Rusiyanın Qarabağ dilemması - Kremlin iki yolu var


Rəsmi Moskva ya sülh prosesinə, nəhayət, ciddi təkan verməlidir; ya da...; politoloq: “Həmişəki kimi, prosesi yenə Rusiya özü idarə edir...”

Başa çatmaqda olan 2018-ci ildə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında daha bir görüş keçirilə bilər. Məlumatlara görə, budəfəki təmasın gələn aya nəzərdə tutulan ATƏT-ə üzv ölkələrin XİN başçılarının illik toplantısı çərçivəsində, Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə reallaşması gözlənilir.

Lakin bu formatda növbəti bir görüşün də səmərə verməyəcəyi bəri başdan, kifayət qədər aydındır. Çünki əksər politoloqların haqlı olaraq hesab etdikləri kimi, Dağlıq Qarabağ konflikti Ermənistanın yox, Rusiyanın problemidir. O anlamda ki, Moskva istəsə, onun həllini qısa zamanda sürətləndirər - ya özü real diplomatik təşəbbüs göstərməklə, ya da münaqişəyə müdaxilə etməyib Azərbaycana öz ərazilərini işğaldan azad eləməyə göz yummaqla, yəni neytral qalmaqla. Hər iki halda Kremlin istəyi, rus demiş, “dobro”su lazım.

*****

Təəssüf ki, Rusiya nə bu, nə də digər varianta hazır görünür. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra isə Moskva belə görünür k, gözləmə mövqeyi tutub - o cümlədən Qarabağ məsələsində. Rusiya ən azından, işğalçı ölkədə dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini gözləyir - hansı seçkilərdə ki, Paşinyan və tərəfdarlarının qələbəsi şübhə doğurmur.

Lakin seçkidə qələbə hələ hər şey demək deyil. Əksinə, həll olunmamış Dağlıq Qarabağ məsələsi daxil, ən ağır problemlərin birmənalı və “legitim” şəkildə Paşinyan və komandasının çiyninə qoyulması deməkdir. Görək, Ermənistanın hazırkı baş nazir əvəzinin seçkilərdən sonrakı Qarabağ ritorikası necə olacaq: yenə davakar xarakterli olacaq, yoxsa, nəhayət, real müharibə təhlükəsini ciddiyə alıb da konstruktiv mövqeyə köklənəcək?

Lakin aydın məsələdir ki, ikinci varianta İrəvan yalnız xarici təzyiq nəticəsində gedə bilər. Bunu isə Rusiya və ya Qərb edə bilər. Xüsusən də söhbət münaqişənin çözümü üçün əlində real rıçaqları olan Rusiyadan gedir. Bəs Rusiyadan bunu gözləmək olarmı?  

*****

Qabil Hüseynli ile ilgili görsel sonucu

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu xüsusda elə də nikbin deyil. “Mən hələ də özümü inandıra bilməmişəm ki, Rusiya Qarabağla bağlı beynəlxalq hüquq normalarına uyğun həll variantına getməyə hazır olsun”. “Yeni Müsavat”ın məlumatına görə, bunu o, axar.az-a müsahibəsində deyib.

Öz fikrini politoloq belə əsaslandırıb: “Əvvəla, Rusiyada çox güclü erməni lobbisi var. Bu lobbiyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Kələntəryan başçılıq edir. Rusiya XİN Aparatında da erməni diasporu nümayəndələri az deyil. Hələ də Sankt-Peterburq, Kazan görüşlərini çox zaman ”Lavrov planı" deyilən planın adı ilə əlaqələndirməyə çalışırlar. Bu planda isə 5 rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağa aralıq statusun verilməsi fikri öz əksini tapır. Faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycanın tabeçiliyindən çıxarılmasını nəzərdə tutan fikirlər yer alır. Ona görə də hələ ki Rusiyanın təkliflərində diqqətçəkən məqam yer almır".

