədən ibarət olduğunu nümayiş etdirməsi F.İbrahimlinin çıxışında “gül” vurmaqla şərh edilib.
Millət vəkili Fəzail İbrahimli qeyd edib ki, əgər bir insan krediti ödəyə bilməyəcək, nə üçün götürür!? Görəsən, ağsaqqal, tarixçi deputat hansı məntiqə əsaslanıb?
Ona elə gəlir ki, aşağılar Hacı İbrahim kimi Beynəlxalq bankdan milyonlar götürüblər? Axı krediti götürüb ödəyə bilməyən insan pulsuz, ehtiyac içində yaşadığı üçün hansısa arzusunu gerçəkləşdirmək məqsədi ilə banka müraciət edir, kefindən yox...
Kimisi qızını köçürməyə cehizi kreditlə alır, kimisi övladının təhsil haqqını kreditlə ödəyir, kimisi borca girir, kimisi anasını, balasını təcili əməliyyat etdirmək üçün kredit götürür. Vətəndaşın pulu olsaydı, kreditə ehtiyacı olmazdı.
F.İbrahimli bilmir ki, neft ölkəsində insanlar ac-yalavac yaşayırlar? Amma azmış kimi, əlavə edir ki, acından ölür, amma kreditə girir. Bu sözü demək ayıbdır.
Doğurdan da bu ölkədə acından ölən varsa, bunun günahı hökumətdə ola bilər, vətəndaşda yox. Bu ölkədə kefindən kredit götürənlər elə məmurlardır ki, qaytara bilməyiblər, dəfələrlə maliyyə cinayətlərinə görə istintaqa çağırılıblar.
F.İbrahimli himnə düzəliş təklifi ilə bağlı kəskin çıxış edəndə böyük rəğbət qazanmışdı, amma kreditlərlə bağlı sözləri onun mövqeyini alt-üst elədi.

Bunu davamı olaraq ayda-ildə bir dəfə danışan xanım deputat Jalə Əliyeva da həmkarından geri qalmayıb.
Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil.
Gürcüstan 90-lardan müharibə şəraitindədir, 2008-ci ildə isə Cənubi Osetiya və Abxaziyanın işğalı yaxın tarixdir.
Lakin gürcü hökuməti 10 il sonra müharibə şəraitində, heç bir təbii resursu, nefti-qazı olmayan bir dövlət xalqın kredit borclarını silir. Müxalifətin gücü də burada görünür.
Xalq müxalifətə dəstək verə bilər deyə iqtidar daha artığını etməyə çalışır, vətəndaşların sosial problemlərini həll edir.
Azərbaycan isə iki devalvasiya yaşayıb, iş adamlarının milyonları batıb, nefti olan ölkədə benzin, ictimai nəqliyyat, qida bir neçə dəfə bahalaşıb, xarici investorlar ölkəni tərk edib, onlarla bankın fəaliyyətinə xitam verilib, minlərlə iş yeri bağlanıb, dövlət sektorunda kütləvi ixtisarlar gedib, dollarla kredit ödəyənlər böyük zərbə alıblar, gömrük-vergi sistemində ciddi islahatlar getməyib, son olaraq J.Əliyevanın həmkarı Vahid Əhmədov gömrükdə 27 milyard manatın mənimsənildiyini açıqlayıb, kölgə iqtisadiyyatının büdcəsi real büdcədən onqat artıqdır, əhalinin gəlirləri azalıb, xərcləri çoxalıb, işdən qovulan nazir və məmurların hansı talançılıqlarla məşğul olduqları isbat olunub və bütün bu məmur-oliqarxiyası müharibə şəraitində dövlətin büdcəsini sümürüblər, amma gürcüdən fərqli olaraq neft-qaz sahibi olan azərbaycanlılar Cahangir-Zamirə kimilərin müəyyən etdiyi yüksək faizli kreditləri ödəmək məcburiyyəti altında əziyyət çəkirlər, kreditlərin silinməsi təklifi gündəmə gələndə isə gürcüdən fərqli olmayaraq, biz müharibə şəraitindəyik minnəti ilə üz-üzə qalırlar.
Ancaq Jalə xanım nədənsə, müharibə şəraitində Zamirənin, Eldar Mahmudovun, Ziya Məmmədovun, Fazil Məmmədovun, Qüdət Şükürovun və vəzifədə olan onlar kimilərin maliyyə cinayətlərini dilə gətirmir.
Bəs, bu büdcə mənimsəmələri həyata keçiriləndə Azərbaycan müharibə şəraitində deyilmi? Abel Məhərrəmov müharibə şəraitində çaxıra daşıya bilər, Səlim Müslümov pensiyaçının ömrünü qısalda bilər, şəhid anası 11 min manat yardım istəyərkən Əli Həsənovun nəvəsi “Qalenvagen”lə iki nəfəri öldürüb sonra azadlığa çıxa bilər, amma müharibə şəraitidir, borcları silmək olmaz!!!  
Bunları Fəzail İbrahimli də, Jalə Əliyeva da elə gözəl bilirlər ki...Sadəcə, “eşşəyə gücü çatmır, palanı döyəcləyir” misalı yada düşür.
 
Tarix: 21-11-2018, 09:28
Xəbəri paylaş





Xəbər lenti