İrəvan Kremli şantaj edir: Moskvanın cavabı… - TƏHLİL

İrəvan Kremli şantaj edir: Moskvanın cavabı…
KTMT ilə bağlı Ermənistan və Rusiya tərəfindən səsləndirilən fikirlər sadəcə bəhanədir.

Bu sözləri Axar.az-a Ermənistanın KTMT-dən çıxarılması məsələsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, tərəflər bir-birlərini şantaj edir:

“Erməni tərəfi şantaj edir ki, mən buradan çıxa bilərəm, Rusiya tərəfi isə Ermənistanı KTMT-dən qovmaqla təhdid edir. Belə bir qarşılıqlı şantajda heç bir müsbət nəticəsi ola bilməz. Çünki artıq başqa ölkələrin də bu prosesə qoşulmasını müşahidə etdik. Burada Qazaxıstanı və Belarusu nəzərdə tuturam. Və xüsusilə vurğulamalıyam ki, bu məsələdə artıq Azərbaycan amili də rol oynamağa başlayıb. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir”.

E.Namazov qeyd edib ki, Paşinyan KTMT-yə yeni bir siyasi üsul, leksikon gətirir:

“Təşkilata üzv olan ölkələrin başçılarının tərcümeyi-halına baxsaq, onların keçdiyi yola nəzər yetirsək, görərik ki, bu təşkilat bir-birinə yaxın olan şəxsləri birləşdirən klubdur. Həm yaş, həm də təcrübə baxımından bir-birinə uyğun olan ölkə başçıları bu təşkilatda təmsil olunur. Paşinyan bu təşkilata, şərti desək, küçə döyüşlərini xatırladan üsullar gətirmək istəyir ki, burada təmsil olunan dövlət başçıları buna o qədər də müsbət münasibət bəsləyə bilməz. Ola bilsin ki, bu, kimlər üçünsə gözlənilməzdir. Paşinyan hazırda kimin birinci qorxub geri çəkiləcəyini, güzəştə gedəcəyini gözləyir. Bunun üçün KTMT-də təmsil olunan dövlət başçılarına qarşı mətbuat vasitəsi ilə atmacalar atır və bununla vəziyyəti daha da qızışdırmağa çalışır. Bunlar Paşinyanın siyasi karyerası ərzində etdiyi işlərdir. Paşinyan bu cür üsullara öyrənib və bunu tətbiq edəndə özünü çox rahat hiss edir. Ancaq Qazaxıstan, Belarus prezidentləri üçün bu üsul yaddır”.

E.Namazov vurğulayıb ki, faktiki olaraq, KTMT-də Ermənistanla Qazaxıstan və Belarus, eləcə də Rusiya arasında yaranan qarşıdurma, atışmalar Ermənistanın geopolitik seçimini dəyişmək istəməsindən irəli gəlir:

“Bütün bunlar Ermənistanın Avropa və ABŞ-ın təsir dairəsinə keçmək planlarının, istəklərinin təzahürüdür. Bunun müxtəlif sahələrdə şahidi olacağıq. Hələ bundan sonra Avrasiya İqtisadi Birliyinin iclaslarında, beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə də bu cür hallar yaşana bilər. Yəni hazırda çox ciddi proseslər gedir. İnanmıram ki, bu prosesə dekabrın əvvəlində son qoyulsun. Növbəti iclasa qədər bu ziddiyyətlərin aradan qalxacağı inandırıcı görünmür. Bu ziddiyyətlərdə kompromisə gəlmək nə Paşinyanın, nə də qarşı tərəfin marağındadır. Ona görə də güman edirəm ki, Sankt-Peterburq görüşündə ya müvəqqəti olaraq, Rusiya nümayəndəsinin bu vəzifəni icra etməsi qərarına gələcəklər, ya da problemin həlli növbəti iclasa qalacaq. Bu məsələ belə də uzanacaq”.

E.Namazovun sözlərinə görə, gec-tez bu ölkələr açıq şəkildə istəklərini dilə gətirəcək:

“Tərəflərdən birinin siyasi səhnədən getməsini biz müşahidə edəcəyik. Görünən odur ki, bu tərəflərdən zəifi Ermənistandır. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici siyasətdə durumu getdikcə daha da pisləşəcək. Bu prosesdə Azərbaycan hər zaman öz ərazi bütövlüyünü bərpa etməyə, bu vəziyyətdən istifadə edib Qarabağ problemini həll etməyə və son nöqtəni qoymağa hazır olmalıdır”.

Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. Onun ardınca isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.
 
Tarix: 23-11-2018, 09:13
Xəbəri paylaş





Xəbər lenti