Qarabağla bağlı yeni “yol xəritəsi”: Planda nələr var?


Qarabağla bağlı yeni “yol xəritəsi”: Planda nələr var?

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi Təşkilatının (ATƏM) sabiq sədri Mario Rafaelli Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yeni təkliflə çıxış edib.Bakıya səfəri çərçivəsində italiyalı diplomat problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan "yol xəritəsi"ndən söz açıb.Ermənistanla-Azərbaycan arasında gərgin döyüşlərin getdiyi 1992-1993-cü illərdə ATƏT-ə rəhbərlik etmiş Mario Rafaelli Dağlıq Qarabağ münaqişəsinin "Cənubi Tirol" modeli əsasında nizamlanmasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarını işğal etdiyi ərazilərdən çıxartmalı, eyni zamanda Dağlıq Qarabağın müharibə başlanana qədər Azərbaycanın tərkibində mövcud olmuş muxtar vilayət statusu bərpa edilməlidir. 

Mario Rafaelli qeyd edib ki, sözügedən prosesin davamlı sülh şəraitində həyata keçirilməsi mümkün olsa, o zaman Dağlıq Qarabağa Cənubi Tirolun statusunu verməklə münaqişəni aradan qaldırmaq olar.

Qeyd edək ki, Cənubi Tirol Avstriya və İtaliya arasında mübahisəli ərazi sayılır.İtaliyanın tərkibində xüsusi idarəetmə statusuna malik olan bu əyalətə Avstriya da iddia edir.Bunun da səbəbi Cənubi Tirolun əhalisinin 64 faizini Avstriya bavariyalıları və ya tirolyanların təşkil etməsi ilə bağlıdır.Ona görə də əyalət sakinlərinin əksəriyyətinin alman, 25 faizi isə italyan dilində danışır.İtaliyanın Trentino bölgəsində yerləşən Cənubi Tirol əyalətini italyanlar Alto Adige (Yuxarı Adige) də adlandırır.

Cənubi Tirol 1972-ci ildə Trentino-Alte Adis (allmanca-Boltsano-Botsen-Cənubi Tirol) vilayətinin iki muxtar əyalətə bölünməsi nəticəsində yaradılıb.Tirolun bir hissəsi Avstriyada, digər hissəsi 100 ilə yaxındır İtaliyada yerləşir və Cənubi Tirol adını daşıyır.Əsrlər boyunca Tirol Avstriyanın habsburqları və Bavariyanın vittelsbaxları arasında nifaq predmeti olub.XIX əsrin əvvəllərində Tirol tamamilə Avstriya imperiyasının tərkibinə daxil olub.Bu ərazi uğrunda mübarizə, əsasən, İtaliyadan Almaniyaya gedən yolda yerləşən strateji əhəmiyyətli Brenner aşırımına nəzarət etmək uğrunda olub.

1922-ci ildə Benito Mussolini hakimiyyətə gəldikdən sonra tirolluların assimilyasiyası kampaniyası başladı. Əhalinin 86 faizi alman dilində danışdığı halda onlara bu qadağan edildi, milli mədəniyyət sıxışdırıldı. Tirollulara onlar üçün doğma olan dildə qəzet çap emək və o dili məktəblərdə tədris etmək qadağan edilmişdi. Şəhər və kəndlərin qədim tirol adları italyan adları ilə dəyişdirilirdi. Yerli əhali kütləvi mühacirətə vadar edilirdi.Faşist İtaliyası və nasist Almaniyasının ittifaqı tirolluları yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Onlara ya Üçüncü reyxə köçmək və vətəni tərk etmək, ya da qalmaq və tamamilə italyanlaşmaq təklif olunurdu.İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Paris Sülh Konfransında Tirol ərazisində yerləşən Brenner aşırımı rəsmi olaraq Avstriya və İtaliya arasında sərhəd kimi tanındı.Cənubi tirollular qalib müttəfiqlərdən öz bölgələrinin Avstriyaya qaytarılmasını tələb etdilər. Lakin 1947-ci il sülh müqaviləsi İtaliyanın sərhəddini 1919-cu ildə olduğu kimi müəyyən etdi. Bu sənəd Cənubi Tirolun almandilli azlığına italyandilli əhali ilə tam bərabər hüquqlar verirdi.Onların doğma dildə təhsilinə zəmanət verilirdi və italyan dili ilə birlikdə ictimai müəssisələrdə istifadə olunurdu. Amma sazişlərin imzalanmasından cəmi bir il sonra Roma Trentino-Alto-Adice regionu üçün Muxtariyyət Statusu qəbul edərək, Boltsano və Trento əyalətlərini birləşdirdi. Bu birləşmədən sonra italyan əhalisi almandillilərdən böyük üstünlük təşkil edirdi.

Cənubi Tirol 1972-ci ildə Trentino-Alte Adis (allmanca-Boltsano-Botsen-Cənubi Tirol) vilayətinin iki muxtar əyalətə bölünməsi nəticəsində yaradılıb.1992-ci ildə Avstriya hakimiyyəti BMT-yə İtaliya ilə Cənubi Tirol məsələsində fikir ayrılıqlarına son qoyulduğunu elan edib.2001-ci ildə o, İtaliyanın ərazi bütövlüyü çərçivəsində ayrıca regionuna çevrilib.

