Müxalifət ümidini Allaha və dünyaya bağlayıb


Sərdar Cəlaloğlu: “Demokratik mübarizədə bundan artıq nəticələr əldə etmək mümkün deyil”; Tural Abbaslı: “Gələcəyə ümidimizi itirmək niyyətində deyilik”

Ölkə müxalifəti illərdir düşdüyü “siyasi böhran”dan qurtula bilmir. Maraqlısı odur ki, bu vəziyyətdən çıxmaq üçün ciddi addımlar da atılmır. Müxalif düşərgə daxilindəki savaşlar da artıq maraq doğurmur.

Artıq mövcud siyasi müxalifətin nə zamansa ciddi uğurlar qazanacağına inananlar dənizdə damla qədərdir.

Bəs müxalifətçilər özləri gələcəkdə nailiyyət əldə edəcəyinə inanırmı?

ADP sədri Sərdar Cəlaloğlu sualımıza belə cavab verdi: “Biz bu gün siyasi fəallıq baxımından geri görünə bilərik. Amma unutmaq olmaz ki, bu zaman və inkişaf baxımından bir geriləmədir. Tənəzzüllər hər zaman  tərəqqidən irəlidə olduğu üçün özün gərək tərəqqidən də bir qədər yüksəkdə olasan. Məsələyə belə yanaşanda bizim indiki tərəqqimiz heç də geriyə getmək deyil. Bildiyiniz kimi, dünya getdikcə qloballaşır. Qlobal dünyada iç mübarizədə təkcə daxili güclərin deyil, xarici güclərin də bu və ya digər dərəcədə iştirakları tələb olunur. Hələlik dünyada gedən proseslər göstərir ki, diqqət Yaxın və Uzaq Şərqə cəmləşib.

Ä°lgili resim

Qafqaz regionu ilə bağlı beynəlxalq güclərin açıq şəkildə bir planları da yoxdur. Ona görə də gözləmək lazımdır ki, Qafqazda beynəlxalq güclərin nə zaman demokratiya ilə bağlı bir planları olacaq. O zaman səylərimizi birləşdirə bilərik. Demokratik mübarizə ilə bağlı yaxınlarda silsilə məqalələr yazmışam. Orada da demokratik mübarizənin 6 prinsipindən birinin beynəlxalq dəstək olduğunu göstərmişəm. Sübut olunub ki, Azərbaycan kimi ölkələrdə demokratik mübarizə beynəlxalq güclərin dəstəyindən sonra effekt verir. İndiki halda bunlar ölkəmizdə olmadığına görə demokratik mübarizədə bundan artıq nəticələr əldə etmək mümkün deyil”.

AÄ Partiya baÅqanı Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Azərbaycanda uzun müddətdir hakimiyyət dəyişikliyi baş vermir. Müxalifət illərdir ki, nəinki iqtidara gələ bilməyib, ümumiyyətlə idarəetmədə olan bütün rıçaqlarını itirib və hətta hakimiyyətə minimal səviyyədə təzyiq, təsir edə biləcək heç bir imkanı qalmayıb. Təbii ki, bu halın yaranmasında müxalifətin bu günə qədər yürütdüyü yanlış siyasətin rolu ilə yanaşı, hakimiyyətin də sərt xarakterli siyasətinin rolu az deyil. İstənilən halda nəticə odur ki, müxalifət partiyaları artıq 25 ildir ki, iqtidara gəlməyib və bu gün yaşam mübarizəsi verəcək səviyyəyə gəlib çatıb. Sadaladıqlarımı nəzərə aldıqda müxalif sektorda pessimizmin olması normaldır. Həmçinin partiyaların bu uğursuzluqlarının başqa təzahürü kimi hətta narazı elektoratın da müxalifətdən ayrılması və onlara inamının itməsi gələcəyə olan inamı azaldır. Yəni demək istəyirəm ki, biz AĞ Partiya olaraq müxalifət düşərgəsindəki pessimizmi və inamsızlığı görürük. Ancaq qətiyyən bu halla barışmaq və gələcəyə ümidimizi itirmək niyyətində deyilik. Biz inanırıq ki, doğru yürüdülən siyasi xətt, lazımı anlarda verilən soyuqqanlı, obyektiv və qətiyyətli addımlar istənilən an vəziyyəti 180 dərəcə dəyişə bilər. Biz inanırıq ki, AĞ Partiya cəmiyyətə yeni, ləkəsiz siyasi simalar təqdim edə bilsək və onların müxalifətə itmiş inamlarını bərpa edə bilsək vəziyyəti çox qısa müddətdə dəyişə bilərik. Odur ki, biz gələcəyə inamla baxır və öz uğurlarımıza inanırıq. Həmçinin biz müsəlman olaraq Məhəmməd Peyğəmbərin ”ümidini itirən bizdən deyil" düsturunu qəbul edirik və buna sadiqik. Zatən ümidini itirmək döyüşə girmədən məğlubiyyəti qəbullanmaq deməkdir, bizimsə məğlub olmaq fikrimiz yoxdur. Özümüzə və xalqımıza güvənirik və əminik ki, sonda Allah qələbəni haqq edənlərə nəsib edəcək".(“Yeni Müsavat)


Tarix: 24-11-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti