““Yeni qüvvəyəm” deməklə yeni müxalifət olmaq mümkün deyil” - politoloq


“Cəmiyyəti fəallaşdıra bilmirsənsə, köhnə təşkilatlar və liderlərdən fərqlənmirsən” 

Azərbaycanda mövcud olan müxalif siyasi partiyaların əksəriyyəti xalq hərəkatından çıxmış qüvvələrdir. Zamanında onlar imkanları çatdığı qədər aktivlik göstəriblər. Lakin hazırda elə də ciddi fəaliyyətləri nəzərə çarpmır. Belə bir vəziyyətin yeni müxalif siyasi qüvvənin və yeni müxalif liderin meydana gəlməsini şərtləndirdiyi tez-tez bəyan edilsə də hələ bu da reallaşmır. Bununla belə, artıq bəzi qüvvələr özlərinin yeni müxalif qüvvə elan ediblər. Amma bu qüvvələr də elə köhnə - özünü tükətmiş müxalifətin şinelindən çıxan, zamanında ənənəvi müxalifət partiyalarında aşağı postlarda təmsil olunmuş şəxslərdir.

Politoloji və praktiki olaraq onları siyasətdə “yeni qüvvə” kimi qəbul etmək də absurd görünür.

Məsələn, vaxtilə AMİP-də təmsil olunan, daha sonralar partiyadan ayrılan və nəhayət, özünə partiya yaradan İlqar Məmmədov özünü və rəhbərlik etdiyi REAL Partiyasını yeni müxalifət qüvvəsi kimi təqdim edir. Digər bir-iki belə partiya və partiya lideri də var. Diqqəti cəlb edən incə bir məqam ondan ibarətdir ki, özlərini yeni müxalif qüvvə elan edənlərin özləri uzun illər 1990-cı illərdə yaradılmış partiyalarda müxtəlif vəzifələrdə təmsil olunublar. Yenə İlqar Məmmədovu nümunə göstərə bilərik. O, AMİP-in katiblərindən biri olub. Bir zamanlar Müsavat Partiyasında və AXCP-də olub indi özünü yeni müxalif qüvvə kimi təqdim edənlər də var.

Bəs belə qüvvələri yeni müxalif qüvvələr hesab etmək olarmı?

Politoloq Natiq Miri bildirdi ki, “yeni qüvvələr” yalnız hansısa yeni insanların, heç zaman siyasətdə olmayan adamların qəfildən siyasətə qoşulması kimi başa düşülməməlidir. Yeni müxalif qüvvə hər kəsin tanıdığı siyasi partiyalardan yeni ideoloji xətti əsas elan edib çıxanlar da ola bilər. Bir şərtlə ki, həmin qüvvələr fərqliliklər meydana qoysunlar. Fərqlilik yoxdursa, təbii ki, onlar yeni qüvvə hesab oluna bilməzlər: “Yeni müxalif qüvvə yeni siyasi xətti, yeni ideologiyanı əsas götürüb hərəkət edən qüvvələrdir. Nə qədər ki, bu yoxdur, əvvəllər hansısa partiyalarda aşağı ranqlı vəzifələrdə olmuş adamların yaratdıqları siyasi təşkilatlar yeni müxalif qüvvə sayıla bilməz. Həmin təşkilat yeni xətt, yeni fəaliyyət, yeni yanaşmalar ortaya qoymayıbsa, onu yeni müxalif qüvvənin meydana çıxması kimi qəbul etmək yanlışdır. Bizdə əksər partiyalar demək olar ki, avtoritar üsulla idarə olunduğu üçün əsasən partiyanın sədrləri öndə olur. Digərləri birinci şəxsin kölgəsində qalırlar. Əgər bu gün özünü yeni qüvvə elan edən partiyada da belədirsə və həmin partiyanın digər partiyalardan fərqli ciddi bir fəaliyyəti ortada yoxdursa, onu yeni müxalif qüvvə hesab etmək düzgün deyil. Özünü yeni qüvvə elan edən təşkilat, təşkilat rəhbəri özü ilə yeni bir dalğa, yeni mübarizə metodu, yeni təşkilatlanma üsulu gətirmirsə, onun nəyi yeni müxalifət qüvvəsidir? İkincisi, yeni qüvvəni, yeni lideri cəmiyyət özü öz içərisindən çıxarır. Biz son illərdə Azərbaycanda bunun şahidi olmamışıq. ”Mən yeni müxalifətəm, yeni müxalifət lideriyəm" deməklə yeni müxalif qüvvə olmaq mümkün deyil. Cəmiyyəti cəlb edə bilmirsənsə, ətrafına toparlaya, fəallaşdıra bilmirsənsə, sən də elə köhnə təşkilatlar və liderlərdən fərqlənmirsən".

Ekspert qeyd etdi ki, cəmiyyətdə siyasi partiyalara artıq inam qalmayıb, özünü yeni qüvvə kimi təqdim edənlər də bu inamı qazana bilmirlər: “İkincisi, hakimiyyətin siyasi partiyaların fəaliyyəti üçün yaratdığı dözülməz şəraitin özü də bu vəziyyəti yaradan faktorlardandır. Bir çox siyasi partiyalar isə hansısa xarici mənbələrdən maliyyələşdiyi və idarə olunduğu üçün cəmiyyət onları özününkü hesab edə bilmir. Problemlərdən biri budur. Məsələn, özünü yeni qüvvə kimi təqdim edən İlqar Məmmədovu Azərbaycan cəmiyyəti özününkü saya bilmir. Ona görə də onun partiyası kimi partiyalar kütləviləşə, ictimailəşə bilmirlər. İnsanlar onların ətrafında toparlanmır, onlara laqeyddir.

İstər köhnə partiyalar, istər yeni yarananlar öz içlərinə qapanmış lokal qruplardan ibarət kiçik siyasi dairəni xatırladırlar. Ona görə də onların təsir gücləri yalnız həmin dairədən kənara çıxmır. Onların qəbul etdiyi qərarlar kütləviləşə, ictimailəşə bilmir. Çünki xalqdan çox uzaq qalıblar. Hərə öz kabinetində 5-10 nəfərlə iclas keçirməklə Azərbaycan ictimaiyyətində yeni fikir yarada, özünü yeni qüvvə kimi qəbul etdirə bilməz. Qəbul olunmaq üçün cəmiyyətin içinə çıxmaq lazımdır, xalqla yaxından təmasda olmaq lazımdır. Gedib hansısa rayonda beş nəfər partiya üzvü ilə görüşüb iclas keçirmək xalqla təmas deyil. Nə qədər ki, belə siyasət yürüdülür, kiminsə yeni qüvvə kimi qəbul edilməsi və ictimailəşməsi mümkün deyil".

Etibar SEYİDAĞA

Tarix: 27-11-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti