Siyasətdə də məntiq olmalıdır, ya yox?..


Əslində bu əvvəldən gözlənilirdi. Sadəcə, belə tezliklə baş verəcəyini kimsə güman etmirdi.  Hamıya olmasa da, mütəxəssislərə aydın idi ki, İrana qarşı yeni sanksiyalar tətbiq ediləndən sonra ABŞ-ın ilk addımlarından biri neftin kəskin bahalaşmasının qarşısını almaq, onu kəskin ucuzlaşdırmaq olacaq.

Bu, əlbəttə, Vaşinqtona ölkələr, xüsusən də ən yaxın müttəfiqlər arasında İrana qarşı tətbiq olunan sanksiyalardan yarana biləcək narazılığı aradan qaldırmaqçün, həm də Tehrana daha bir zərbə vurmaq üçün lazım idi, çünki İran da hələ məhudiyyətlərlə olsa da, neftini satmaqda davam edir, hətta kritik anda Hörmüz boğazını bağlayacağını belə deyir.

ABŞ-ın hətta jurnalist C.Qaşıqçının müdhiş ölümündən sonra Səudiyyəylə “oynamaqda” davam etməsi də təkcə Vaşinqtonun siyasətindəki daimi ziddiyyətlərlə, çoxstandarlıqla bağlı, ya da böyük hərbi sifarişləri itirməmək üçün deyildi, Səudiyyə ABŞ-a neft bazaranı idarə etmək üçün lazım idi.

Səudiyyə şeyxləri üçün də bu göydəndüşmə früsət oldu. Düzdür, Qaşıqçıya görə onların məşhər ayağına çəkiləcəyini heç kim güman etmirdi, ən azı ona görə ki, Qaşıqçının ölümündən bir neçə həftə sonra orada daha bir jurnalistin məhbəsdə ölməsi xəbəri yayıldı, sadəcə, ilk olay daha müdhiş olduğundan, xüsusən də Ankaranın məsələni ciddi şəkidlə gündəmdə saxlaması ucbatından Qaşıqçı olayı ikinci hadisəni kölgədə saxladı.

Hətta C.Qaşıqçı olayı olmasaydı belə hamı çox gözəl bilirdi ki, Səudiyyə feodal tipli bir ölkədir.

Elə məsələnin də paradoksallığı bundadır-əlbəttə siyasətdə məntiqdən daha çox motiv və maraq axtarmaq lazım gəlir. Amma ən azı formal baxımdan müxtəlif strukturlarda bu və ya digər olayı əsaslandırmaq, bir növ ona haqq qazandırmaq lazım gəlir.

Məsələn, elə İran ətrafındakı prosesləri götürək. Əlbəttə, İran rejimi nə deməkdir və o, region, hətta uzaq ölkələr üçün özündə hansı təhdidləri ehtiva edir - bu da aydın məsələdir, hərçənd, Vaşinqton daim vurğulayır ki, onların məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaq deyildir.

Bu da anlaşılan məsələdi: aydındır ki, İran cəmiyyəti indiki rejimdən canını qurtara bilsə normal dövlətə çevriləcək və inkişaf etməyə başlayacaq, ən əsası da ABŞ özünə çox gərəkli olan “xortdan obrazları”ndan birindən məhrum olacaq. Amma olsun, indi biz bunun elə də fərqində deyilik.

Bəli, Vaşinqton daim iddia edir ki, Tehran terrora dəstək verən, onu maliyyələşdirən, regiondakı sabitliyi pozan ölkədir və ona görə də onun nüvə silahını əldə etməsini əngəlləmək lazımdı. İranlılar demişkən: xub!

Fəqət, sual yaranır: bəs Səudiyyə necə bir ölkədir? Son olayları bircə tərəfə qoyuruq, hətta Qaşıqçı olayını da unuduruq, amma başqa detallar da var axı...

Məsələn, 11 sentyabr hadisəsini törədənlərin çoxu məhz Səudiyyə vətəndaşları idi. Hesablanıbdır ki, son 10-20 ildə Səudiyyə təkcə vəhabiliyin təbliği üçün 100 milyard dollardan artıq vəsait xərcləyibdir. Bəs bunları necə yozaq? Nədən Vaşinqton bunları görmür və D.Tramp bu ölkənin də iştirak edəcəyi regional hərbi alyans - “ərəb NATO - su” yaratmağı düşünür. Əlbəttə, Vaşinqtonun motivləri aydındır - belə bir alyans yaranarsa o, ABŞ-ın əlində oyuncaq olacaq və həm də çox böyük hərbi sifarişlər demək olacaq. Bundan yaxşısınısa fikirləşmək olmaz: bir tərəfdən silahı satırsan, digər tərəfdən də onun kimə qarşı və necə tətbiq olunmasını da özün müəyyən edirsən...

Ona görə də burada bizim azərbaycanlıların məşhur kəlamı yada düşür: hamısı oyundur...

Ziyanı da ki, əlbəttə, neft ölkələri çəkəcək və çox təəssüf ki, onların bu prosesə təsir etmək üçün imkanları məhduddur: bir Rusiya nəsə çabalayır, amma burada əsas amil bazara çıxarılan həcmlərdir, onlar da təəssüf ki, ABŞ-ın və müttəfiqlərinin sərəncamındadır...

Bədbəxtlikdən Azərbaycan da neft ölkəsdir və neft gəlirləri büdcəni formalaşdıran əsas amillərdəndir. Odur ki, artıq indidən həyəcan siqnalı çalınır.

Nə etmək olar? Əlin heç yerə çatmayanda əlbəttə ki, yalnız və yalnız yaxşıya ümid etmək qalır. Düzdür, mütəxəssislər guya alternativlər təkif edirlər, amma Azərbaycan iqtisadiyyatının diversifikasiyası, başqa səmtə istiqamətləndirilməsi qısa müddətin işi deyil: bu istiqamətdə də çox işlər görülür, di gəl, hələki iqtisadiyyatımızın heç bir sektoru neftlə rəqabətə girmək gücündə deyil. Bəli, bu, acı reallıqdır...

Hüseynbala Səlimov
Tarix: 27-11-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti