“Rus NATO”-sundan Qarabağ gözləntisi


“Rus NATO”-sundan Qarabağ gözləntisi

Belarus və Qazaxıstan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmağa çağırır. Artıq bir müddətdir ki, bu məsələ gündəmdədir və neçə vaxtdır ciddi  müzakirə predmetinə çevrilib. Azərbaycanın KTMT-yə üzv olması məsələsini ilk dəfə geniş auditoriyada müzakirəsinə səbəb olan açıqlamanı isə deputat Əli Hüseynli Milli Məclisdə səsləndirmişdi. 

Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Milli Məclisin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli bildirmişdi ki, Azərbaycanın KTMT-də iştirakına baxılması məqsədəuyğun olardı. Bu açıqlama birmənalı qarşılanmasa da, hazırda Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi daha geniş miqyasda- dövlətlər səviyyəsində müzakirə olunur. Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) nümkün üzvlüyü barədə danışarkən maraqlı fikirlər səsləndirib: “Hər hansı bir təşkilata üzvlük ölkənin suveren hüququdur. Yəni, hər şey suveren ölkələrin özündən asılıdır. Təəssüf ki, bütün Qafqaz ölkələri hamısı zaman-zaman münaqişəyə cəlb olunublar. Qazaxıstan  bu ölkələrə dost, qardaş  münasibət bəsləyir və istənilən qarşıdurmanın əleyhinədir. Bizim mövqeyimiz belədir ki, bütün məsələlər sülh, qarşılıqlı anlaşma, etimad və razılaşma əsasında  həllini tapsın. Qazaxıstan beynəlxalq təşkilatlar və KTMT çərçivəsində bunun üçün bütün səyləri göstərir”-deyə, nazir bildirib.

Belarusun da Azərbaycana qarşı mövqeyi heç kimə sir deyil. Hətta aprel döyüşləri zamanı KTMT üzvü olmasında baxmayaraq Belarus Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətini pisləyən sərt bəyanatla çıxış etdi. Belarus rəsmiləri Azərbaycanın KTMT-də təmsil olunmasının vacibliyini dəfələrlə açıq şəkildə vurğulayıb. Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitindədir. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın bu platformada təmsil olunması rəsmi Bakının KTMT-də iştirakını mümkünsüz edir. Ekspertlər hesab edir ki, Bakı  bu platformaya ancaq o zaman qoşula bilər ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Maraqlıdır, Azərbaycan KTMT-yə üzv olarsa, bu Qarabağ probleminə necə təsir göstərə bilər?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağ məsələsi həll olmayana qədər mümkün deyil:

“Qazaxıstan və Belarus Azərbaycana yaxın qardaş, dost ölkələrdir. Birinci Qarabağ müharibəsində Qazaxıstan Azərbaycanın yanında idi. Aprel müharibəsində də  Qazaxıstan və Belarus Azərbaycanın haqq işini müdafiə etdilər. Qazaxıstan və Belarus Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyirlər. Qardaş və dost ölkələr Qazaxıstan və Belarusun Azərbaycanı KTMT-yə dəvətinə görə təşəkkür edirik, lakin Azərbaycan ərazi bütövlüyünə qovuşmayana qədər KTMT-yə üzv olmalıdır. Nə qədər ki, Rusiya işğalçı Ermənistanin arxasında duracaq,  Azərbaycan Kremlin olduğu hər hansı hərbi, siyasi blokda yer almamalıdır. Rusiya həqiqətən Azərbaycanın KTMT və Avrasiya İttifaqına gəlməsini çox istəyirsə, Qarabağ münaqişəsinin həllinə mane olmasın. Əks halda Azərbaycanın KTMT-yə üzvlüyü MDB-yə üzvlüyü kimi formal xarakter daşıyacaq və Bakı üçün heç bir xeyri olmayacaq. Moskvaya konkret deməliyik ki, ancaq torpaqlar qaytarılsa  Azərbaycan Rusiyanın rəhbərlik etdiyi siyasi-iqtisadi-hərbi bloklarda yer ala bilər”.

Politoloq Ehtiram Aşırlı də bildirib ki, Azərbaycanın işğalçı ölkə ilə bir qurumda təmsil olunması mümkünsüzdür: 

“Belarus və Qazaxıstanın Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəvət etmələrinə normal baxmalıyıq.  Hər iki dövlət istəyər ki, Azərbaycanla eyni təşkilatda təmsil olsun. Çünki hər iki ölkənin Azərbaycanla münasibətləri dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsindədir. Bu baxımdan beynəlxalq aləmdə siyasi, iqtisadi, mədəni və  diplomatik sahədə öz sözünü deyən bir ölkənin KTMT kimi qurumda təmsil olunmasını istəyərlər. Azərbaycan bu quruma üzv olsa o təşkilatın gücünə güc qatmış olacaq. Bunu Qazaxıstan, Belarus kimi dövlətlər də çox gözəl başa düşürlər. Lakin hesab edirəm ki, Azərbaycanın müşahidəçi qismində çıxış etməsi daha məqsədəuyğun olardı. Xüsusilə Azərbaycan  qoşulmama hərəkatının üzvüdür. Digər tərəfdən də Azərbaycan tərəfi yalnız o zaman bu quruma üzv ola bilər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin və torpaqlarımızı tərk etsinlər. Əks halda Azərbaycanın işğalçı ölkə ilə bir qurumda təmsil olunması mümkün deyil”. 

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Kremlin bu istiqamətdə planı var: 

“Kreml Azərbaycanla yüksək səviyyədə əlaqələrə malik Belarus və Qazaxıstan prezidentlərini Azərbaycanı bu təşkilata üzv etmək üçün  yönləndirib. Hesab edirəm ki, Moskva əgər bu işdə səmimidirsə, ilk növbədə Azərbaycanın şərtini də nəzərə almalıdır. Göründüyü kimi Kreml Qarabağ münaqişəsində Azərbaycana dəstək verməkdən yayınır, problemi KTMT müstəvisinə gətirmək istəmir. Onda Azərbaycan belə çıxır ki, işğalçı bir ölkə ilə eyni müttəfiq olacaq. Bu yolverilməzdir. Əgər ölkəmiz bu təşkilata üzv olacaqsa, Kreml konfliktin ədalətli həllinə yenə yanaşmayacaq. Əvvəlki siyasətini davam etdirəcək. Rusiya Qarabağ münaqişəsinin həllinə hazır deyil. O, hələ yeni münaqişə ocaqları yaratmaqla məşğuldur. Nə qədər ki, erməni lobbisi Rusiyada güclüdür, Rusiya Ermənistandadır, Kreml bu işə öz töhfəsini verməyəcək”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 28-11-2018, 22:55
Xəbəri paylaş





Xəbər lenti