Düşmən ölkədəki seçkilərdən sonra sülh, yoxsa müharibə “sifariş” ediləcək?.. - TƏHLİL


Düşmən ölkədəki seçkilərdən sonra sülh, yoxsa müharibə “sifariş” ediləcək?..
Dağlıq Qarabağ konfliktinin həllində yəqin ki, son sözü gec-tez hərbi faktor deyəcək. Söhbət heç də labüd müharibədən getmir. Məsələ ondadır ki, hərbi güclə hədələmə də diplomatik danışıqlarda mühüm önəm kəsb edir. Yəni Azərbaycanla müharibədən qalib ayrılmağın qeyri-mümkünlüyünü dərk edən işğalçı ölkə günün birində qüvvələr nisbətini ciddiyə alıb da sülhə gələ bilər.

Hələliksə ərazisinin 20%-i işğal altında olan Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin on illərdir nəticə verməyən “vasitəçiliyi” fonunda öz hərbi qüdrətini artırmaq zorundadır. Bu yöndə mühüm istiqamətlərdən biri də tərəfdaş və dost ölkələrdən silah tədarükü, paralel olaraq yerli hərbi-sənaye kompleksini inkişaf etdirməkdir. O sırada dost Belarusun ölkəmiz üçün çəkisi getdikcə artmaqdadır. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Belarusa növbəti səfəri bir daha təsdiq elədi.

*****

“Belarus və Azərbaycan növbəti Belarus hərbi texnikası partiyasının ölkəmizə çatdırılması üzrə müqavilə üzərində işləyirlər”. Bunu srağagün Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekununda prezident İlham Əliyev deyib. Həmin gün danışıqların yekunu üzrə Belarus Hərbi Sənaye Dövlət Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında hava hücumundan müdafiə silah və texnikasının təchizi sahəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

“Ən qısa müddətdə o, Belarusdan növbəti hərbi texnika partiyasının alınması üçün müqaviləyə transformasiya olunacaq”, - deyə İlham Əliyev bildirib. Ölkə başçısı onu da bildirib ki, Azərbaycan hərbi sferada Belarusla əməkdaşlıqdan məmnundur, çünki Belarusun hərbi texnikası keyfiyyətli və effektlidir. “Ona görə də təsadüfi deyil ki, bizim ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq artıq yaxşı bir tarixə, kifayət qədər böyük həcm və genişlənmək üçün yaxşı tendensiyaya malikdir”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Belarusdan son olaraq, “Polonez” raket sistemləri alıb. Bu sistemlər “İsgəndər M” sistemlərinə analoq sayılır. Ermənistanı narahat edən həm də budur.

Beləcə, Azərbaycan özünün silahlanma strategiyasını bir az da təkmilləşdirməkdədir. Təbii ki, əsas hədəf silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığını ən yüksək səviyyəyə çatdırmaq, düşmən üzərində əzici hərbi üstünlüyü təmin eləməkdir. Bu üstünlük isə ilbəil artmaqdadır. Çünki işğalçı ölkənin Azərbaycan qədər maliyyə imkanları yoxdur. Rusiyanın güzəştli faizlə verdiyi kreditlər hesabına isə silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq mümkün deyil.

*****

Münaqişə tərəfləri arasında hərbi göstəricilər üzrə bu böyük fərqi xarici ekspertlər də qeyd edirlər. Ermənistan isə ümidlidir ki, Azərbaycanı təxribata çəkməklə təmsil olunduğu KTMT hesabına vəziyyətdən çıxa biləcək. Lakin dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan Ermənistana hücum eləməyə hazırlaşmır. Azərbaycanın əsas hədəfi işğalçı qüvvələri öz torpaqlarından çıxarmaq və ərazi bütövlüyünü təmin eləməkdir.

“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”. Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni KİV-ə müsahibəsində deyib (publika.az). Onun sözlərinə görə, Ermənistan “qırıcı aviasiyasına” malik deyil: “Ermənistanda yalnız hücum təyyarələri var, qırıcılar olmadığı üçün bu, faktiki olaraq faydasızdır. Qırıcılar yoxdursa, müharibə vaxtı hücum təyyarələrini qorumaq mümkün olmayacaq”.

Xramçik qeyd edir ki, müasir qırıcıların dəyəri 50 milyon dollar dəyərindədir. “Rusiya müdafiə sənayesi həm öz ordusu, həm də Qazaxıstan ordusunun təchizatına görə yüklənib. Əgər Ermənistana qırıcıların verilməsi ilə bağlı qərar verilərsə, bu, 2-3 ildən tez olmayacaq”, - deyə o bildirib.

Bununla yanaşı, rusiyalı ekspert hesab etmir ki, pilotsuz təyyarələr aviasiyanın yoxluğunu kompensasiya edə bilər: “Hətta Ermənistanın ”Su-25" hücum təyyarələri də aviasiyanı kompensasiya edə bilmir. Hava Hücumundan Müdafiə sistemləri aviasiyanın yoxluğunu qismən kompensasiya edə bilər, lakin tamamilə yox. Çünki bu sistemlər passiv müdafiədir, əks-zərbələr endirməyə imkan vermir. Bu taktika heç vaxt qələbəni təmin edə bilməz. Müasir dünyada aviasiyaya malik olmayan ölkə heç vaxt döyüşə bilməz".

*****

Əksər hərbi ekspertlər əmindirlər ki, Azərbaycan xüsusən də havada düşmən ölkə üzərində böyük üstünlüyə malikdir. Bu isə öz növbəsində mümkün müharibənin taleyinin kimin xeyrinə həll olunacağı deməkdir. Lakin hələ ki müharibədən qaçmaq imkanları tükənməyib. Yəqin ki, tam mənzərə Ermənistanda növbədənkənar parlament seçkiləri bitəndən sonra aydın olacaq.

Əgər seçkilərdə qələbə ehtimalı böyük olan Nikol Paşinyan sələflərinin yanlış, təhlükəli və dalana aparan yolunu davam etdirsə, o zaman müharibə “sifarişi” xeyli dərəcədə verilmiş olacaq. Hər halda, dəfələrlə deyildiyi kimi, Bakı böyük paralar xərcləyib aldığı müasir hərbi texnika və sistemləri yalnız vitrinə qoymaq, yaxud vaxtaşırı hərbi paradlarda nümayiş etdirməklə kifayətlənmək fikrində deyil.

Sözsüz ki, silahlara verilən pullar ölkənin, xalqın başqa ehtiyaclarına da yönəldilə bilərdi. Ancaq bu barədə ilk növbədə blokadada olan kasıb Ermənistanın rəhbərliyi düşünməlidir. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın maliyyə resursları qat-qat böyükdür. İşğalçı ölkə isə kreditlə aldığı silahlar qarşılığında getdikcə Rusiyadan daha güclü asılılığa düşür. Bir ölkə başqa bir ölkədən maliyyə-iqtisadi asılılıqdadırsa, demək, həm də siyasi asılılıqdadır və onun suverenliyindən, müstəqilliyindən danışmağa dəyməz.

Bu acı gerçəkdən Paşinyan iqtidarı da qaça bilməyəcək. Gerçəyi yaxşıya dəyişməyin yeganə yolu isə qonşu Azərbaycan və Türkiyə ilə vaxt itirmədən anlaşmaq, blokadadan çıxmaqdır. Yol çoxdan bəlli...
\\musavat.com\\ 
Tarix: 21-11-2018, 09:47
Xəbəri paylaş





Xəbər lenti