Paytaxtı Botsen olan Cənubi Tirolun İtaliyanın tərkibində əhəmiyyətli dərəcədə muxtar səlahiyyətləri var. Cənubi Tirol geniş qanunvericilik, icra və maliyyə səlahiyyətlərinə malikdir.Cənubi Tirol yerli özünüidarəetmə səlahiyyətlərinə malik 116 bələdiyyədən ibarətdir.Əhalisinin sayı 507 min nəfər təşkil edir.Cənubi Tirolda dil qrupları üçün bərabər hüquqlar təmin edilib.70 yerli parlamentdə iki dildən istifadə olunur.

Təkcə yerli parlamentdə deyil, küçələrin adları, lövhələr də iki dildədir, baxmayaraq ki, küçədə müstəsna olaraq alman dilindən istifadə edilir. Tirol parlamentinin və hökumətinin tərkibi əhalinin say tərkibinə uyğun şəkildə formalaşdırılıb-67 faiz alman, 25 faiz italyan, 5 faiz ladin. Muxtariyyətin investisiya siyasəti də bu nisbətdə həyata keçirilir.

Lakin status razılaşmasına görə, almanların çoxluq təşkil etməsinə baxmayaraq, qəbul etdiyi istənilən qərarı italyan azlığı düzgün hesab etməsə, onu dayandırmaq hüququna malikdir.Turizm bölgəsi kimi tanınan Cənubi Tirolda toplanan vergilərin 80 faizi muxtariyyətin özündə qalır.

Dağlıq Qarabağ probleminin Cənubi Tirol modeli əsasında həlli məsələsi əvvəllər də ekspertlərin diqqət mərkəzində olub.2012-ci ildə Bakıda Avropalı mütəxəssilərin iştirakı ilə “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu”mövzusunda beynəlxalq konfrans keçirilib.Rəsmi Bakı bu statusun Dağlıq Qarabağa şamil edilməsinə prinsipcə razıdır.Lakin Ermənistanın güzəştə getmək istəməməsi sözügedən modelin indiyə qədər tətbiqinə mane olub.Rəsmi İrəvan bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını yolverilməz hesab etdiyi üçün münaqişənin nizamlanmasıında Cənubi Tirol modelinin tətbiqi razılaşa bilməz.

Qeyd edək ki, Dağlıq Qarabağa Cənubi Tiroldan başqa, Aland adaları, Tatarıstan modellərinin verilməsi ilə bağlı təkliflər də nəzərdən keçirilib.Buna baxmayaraq, Ermənistan həmin təkliflərin heç birini qəbul etməyib.

ATƏT sədrinin təklifini “Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov isə hesab edir ki, Azərbaycan Cənubi Tirol modelinə razılıq verməməlidir: 

“Əvvəla bu model münaqişə tərəfləri arasında müzakirə olunmalıdır. Məsələ bundan ibarətdir ki, Ermənistan artıq ATƏT təmsilçisinin bu təklifi ilə razılaşmadığını bildirib.Erməni tərəfi Dağlıq Qatrabağın Azərbaycanın tərkibində məhdud suverenliyi ilə razılaşmır.Azərbaycan hələ Heydər Əliyevin prezidentliyi dövründə Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasının statusuna yaxın bir model təklif etmişdi.Lakin Ki-Uest danışıqları ərəfəsində Ermənistanda baş verən hadisələr, Rusiyanın prosesə müdaxiləsi müzakiərlərin yarımçıq qalmasına səbəb oldu.İndi Ermənistanın yeni hökumətinin başçısı Paşinyan danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirak etməsi şərtini irəli sürür.Paşinyan bildirir ki, Dağlıq Qarabağın müstəqil tərəf kimi razılığı olmadan danışıqlarda hər hansı razılaşma mümkün deyil.Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, Azərbaycan federativ əsaslarla danışıqlar masasına heç vaxt oturmayacaq.

Xatırladım ki, bir zamanlar Dağlıq Qarabağa Aland adaları modelinin verilməsi də təklif edilmişdi.Amma Ermənistan buna razılıq verməmişdi. Halbuki həmin model Farer adalarının statusunu özündə ehtiva edir. Farer adaları 1948-ci ildən bəri Danimarka dövlətinin tabeliyindədir.Bununla yanaşı, özünün icra hakimiyyəti strukturları, məhkəməsi, parlamenti var. Farer adalarının yalnız polisi, ordusu və özünün pul vahidi yoxdur.

Ermənistan bu modelə də razılıq verməməklə qeyri-konstruktiv mövqe sərgiləyir.Ona görə də düşünürəm ki, Azərbaycan Dağlıq Cənubi Tirol modelinin tətbiqindən imtina etməlidir.Çünki bu statusun mövcudluğu sonralar danışıqlar prosesində Ermənistanın xeyrinə işləyə biləcək mexanizmlərin yaranmasına gətirib çıxara bilər.Ermənilər bundan öz məqsədləri üçün istifadə edə bilər.Bu ona bənzəyir ki, 1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, ermənilər bundan sui-istifadə etdi.Bu statsus Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və bölgədə separatçılığın baş qaldırması üçün tramplin rolunu oynadı. Əgər Dağlıq Qarabağa status verilməsi lazım gələrsə, bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təxminən Naxçıvan Muxtar Respublikasının statusuna bənzər bir model ola bilər”. (Cebhe.info)



Tarix: 22-11-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti