Bombalanacaq ÜÇ ÖLKƏ, Türkiyədən Qarabağ XƏBƏRDARLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

  Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməli olduğunu bildirib. Türkiyə ABŞ-dan yaxşı təklif gələcəyi halda “Patriot” sistemlərini almağa hazırdır. İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib. Moskva hesab edir ki, NATO-nun genişlənməsi beynəlxalq təhlükəsizlik və stabillik sisteminə zərbə vurur.
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Daha sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.
İ.Qalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.
Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
Rəsmi Bakı və İrəvan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür əlaqələri yalnız alqışlaya bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə bildirib.
"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq olar", - M.Zaxarova deyib.
Türkiyə ABŞ-dan yaxşı təklif gələcəyi halda “Patriot” sistemlərini almağa hazırdır. Bunu “Rusiya-Türkiyə münasibətləri: gələcəyin təsvirini formalaşdırmaq” konfransında çıxışı zamanı Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.
“Gələn il S-400-lərin ilk batareyasının tədarükü olacaq. Bundan sonra biz onların birgə istehsalına başlayacağıq. Türkiyə heç vaxt bir təklifə fokuslanmır. Əgər biz ABŞ-dan “Patriot” sistemləri ilə bağlı yaxşı təklif alsaq və onun birgə istehsalıyla bağlı razılaşsaq, o zaman bu sistemləri almağa hazırıq. Türkiyə bu sistemləri özünümüdafiə üçün alır və heç kimə hücum etməyə hazırlaşmır”, – deyə o bildirib.
ABŞ-da “vəliəhd üsyanı” hər keçən gün daha da alovlanır. Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toz qondurmayan ABŞ prezidenti Donald Trampa olan qəzəb pik nöqtədədir. Bu sözləri Türkiyənin “Sabah” qəzetinin yazarı Bercan Tutar bildirib.
ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır. Bu haqda “Middle East Eye” saytında dərc olunan məqalədə bildirilir.           İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib. İranlı general ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin, Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin uçuş məsafəsində olduğunu açıqlayıb.
“Bizim raketlərin uçuş məsafəsindədirlər və hər hansı hərəkət edərlərsə, onları vura bilərik. Qurudan dənizə raketlərimizin uçuş məsafəsi 700 kilometrdir və ABŞ-ın təyyarədaşıyan gəmiləri hədəfimizdədir”, - Hacızadə deyib.
Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.
Ancaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə ABŞ sanksiyalarının neft ixracına böyük təsir göstərməyəcəyini açıqlamışdı.
Rusiyanın yeni nüvə doktrinasının hazırlaması ideyası nüvə silahının tətbiqinə hədəflənib və bu məsələdə potensial rəqiblərə dəqiq siqnal göndərir. Belə qənaətə “RİA-Novosti” agentliyinə danışan Amerika ekspertləri gəliblər.
Federasiya Şurası çərşənbə günü Rusiya Təhlükəsizlik Şurasına “Nüvə sahəsində Rusiya siyasətinin əsasları”nın yeni mətninin hazırlanmasını təklif etdilər. Burada Rusiya tərəfindən nüvə silahının tətbiqi, həmçinin hipersonik və strateji qeyri-nüvə silahının başqa növlərinin rəqib tərəfindən tətbiqi zamanı cavab hərəkətləri barədə qərarın qəbul olunması müəyyən olunur.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Rusiya və Avrasiya üzrə proqramların direktoru Olqa Oliker hesab edir ki, strategiyanın yeni redaksiyasının hazırlanması təşəbbüsü Rusiya prezidenti Vladimir Putinin bu yaxınlardakı bəyanatları ilə bağlı ola bilər.
NATO rəhbərliyi Moskva ilə razılaşmasına baxmayaraq, alyansın şərqə doğru genişlənməsini davam etdirməklə nəinki SSRİ-ni, həm də bütün dünya ictimaiyyətini aldadıb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, belə dünya miqyaslı yalana görə məsuliyyəti təkcə NATO rəhbərliyi yox, həm də bir sıra ölkələr və siyasi sistemlər daşıyır.
Ölkədəki problemlərə görə prezident Vladimir Putinin məsuliyyət daşıdığını düşünən rusiyalılar 61 faiz təşkil edir. Bu haqda Rusiyanın "Levada” analitik mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Rəyi soruşulanların daha 22 faizi əmindir ki, Putin Rusiyanın bədbəxtliklərində “müəyyən dərəcədə” günahkardır. Göstəricilər tədqiqatların bütün tarixi ərzində maksimuma çatıb.
NATO-nun genişlənməsi beynəlxalq təhlükəsizlik və stabillik sisteminə zərbə vurur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz heç kimi qorxutmaq istəmirik. İstəyirik ki, beynəlxalq ictimaiyyətin diqqəti bu genişlənməni dəstəkləyən dövlətlərin təhlükəsizlik sisteminə böyük zərbə vurduğuna yönəlsin. Bu məsələ təkcə Rusiyanın təhlükəsizlik məsələsi deyil” – deyə o bildirib.
Ömər Dağlı

Tarix: 22-11-2018, 22:39
Xəbəri paylaş





Xəbər lenti