Politoloqun sözlərinə görə, Rusiya hər zaman öz istiqamətini nədənsə Ermənistan tərəfə çevirir: “Özü də bir balaca həll variantı ilə bağlı Qərb Rusiyanın mövqeyindən fərqli mövqe ortaya qoyanda o saat belə bir fikir ortaya atırlar ki, tərəflərin özləri razılaşmalıdır. Bu da məsələnin həllinə köməklik etmir. Atəşkəsdən 25 ilə yaxın vaxt keçib. Bu müddət ərzində yeni bir nəsil formalaşıb. Hamı görür ki, bu prosesdə Rusiya iştirak edib və indi də bu prosesi özü idarə edir. Ermənistanda bütün hakimiyyət dəyişiklikləri də Rusiyanın xeyir-duası ilə həyata keçirilib. Ermənistanın sərhədləri rus sərhədçiləri tərəfindən qorunur və burada Rusiyanın 2 hərbi bazası var. İşğalçı ölkədəki müəssisələrin çoxu borc müqabilində Rusiyanın nəzarətinə keçib, yəni bu ölkə faktiki surətdə suverenliyinin böyük bir hissəsini Rusiyaya bağışlayıb. Bəzən hətta mətbuatda şərhçilərin belə fikirlərinə rast gəlmək olur ki, Qarabağ Ermənistanın deyil, Rusiyanındır. Rusiya hansı sərəncamı versə, o da həyata keçəcək. Yəni Dağlıq Qarabağa Rusiyada bəzi siyasi dairələr Abxaziya və Osetiyaya baxdıqları kimi az qala öz torpaqları kimi baxırlar”.

Ekspertin fikrincə, Dağlıq Qarabağla bağlı məsələlərə Qərbin, xüsusilə, ABŞ-ın müdaxiləsi güclənsə, bu, həll variantında müəyyən rəqabət mühiti yarada  bilər. “Bu mühitdə isə ola bilsin ki, status-kvonun dəyişdirilməsi ilə bağlı müəyyən ideyalar özünə yol açsın. İndiki şəraitdə həmsədrlərdən biri Fransadır. Bu ölkə tam etibarsız və kifayət qədər ermənipərəst mövqe tutan bir dövlətdir. Rusiya haqqında danışdıq, ABŞ isə mübaliğəli mövqe tutan dövlətdir. Düzdür, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ABŞ-dan qəti hansısa fikir gündəmə gəlmir, amma 7 rayonla bağlı ABŞ-ın fikirləri qəti və birmənalıdır”.

*****

Yaranmış durumda Qarabağ probleminin həll perspektivi baxımından Azərbaycanın hərbi və iqtisadi qüdrətinin, həmçinin qardaş Türkiyə ilə birgə işğalçı Ermənistanın blokadasının daha da sərtləşdirilməsi xüsusi önəm daşıyır və daşıyacaq. Əgər erməni xalqı görsə ki, “Qarabağ klanı” yox, özünün inqilab nəticəsində formalaşdırdığı legitim hakimiyyət də maksimalist tələbləri, “miatsum” ideyasını reallaşdırmaq gücündə deyil və ölkə uçuruma yolunu davam edir, o zaman ermənilərin ən çox ümid bəslədiyi, yeganə şans saydığı Ermənistanın “demokratik hökuməti” üçün Azərbaycan və Türkiyə ilə dil tapmaqdan savayı yolu qalmayacaq.

Odur ki, 9 dekabr seçkilərinin nəticələrini, daha dəqiqi, ondan sonra Ermənistanın yeni hökumətinin izləyəcəyi Qarabağ siyasətinin nədən ibarət olacağını gözləyək. Əgər bu siyasət Sərkisyan-Köçəryan tanediminin siyasətindən ciddi fərqlənməyəcəksə, o zaman İrəvan 2016-cı ilin aprel sindromundan da fəlakətli nəticələrə hazır olmalıdır. Çünki Azərbaycan problemin dinc həlli naminə işğalçı tərəfə sonsuz sayda düşünmək fürsəti verə bilməz. Verməyəcək. Bu seçkilər son şansdır. Təkcə Paşinyan üçün deyil, bütövlükdə erməni xalqı üçün...

Siyasət şöbəsi

Tarix: 26-11-2018, 09:01
Xəbəri paylaş





Xəbər lenti